Erməni dövlətçiliyini nə Rusiya xilas edəcək, nə də Qərb - GƏLİŞMƏ

Erməni dövlətçiliyini nə Rusiya xilas edəcək, nə də Qərb

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan maraqlı aşıqlama verib. O, öz xalqını “dənizdən-dənizə Böyük Ermənistan” sayıqlamasından birdəfəlik imtina eləməyə çağırıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə o, yerli mediaya müsahibəsində deyib.

“Biz keçmişin dərslərindən faydalanmalı, müvafiq nəticələr çıxarmalıyıq. ”Dənizdən-dənizə böyük Ermənistan", “Kürdən Araza qədər ölkə” ideyalarını unutmaq lazımdır", - eks-prezident söyləyib. Onun sözlərinə görə, kimsə hakimiyyətə gələndə ölkədəki vəziyyəti, qonşularla hansı problemlərin olduğunu, ölkənin hansı xarici təhdidlərlə qarşılaşdığını dəqiq bilməli və bu problemləri realistik yollarla həll eləməyə çalışmalıdır.

“Xəyallarla yaşamaq yetkin olmayan cəmiyyətlərə xasdır. Böyük dövlətlərin ətrafında nəhəng institutlar, analitiklər, tədqiqat qurumları işləyir, hər bir detala diqqət yetirilir. Yəni siyasi addımların müsbət və mənfi tərəfləri qiymətləndirilir. Bu yanaşmaya hələ uyğunlaşmamış insanlar dövləti idarə edə bilməzlər”, - deyə eks-prezident bildirib və qeyd edib ki, ötən 30 il ərzində Azərbaycan öz iqtisadiyyatını gücləndirib, Ermənistan isə zəifləyib, ordusu kiçilib.

O, sirr açmaq istəmədiyini, lakin bugünkü Ermənistan ordusunun heç 90-cı illərdəki ordu səviyyəsində də olmadığını söyləyib. “Nə Robert Köçəryan, nə Serj Sərkisyan, nə də Vazgen Sarkisyan anlamadılar ki, zamana arxayın olmaq olmaz”, - Ter-Petrosyan əlavə edib.

*****

Bu yerdə yada salaq ki, məhz Levon Ter-Petrosyanın prezident olduğu dövrdə - 1997-ci ildə Rusiya ilə 50 illiyinə strateji müttəfiqlik müqaviləsi imzalanıb. Təbii ki, Azərbaycan və Türkiyə “təhlükəsinə” qarşı. Yəni əslində belə bir təhlükə heç vaxt olmayıb, indi də yoxdur. Sadəcə, bu yolla rəsmi İrəvan Azərbaycan torpaqlarının, Dağlıq Qarabağın işğalına haqq qazandırmaq, ardınca isə işğalı rəsmiləşdirmək niyyəti güdürdü.

Nəticə ortadadır. Rusiya ilə imzalanan vassal müqaviləsi Ermənistanın suverenliyi və müstəqilliyini artırdımı? Onun xalqına firavanlıq gətirdimi? Əsla. Obrazlı ifadə eləsək, “İt də getdi, ip də”. Yəni Ermənistan nə Rusiya hesabına öz ərazilərini zorla genişləndirə bildi, nə də təhlükəsizliyini və dövlətçiliyini möhkəmlətdi. Əksinə, itirilən 30 ilin yekunu kimi tam “iqzoy”, əhalisi miskin gündə yaşayan, Moskvadan tam asılı, üstəgəl, heç yerdə sözü keçməyən kölə ölkəyə çevrildi.

Nəticə həm də o odur ki, rəsmi İrəvan 44 günlük müharibədən sonra Azərbaycanla yeni sərhədini də az qala, Rusiyaya həvalə eləmək zorunda qalıb. Və nə qədər qəribə də olsa, beynəlxalq hüquqa, özəlliklə ölkələrin ərazi bütövlüyü və sərhəd toxunulmazlığına sayğı barədə indi İrəvanda Bakıdan çox danışırlar.

*****

Məsələ də ondadır ki, Ermənistan dövlətçiliyinin tək qarantı nə Rusiya və onunla imzalanan 50 illik vassalıq müqaviləsidir, nə də Qərb. Qarant Azərbaycandır, Azərbaycan olacaq, onunla imzalanacaq böyük sülh müqaviləsi olacaq! Sonra isə digər mühüm qonşu Türkiyə ilə əlaqələrin beynəlxalq hüquq normaları əsasında normal hala salınması olacaq. Dərin böhran yaşayan Ermənistan iqtisadiyyatı da yalnız o halda dirçələcək. Ölkədən böyük köç yalnız o halda dayanacaq. Məhz o halda ermənilər adam kimi yaşayacaqlar.

Bundan ötrü isə Levon Ter-Petrsoyanın çağırış elədiyi kimi, təcili şəkildə sərsəm “Böyük Ermənistan”, “miatsum” xülyalarından həmişəlik imtina edilməli, saxta Ermənistan tarixi kitablarından bu cəfəngiyyatlar təcili çıxarılmalıdır. Ki, heç olmasa, bundan sonrakı erməni uşaqları, gənc nəsil normal tərbiyə alıb böyüsün, nəinki Türkə patoloji nifrət ruhunda beyinləri zəhərlənsin.

