“TEHRAN BU ADDIMLARI RUSİYA İLƏ RAZILAŞDIRARAQ HƏYATA KEÇİRİR”
Cümşüd Nuriyev: “30 il Qarabağı söküb aparıblar, bir dəfə yadlarına düşməyib ki, bura müsəlman torpağıdır...İran qan çanağına doğru hərəkət edir” “Ərdoğan-Paşinyan və Ərdoğan-Putin görüşü regiondakı atmosferi dəyişə bilər” İran-Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Tehran həmişə olduğu kimi anti-Azərbaycan siyasətini davam etdirir. Ermənistana kömək etməklə kifayətlənməyib, qanunsuz yollarla Qarabağda qalan erməni separatçılarına da müxtəlif yardımlar göndərir. Hələlik Bakının xəbərdarlıqlarına İrandan adekvat reaksiya yoxdur. Ancaq bu arada Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə ünvanlanan ismarıcları regionda müəyyən müsbət tendensiyaların yaranacağına da ümid yaradır. Prezident Ərdoğanın sentyabrın 29-da Rusiyaya gözlənilən səfərinin isə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcəyi gözlənilir. “AzPolitika.info” bu mövzular ətrafında politoloq Cümşüd Nuriyevlə söhbətləşib: - Cümşüd bəy, hazırda İran-Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə olunur. İran qanunsuz olaraq Qarabağa müxtəlif məhsullar göndərir, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, ölkəmizə əleyhinə yalan informasiyalar yayır. Sizcə, Tehran bu addımlarla nəyə nail olmağa çalışır? - Əvvəla, deyim ki, hərbi təlimlər İrana heç bir başucalığı gətirmir. Azərbaycan İranla münasibətləri pisləşdirməyib. Hətta ölkə başçısı belə öz çıxışlarında İranın adını çəkməyib, eyhamla deyib ki, filan müddətdə Laçın dəhlizindən bu qədər yük maşını keçib. Sözsüz ki, hamı bilir ki, bu, İranın maşınlarıdır. Amma buna baxmayaraq, İran bu yük maşınlarıyla bağlı heç bir tədbir görmədi. Azərbaycan sentyabrın 12-də Gorus-Qafan yolunda post qoyandan sonra İranın Azərbaycana qarşı xəyanəti üzə çıxdı. İndi İranın buradakı qulbeçələri də narahat olublar. Bunlar İran nə deyirsə, onu da həyata keçirməyə çalışırlar. O tərəfdən də ermənilər narahat olub. İran da bu addımları Rusiya ilə razılaşdıraraq həyata keçirir. İkincisi, İran son 30 ildə Azərbaycan sərhədlərində təlim keçirməyib. Əgər, bu təlimi keçirmək lazımdısa belə, nədən Aslandüz-Ordubad hissəsi seçilib? Bu təlimləri dağ şəraitində keçirmək istəyidilərsə gedib Astara-Ərdəbil istiqamətində və ya Türkiyə sərhədində keçirə bilərdilər. Bunlar sanki belə davranışla mesaj vermək istəyirlər ki, gücümüz var, istədiyimiz zaman istədiyimiz addımları ata bilərik və s. Amma anlamırlar ki, indi XXI əsrin 21-ci ilidir. Üstəlik həm daxildə, həm də beynəlxalq müstəvidə İranın kifayət qədər problemi olduğu halda Azərbaycana əzələ nümayiş etdirməsi gülüncdür. Digər tərəfdən, 85 milyonluq dövlət 10 milyonluq dövlətə əzələ nümayiş etdirirsə, bu həmin dövlətin acizliyindən və cılızlığından xəbər verir. Ancaq İran anlamır ki, biz 10 milyon deyilik, 85 milyonun 45 milyonu elə İrandakı Azərbaycan türküdür, o tərəfdən də 85 milyonluq Türkiyə var. Üstəlik də 100 milyonluq Pakistan var. İran qan çanağına doğru hərəkət edir, bu, olduqca təhlükəlidir. Təlim keçirirlər, özləri bilər. Ancaq iş o dərəcəyə çatıb ki, Ərdəbil məscidinin imamı azərbaycanlı millət vəkilini hədələyir. Azərbaycanlı deputat “Yeni Şəfəq” daxil olmaqla hər yerə müsahibə verə bilər və öz fikirlərində də sərbəstdir. Ancaq bu məsələlərin gündəmə gəlməsi təsadüfi deyil. İranın hazırda Azərbaycana qarşı tutduğu mövqe nə dostcasına, nə qardaşcasına, nə müsəlmancasına, nə də islamcasınadır. İran dövləti fikirləşsə yaxşı olar. Müsəlman dövləti belə cılız hərəkətlər etməklə nə qazanmaq istəyir? - İranın Ermənistana dəstək verməsi, Xankəndindəki separatçıları neft məhsulları ilə bəsləməsi yeni xəbər olmasa da, indi Azərbaycanın qətiyyəti sayəsində bu işləri həyata keçirmək çətinləşib. Buna cavab olaraq, İran bizə münasibətdə daha nələr edə bilər? - İran heç nə edə bilməz. Bunlar 30 il ərzində Qarabağı söküb aparıblar. Bir dəfə yadlarına düşməyib ki, bura müsəlman torpağıdır, onlar bizim müsəlman qardaşlarımızdır. Həm Ermənistana, həm