Livanlı Abraham qanun qarşısında: Ermənistanın müharibəyə cəlb etdiyi MUZDLU ORDUSU...
Eulcekcian Viken Abraham: 1979-cu il təvəllüdlü Livan vətəndaşı.
29 sentyabr 2020-ci il tarixinə qədər Beyrutda yaşayırdı. Livan vətəndaşı Hovak Kikiyanın ilkin ödəniş kimi təklif etdiyi 2500 ABŞ dolları qarşılığında Qarabağda işğalçı erməni silahlı birləşmələrinin tərkibinə qatıldı.
Azərbaycan dövlət sərhədini pozaraq, Qarabağa gələn Abraham Ordumuz tərəfindən ələ keçiriləndən sonra istintaqa təhvil verildi. Yekunlaşan istintaq materiallarına görə, Livan vətəndaşı Eulcekcian Viken Abraham və muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.
Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham edilir. Məhkəmə qarşısına çıxarılacaq.
O, 44 günlük müharibədə Ermənistanın döyüşlərə cəlb etdiyi minlərlə muzdludan biridir. İndi qanun qarşısında cavab verməli olacaq, hərçənd, BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”nı ratifikasiya edən Ermənistan minlərlə muzdlunu müharibəyə cəlb etdiyinə görə hələ də cavab verməyib.
Ermənistanın 44 günlük müharibədə minlərlə muzdlunu döyüşlərə cəlb etməsi faktları fonunda bu ölkənin hərbi-siyasi rəhbərliyinin 2 minə yaxın cəsədi morqda saxladığına dair yayılan fotolar diqqət çəkir. Məlumatlara görə, gizlədilən cəsədlər döyüşlərə cəlb edilən muzdluların cəsədlərdir.
Ermənistan hökuməti bununla müharibəyə muzdluların cəlb edilməsi faktını gizlətməyə çalışır.
Livan, Suriya, Rusiya, Gürcüstan, Ukrayna, Avropa ölkələri, ABŞ, hətta Latın Amerikası ölkələri...
Ermənistanın müharibədə bu ölkələrdən muzdlular gətirdiyinə dair kifayət qədər faktlar var. Qarabağa gətirilən muzdlular əsasən iki kateqoriyaya bölünürdü: “könüllü” adı ilə gətirilənlər və peşəkar muzdlular.
“Könüllü” adlandırılan muzdlular başqa ölkələrin vətəndaşı olan ermənilərdir. Onların ölkəyə gətirilməsindən tutmuş, döyüşmək müqabilində ödənilən pula qədər bütün xərci Ermənistan dövləti həyata keçirirdi.
Ermənistanın Diaspor İşləri üzrə komissarı Zare Sinanyan “Sputnik Ermənistan”a bildirirdi ki, “könüllülər” əsasən Rusiyadan gəlir, bununla yanaşı, ABŞ, Fransa, Ukrayna və Orta Şərqdən də gələnlər var.
Onun sözlərinə görə, başqa ölkələrdə yaşayan erməni soyadlı vətəndaşlar Ermənistan hökumətinin təşkilatçılığı və maliyyəsi ilə gətirilir: “Onlar gəlməzdən qabaq siyahılar hazırlayır, problemlərini və hökumətdən istəklərini yazılı şəkildə təqdim edirlər”.
Sinanyan etiraf edirdi ki, “könüllü” adı ilə gətirilən ermənilər şəxsi problemlərinin həlli, yaxud maliyyə çətinliklərinin Ermənistan hökuməti tərəfindən ödənilməsi qarşılığında döyüşə qatılıblar.
Fransa mediası - rfi.fr saytı yazırdı ki, aralarında peşəkar döyüşçülərin də olduğu “könüllü” dəstə Xankəndidədir. Livan, Suriya və Latın Amerikasından gələn yaşı 30-dan çox olan “könüllü”lərin döyüşlərə qatılmazdan əvvəl qısamüddətli təlim keçirlər. Hətta “könüllü” muzdluların sayı o qədər çox idi ki, bir hissəsi İrəvanda gözləmədən saxlanılırdı.
Rusiya vətəndaşı olan Vaqan adlı erməni “Kommersant” nəşrinə bildirirdi ki, ailəsini Rusiyada qoyaraq döyüşlərə qatılıb. 55 yaşlı Vaqan Rusiyada gətirilən erməni əsilli muzdluların dəstəsinə rəhbərlik edirdi.
Rusiya qanunvericiliyinə görə, başqa ölkələrdəki müharibədə iştirak edən vətəndaşları muzdlu döyüşçü sayılır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsində qeyd olunur: “Federal qanunda nəzərdə tutulmayan silahlı birləşmədə iştirak, habelə bu dövlətin qanunvericiliyində nəzərdə tutulmayan xarici dövlətin ərazisindəki silahlı birləşmədə iştirak, Rusiya Federasiyasının qanunvericiliyində nəzərdə tutulmayıb və bu, Rusiyanın maraqlarına ziddir. Bu əməli törədənlər 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Adının çəkilməsini istəməyən Rusiya vətəndaşı erməni “Dezertir s infovoynı” teleqram kanalına verdiyi müsahibədə əvəllər Çeçenistan və Osetiyada döyüşdüyünü, hazırda Qarabağdakı döyüşlərdə 1500 dollar məvacib müqabilində döyüşdüyünü bildirirdi.
Eyni məqsəd üçün Rusiya ilə yanaşı, digər ölkələrdən gələn ermənilərlə bağlı də beynəlxalq mediada məlumatlar var.
