Ermənistan müharibə üçün QAŞINIR - Bakıya yeni təhdid, Laçın dəhlizi bağlana bilər...
Xankəndində separatçı elementlərin miskin qalıqları və onların başında duranlar - Azərbaycan həbsxanalarının darıxdığı avantüristlər, həmçinin İrəvandan Qarabağa “arxa qapı”dan soxulmuş radikal-revanşist elementlər, daşnak-terrorçular mifik “müstəqllik günü” ilə bağlı növbəti təxribatçı hərəkətlərə yol veriblər. Dünən və srağagün Azərbaycan dövlətinə, onun ərazi bütövlüyü və suverenliyinə qarşı hədyanlar və bəyanatlar səslənib. İndi bir daha qənaət hasil olur ki, Qarabağdakı terror yuvasında sonuncu erməni ram edilməyincə, bu cür demarşlar davam edəcək. Xarici havadarlarına güvənən Ermənistanla Azərbaycan arasında böyük sülh sazişi əlçatmaz olaraq qalacaq. Bu da növbəti “isti” faktlar. ***** “Ermənistan dəfələrlə ən yüksək səviyyədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesini məlum prinsiplər, yəni güc tətbiq etməmək və ya güc təhdidi olmadan, bərabərlik və öz müqəddəratı müəyyən eləmək əsasında bərpa etməyə hazırdır. 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra ATƏT-in Minsk Qrupu həmsədrləri bir sıra bəyanatlar verdilər (ermənipərəst bəyanatlar nəzərdə tutulur - red.) Ermənistan tərəfi bu bəyanatları bölgədə sülh üçün yol xəritəsi olaraq alqışlayır”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ermənistan XİN-in başçısı Ararat Mirzəyan İrəvanda söyləyib.
“Erməni tərəfi ardıcıl olaraq «artsax» xalqının öz müqəddəratını təyinetmə hüququnun, öz vətənində sərbəst və ləyaqətlə yaşamaq hüququnun həyata keçirilməsinə ardıcıl şəkildə dəstək verməyə davam edəcək”. Bunu da Mirzəyan söyləyib. Eyni təxribatçı fikirlər dünən Ermənistan XİN-in qondarma “artxasın müstəqillik günü” ilə bağlı yaydığı bəyanatda, baş nazir Nikol Paşinyanın və prezident Armen Sərkisyanın müraciətlərində yer alıb. Göründüyü kimi, Ermənistan işğalçı ordusu darmadağın olunandan sonra da Azərbaycan torpaqlarında ikinci saxta erməni dövləti yaradılması ideyasına dövlət səviyyəsində dəstək verməkdədir və bundan imtina eləməyə əsla hazırlaşmır. ***** Öz növbəsində Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan srağagün İrəvanda erməni-alman turizm forumunun açılışı ərəfəsindəki çıxışında özündənrazı şəkildə iddia edib ki, “Bakının hərəkətlərindən asılı olmayaraq, Sünikdə (Zəngəzurda - red.) və Qarabağda turizm inkişaf etdiriləcək”. “Azərbaycanın hərəkətlərindən və bəyanatlarından asılı olmayaraq, Sünik (Zəngəzur - red.) və Qarabağ Ermənistanın qonaqları üçün erməni turizm məkanları olaraq qalır” - Korobyan bildirib. Ermənistan İqtisadiyyat Nazirliyinin Dövlət Turizm Komitəsi sədrinin müavini Alfred Koçəryan da nazirdən geri qalmayaraq, özündənrazı şəkildə deyib: “Qarabağa gəlincə, Ermənistan və Rusiyadan olmayan turistlərin girişində müəyyən çətinliklər var (Bakının icazəsi məsələsi nəzərdə tutulur - red.) Buna rəğmən, siyasi nizamlanma irəlilədikcə bu məsələlər həllini tapacaq və Qarabağ əvvəlki kimi erməni turist paketlərində qalacaq”. ***** Azərbaycan və Türkiyəyə münasibətdə guya mötədil siyasətə üstünlük verən Paşinyan hökumətinə daxil olan şəxslərin, o sırada, erməni baş diplomatının, Ermənistan XİN-in radikal mövqeyi belədir. Görün, Ermənistan parlamentində müxalif “Mənim şərəfim” fraksiyasının rəhbəri, Nikol Paşinyanın qatı opponentlərindən olan Artur Vanetsyan srağagün Xankəndində, qondarma “Artsax parlamenti”ndəki (!!) çıxışında nə çərənləyib? Sitat: “Fəlakətli müharibədən və çoxsaylı itkilərdən sonra bizim iki dövlətimizin (?! - red.) üzləşdiyi çoxsaylı təhdidlər şəraitində bu günün (saxta ”müstəqillik" gününün - red.) xüsusi mənası və əhəmiyyəti var və bu məna «artsax»la birliyimizdədir. Məhz «artsax»da xalqımızın layiqli bir millət, dövlətçilik daşıyıcısı olaraq gələcəyinə qərar verilir və veriləcək. Biz «artsax» məsələsinin həllinə, «artsax»ın öz müqəddəratını təyin etməsinin və müstəqil dövlət statusunun beynəlxalq səviyyədə tanınmasına hər cür dəstək verəcəyik. Bunun alternativi ola bilməz". ***** Beləcə, ermənilər Bakının humanistlik göstərərək, icazə verdiyi Laçın dəhlizindən 10 aydır gen-bol, sui-istifadə edərək ölkəmizə qarşı yeni çirkin, məkrli, xəbis planlar qururlar. Ayrı sözlə, bu, təkcə radikal müxalifətçi Artur Vanetsyanın mövqeyi deyil. Yuxarıdakı sitatlardan aydın göründüyü kimi, Paşinyan hökuməti də aşağı-yuxarı, eyni mövqedədir. XİN rəhbəri Mirzəyanın az öncə Moskvada, ardınca isə İrəvandakı son sarsaq açıqlamaları buna şəkk-şübhə saxlamır. Yəni Ermənistanda dövlət, müxalifət və cəmiyyət səviyyəsində ölkəmizə qarşı irəli sürülən ərazi iddiası nəinki öz aktuallığını itirməyib, hətta kapitulyasiyadan sonra yeni və daha həyasız miqyas alıb. Bu isə Vətən müharibəsinin 1-ci ildönümünə (27 sentyabr) sayılı həftələr qaldığı ərəfədə yeni müharibəyə çağırış deməkdir. Deyəsən, ermənilər dövlət, müxalifət və cəmiyyət olaraq, 44 günlük müharibədə aldıqları “Dəmir yumruğ”un ağır zərbəsini unudublar və yenə qaşınırlar. O zaman təkrarına hazır olsunlar. Azərbaycan paralel surətdə beynəlxalq məhkəmələrdə Ermənistana qarşı böyük təzminat davası açmağı tezləşdirməlidir. Bununla həm işğal faktını, erməni vəhşiliklərini beynəlxalq gündəmə qaytarmış olarıq, ermənilərin və onların havadarlarının status iddialarını daha mənasız hala gətirərik, həm də revanşist, ağılsız və qaynar erməni başları üçün soyuq duş effekti yaradarıq... /“Yeni Müsavat” Xankəndində sülhməramlıların arxasında gizlənən separatçı ünsürlər təzədən ölkəmizə meydan oxumağa başlayıb; ermənilərin ərazi iddiası kapitulyasiyadan sonra daha həyasız miqyas alıb...