“ZƏFƏRİMİZ MÜBARƏK!” - Türk generalı Azərbaycanı TƏBRİK ETDİ ...
''Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. 103 il əvvəl heç bir şəraiti olmadan qurulan və iki il ömrü olan ordu, 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdiyindən sonra yeni bir formada qurulmağa başladı və bu bu illər ərzində güclü ordulardan birinə çevrildi''.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz 26 iyun Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.
O, söhbət əsnasında Azərbaycanın qazandığı Zəfərdən də danışıb.
“Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı zəfərdə əsas amillərdən biri də Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu olub. Çavuş və zabitlərin düzgün yetişdirilməsi, onların başda Türkiyə olmaqla dünyanın bir çox ölkələrində ixtisas artırma kurslarına göndərilməsi əsas prioritetlərdən biri idi. Bu gün Ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi diqqət və qayğı Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir”.
Y.Karauz həmçinin bildirib ki, 1997-ci ildən Azərbaycan ilk dəfə olaraq Türkiyə ilə hərbi əməkdaşlıq qurmağa başladı və iki dövlət arasında müqavilə imzalandı.
2012-ci ildən isə həm Türkiyədə, həm də Azərbaycanda birgə hərbi təlimlər keçirilməyə başlandı.
“Azərbaycan ordusu müharibə zamanı köhnə taktikaları geridə qoyaraq, yeni üsulla müharibə aparmaqla dünyaya bir örnək oldu. Azərbaycan ordusunun Şuşa şəhərini azad etməsində göstərdikləri şücaət isə xüsusi təyinatlıların yüksək hazırlıqlarını bir daha nümayiş etdirdi. Azərbaycanın “dəmir yumruğu” Vətən müharibəsində ermənilərin başını əzərək ona ən möhtəşəm qələbəni qazandırdı”.
Sonda general bu sözlərlə fikrini tamamlayıb:
“Zəfərimiz mübarək. Eşq olsun Azərbaycan xalqına, ordusuna və Ali Baş Komandan İlham Əliyevə. Allah Azərbaycan Ordusunu hər zaman var etsin, qılıncı kəskin, zəfərləri əbədi olsun”.