“France24” kanalı Qarabağda döyüşən erməni əsilli fransız muzdlular haqqında materialında Fransa vətəndaşı, Val-de-Marne departamentindəki Alfortville şəhərində yaşayan Sipan Muradyandan bəhs edir. Onunla birlikdə Sipan Koroqlyan və Fransadan olan digər ermənilər də döyüşlərdə iştirak edirdi. Həmin videomaterialda ABŞ və Fələstindən olan 15 erməninin Fransadan olan ermənilərlə eyni düşərgədə təlim keçdiyi görüntüləri yer alırdı.
“Röyters” agentliyi də Ermənistan Müdafiə Nazirliyinə istinadən yazırdı ki, xarici ölkələrdəki erməni diasporunun üzvləri Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün gəlirlər.
“ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib. Ermənistana təxminən 140 min ermənini yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib”, - agentlik yazır.
Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan da etiraf edirdi ki, 20-dək erməni döyüşmək üçün Ermənistana gedib. 2020-ci ilin 4 avqustunda Beyrutda baş verən partlayışdan sonra Dağlıq Qarabağa köçürülən ermənilər də müharibədə döyüşçü kimi istifadə olunurdu. Misal üçün, yayda Livandan gələn Vartkes Qarabağdakı döyüşlərdə iştirak edən livanlılardan biri idi.
“Könüllü” adı ilə gətirilən muzdluların bir çoxu 1985-ci ildə ləğv edilən, lakin ideoloji olaraq hələ də mövcud olan ASALA terror təşkilatının üzvləridir. “Liberation” qəzeti yazırdı ki, ASALA-nın Fransada yaşayan üzvü Qilbert Minasyan muzdlu dəstələrlə birlikdə döyüşlərdə iştirak etmək üçün Qarabağda yollanıb.
Bu ilin 16 may tarixində Suqovuşanda ASALA-ya məxsus anbarın aşkarlanması da müharibədə terrorçuların döyüşdüyünü təsdiqləyə faktlar sırasındadır.
Erməni əsilli “könüllü” adı altında gizlənən muzdlularla yanaşı, peşəkar muzdluların da II Qarabağ müharibəsində erməni silahlı birləşmələrinin tərkibində döyüşdüyünə dair faktlar mövcuddur.
Müharibənin gedişində Rusiyada “infodeserteur/127” teleqram kanalının müəllifi Kiril Krivoşeva yazırdı ki, bəzi ruslar Qarabağda muzdlu kimi döyüşməyə gedirlər: “Belə oğlanlardan biri ilə tanış oldum. Danışır ki, o, muzdludur, amma hansı qruplaşmaya bağlı olduğunu demədi. Ermənilər üçün döyüşməyə hazırlaşır və maaşının yüksək – 1500 dollar olduğunu deyir”.
Muzdlu döyüşçülərin daşınmasına dair faktlardan biri 06.10.2020 tarixində ortaya çıxdı.
“İnfo24.ru” saytı yazırdı ki, Livanın paytaxtı Beyrutdan İrəvana “Airbus A320” təyyarəsi istiqamət götürüb. Təyyarədə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə göndərməsi üçün nəzərdə tutulan muzdlu döyüşçülər daşınır.
“Bu hal Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarda Yaxın Şərq ölkələrindən gətirilən muzdlu döyüşçülərdən və terrorçulardan geniş istifadə etdiyini əyani formada bir daha göstərir. Həmin muzdular erməni hərbçilərlə birlikdə Azərbaycan Ordusuna qarşı döyüşürlər”, – sayt qeyd edirdi.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin müharibənin ilk ongünlüyündə - oktyabrın 6-da Qarabağda döyüşən PKK terrorçularının yaydığı səs yazısı da belə sübutlardan biridir. PKK terrorçuları hələ müharibədən öncə Qarabağa gətirilmişdi.
Qarabağa gətirilən terrorçuların əksər hissəsi PKK-nın tərkibində Nubar Ozanyanın adını daşıyan erməni taborunun üzvləri idi. 2019-cu ildə qurulan, Masis Otanyaf adlı erməni terrorçunun rəhbərlik etdiyi taborun əsas ideologiyası ASALA-nın yolunu davam etdirməkdir.
Məlumatlara görə, PKK-nın erməni taborunun üzvləri, eləcə də Qəndil və Qamışlıdan gələn digər terrorçular Ağrı dağı üzərindən Ermənistana keçib. Terrorçuların Ağrı dağından keçidinə “Ağrı qartalları” qruplaşmanın üzvləri olan Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Boqapşin adlı terrorçular bələdçilik edib. 400-ə yaxın terrorçunun Göyçə gölü ərazisində PKK üçün ayrılan Vardenes düşərgəsində təlimlər keçdiyi, ardınca Dağlıq Qarabağa göndərildiyi deyilirdi.
Ermənistan muzdluları belə cəlb etməsinə rəğmən, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. I Qarabağ müharibəsində 4 il ərzində işğal edilən torpaqlarımız cəmi 44 günə azad edildi. Bu müharibə həm də Ermənistanın beynəlxalq hüququ - BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”, “Terrorizmin qarşısını alınması haqqında” və “terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” konvensiyalarını pozduğu faktlarla sübut olundu.
İndi növbə beynəlxalq ictimaiyyətindir. Azərbaycan II Qarabağ müharibəsində iştirak edən muzdluları qanun qarşısına çıxarır, bu muzdluları döyüşlərə cəlb edən Ermənistan da beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Asif Nərimanlı