Nazir: Müdrik siyasət və ordunun gücü sayəsində...

Nazir: Müdrik siyasət və ordunun gücü sayəsində...

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

 "AzerTaym.az" bildirir ki, təbrikdə deyilir: “Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olub. Eyni zamanda, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına Ulu Öndər əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı naminə məqsədyönlü islahatlar həyata keçirilir.

Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin daha da artırılması məqsədilə atılan addımlar həyata keçirilən bu islahatların əsas tərkib hissələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu gündən-günə artaraq, xalq-dövlət-ordu birliyi daha da möhkəmlənib.

Təbrik məktubunda vurğulanıb ki, Erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıqlar, şücaətlər sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edilib. Ali Baş Komandanın müdrik siyasəti və ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir.

“Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması naminə canlarından keçən bütün şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, şəxsi heyəti bayramlar münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram.

Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Bayramınız mübarək olsun!” - deyə müdafiə nazirinin təbrikində qeyd edilib.






Fikirlər