Əfsus ki, Ermənistanda bu yöndə dərk çox ağır gedir. Diqqət edin, erməniləri “Böyük Ermənistan” ideyasından imtinaya çağıran Ter-Petrosyanın “Erməni Mili Konqresi” partiyası son rəy sorğularına görə, elektoratın cəmi 1% dəstəyinə malikdir və son yerlərdən birini tutur. Demək, qonşu xalqın mənəvi “reabilitasiyasına” hələ var. Hər halda, 20 iyun seçkilərini gözləmək lazımdır. Bəlkə möcüzə baş verdi...

*****

Bu arada məşhur erməni bloger Roman Baqdasaryan öz millətinin heç vaxt eşitmək, qəbul etmək istəmədiyi dəhşətli faktları açıqlayıb (Axar.az). O, əvvəlcə özünün birbaşa efiri zamanı Qarabağla bağlı bütün həqiqətləri xəritələrlə izləyicilərinə çatdırıb, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə bağlı maraqlı faktlar açıqlayıb və 30 ildə yalnız saxtakarlıqla və aldanma ilə məşğul olanların adlarını çəkib.

Bloger çıxışında 1988-ci ilə qədər Qarabağ ərazisində yaşayan ermənilərin dəqiq sayını açıqlayaraq, maraqlı bir məqama diqqət yönəldib: “Həmin dövrdə orada 150 mindən çox erməni yaşayırdı. Bu ermənilərin təhtəlşüur səviyyəsində beyinlərinə yeridilirdi ki, guya onların hüquqlarını Azərbaycan qorumur və Bakı guya Qarabağın inkişafına əngəl yaradır. Guya Bakı oradakı ermənilərin sayını azaltmağa çalışıb. Əsas ideya isə Azərbaycanın tərkibindən çıxmaq idi. Bu baş verdi, amma... Çoxları bilmir ki, o illərin rəsmi məlumatlarına görə, Köçəryan və Sərkisyanın hakimiyyəti dövründə (Qarabağa nəzarət Ermənistanda olduğu dönəm - red.) ”artsaxlı-erməni"lərin sayı 150 mindən 80 minə qədər azalıb. Təsəvvür edin, oradakı insanlar, hansılar ki, bir ağızdan deyirdilər, guya Azərbaycan onlara inkişaf etməyə, normal yaşamağa imkan vermir, həmin ərazilərə nəzarət İrəvana keçəndən sonra Qarabağdan başlarını götürüb qaçdılar. Rusiyaya qaçdılar. Bir sözlə, Köçəryan və Sərkisyan həmin illərdə öz xalqının “ağ soyqırım” aktını həyata keçirdi".

O, Qarabağ Ermənistanın nəzarətinə keçəndən sonra baş verən cinayətlərlərdən də danışıb: “Qarabağın bütün təbii ehtiyatları İrəvan tərəfindən oğurlanaraq xaricə satıldı. Biz Qarabağda hər şeyi məhv etməyə çalışırdıq. Həmin dövrdə Martakertdən (Ağdərə - red.) İrəvana, daha dəqiq desək, cəllad və oğruların ciblərinə böyük qızıl ehtiyatlarından gələn gəlirin axmasına dair onlarla sübutlar var. Bu pullardan bir qəpik də Ermənistanın büdcəsinə keçirilməyib. Eyni sözləri Qarabağın ağacları haqqında da demək olar. Bütün meşələr məhv edilirdi, pullar isə yenə Köçəryan və Sərkisyan ciblərinə gedirdi”.

Bağdasaryan deyir ki, ermənilər hər yerdə belə deməyə öyrəşiblər: guya 1988-ci ilə qədər Qarabağ erməniləri üçün Azərbaycanın tərkibində yaşamaq çox çətin idi: “Amma əslində Qarabağ məhz Ermənistanın nəzarətinə keçdikdən sonra boğulmağa başladı. Bundan başqa, Ermənistan tərəfi o dövrdə bütün Qarabağ üzrə su elektrik stansiyaları tikməyə başladı. Bu su elektrik stansiyalarından çıxan çirkab tullantıların hamısı oradakı çaylara axıdıldı. Biz, sadəcə olaraq, Qarabağı zəhərləməklə məşğul idik. Yeri gəlmişkən, bütün bu su elektrik stansiyaları Daşnaksütyun Partiyasının üzvlərinə məxsus idi. Biz bunu bilməliyik və hər şeyi Paşinyanın üstünə yıxmaqdansa, bir az bu faktlar barəsində danışmalıyıq”.

Təkcə danışmaq yox, həm də nəticə çıxarmaq lazımdır. Özü də təcili. Zaman çoxdan ermənilərə işləmir...
“Yeni Müsavat”






Fikirlər