də Xankəndinə neft satırdılar, işğal olunmuş ərazilərdə narkotik əkilirdi. Birdən-birə bunlar Ermənistan kimi böyük iqtisadi ziyana düşüblər və bunun acığını bizdən çıxmaq istəyirlər. Anlamalıdırlar ki, bu, bizim günahımız deyil. Hər bir tarixin öz hökmü var. Azərbaycan uzun müddət bu məsələdə sakit dayandı, amma bir il əvvəl müharibəyə başlayaraq şərəfini təmizlədi. Bundan sonra İran bizə heç nə edə bilməz. Əgər düşünürlərsə ki, onların Bakıdakı “beşinci kolonu” nəsə edə biləcək, səhv edirlər. Artıq Azərbaycan o vəziyyətdə deyil. Həm də onların buradakı adamları çox qorxaqdırlar. Hər hansı bir addım atsalar Azərbaycan xalqı onların üzərinə yeriyəcək. Onlar elə fikirləşirlər ki, burada dini yolla nəsə edə bilərlər. Yox, alınmayacaq. - Sizcə, İranın aqressivləşməsinin səbəbi Gorus-Qafan yolunda iki iranlı sürücünün həbsi ola bilərmi? - Yox, sadəcə İran bizə gücünü göstərmək, “mən yenə də Ermənistanı yanacaqla, başqa mallarla təmin edəcəyəm, sənsə susmalısan” deməyə çalışır. Necə ki, cənubda milyonlarla soydaşımızı susdurmağa çalışıblar, indi də bizə qarşı bunu etmək istəyirlər. Amma anlamırlar ki, türk ayılanda çox təhlükəli olur. - İran Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlərə başladıqdan sonra Türk ordusu Türkiyə-İran sərhədlərində kəşfiyyat uçuşları həyata keçirib, eləcə də Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimlərinə start verilib. Bunu İranın davranışlarına cavab addımı saymaq olarmı? - Bu, çox müsbət haldır. İran guya iddia edir ki, onların Pilotsuz Uçuş Aparatları(PUA) dünyanın ən müasirlərindəndir, Türkiyə dronlarından daha qabaqcıldır. Ancaq Türk dronlarının İran-Türkiyə sərhədlərində kəşfiyyat uçuşları aparması Türkiyənin buna qısa bir cavabı oldu. İkincisi, Naxçıvanda Türkiyə-Azərbaycan birgə təlimləri başlayır. Türkiyə göstərdi ki, Azərbaycanın yanındadır. İran 85 milyon deyib car çəkirdi, Türkiyə də 85 milyondur. Nəzərə alsaq ki, Yaxın və Orta Şərqin deyil, həm də müsəlman-islam dünyasının lideri Türkiyədir, deməli bu amili nəzərə almağa məcburdurlar. Türkiyə Azərbaycana olan dəstəyini və sevgisini ortaya qoyur. Naxçıvan təlimləri əslində İranın əzələ nümayişinə cavabdır. Qars müqaviləsinə görə də Naxçıvanın təhlükəsizliyinə Türkiyə cavabdehdir. Məncə, bu təlimlər birbaşa mesajdır. Türkiyə göstərir ki, biz buradayıq, Azərbaycan tək deyil. Əslində İran məntiqlə hərəkət etsə, bu addımları atmaz. Əfqanıstanda da vəziyyət getdikcə İranın və Rusiyanın əleyhinə dəyişir. Əfqanıstandakı proseslərə daha çox Pakistan və Qətər təsir edə bilir. Bu ölkələr də Türkiyənin və Azərbaycanın ortağıdır. İran gedib fikirləşsin. Mollalar o qədər başqa işlərlə məşğul olublar ki, xəyalən göylərə qalxıblar, baxmayaraq ki, onları yerə endirmək çox asandır. - Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstan Baş nazirinin vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görüş təklif edib. Sizcə, belə bir görüşün baş tutma ehtimalı nə dərəcədədir? - Əslində bu, Paşinyan tərəfindən atılan normal addımdır. Paşinyanın Rusiya ilə problemləri var. Qərb Paşinyanı dəstəkləməklə yanaşı, istəyir ki, İrəvan Rusiyanın təsir dairəsindən çıxsın. Paşinyan da görür ki, Qarabağı itirib, bundan sonra bir şey edə bilməyəcək və əvəzində hətta Ermənistanı itirə bilərlər. Ona görə çalışır ki, Gürcüstan vasitəçilik etsin və Ərdoğanla görüşüb müzakirələr aparsınlar. Ərdoğan da ümumilikdə bu təklifi qəbul etdi, ciddi şərt qoymadı. Ərdoğan anlayır ki, Zəngəzur dəhlizi bizdən və Türkiyədən daha çox Ermənistana lazımdır. Bizim onsuz da Türkiyə ilə əlaqələrimiz var, Gürcüstan üzərindən dəmir yolu infrastrukturu qurulub. Ən çox buna ehtiyacı olan Rusiya, İran və Ermənistanın özüdür. Hadisələr göstərir ki, Paşinyan bu reallığı yaxşı başa düşür. Əlbəttə, sülh müqaviləsi də lazımdır. Bu halda hər iki dövlət bir-birinin ərazisini, sərhədlərini tanıyacaq. Gələcəkdə də Qarabağda yaşayan ermənilərin taleyi -Azərbaycan vətəndaşı olmaları, təhlükəsizliyi, həmin bölgənin rifahı, ifrastrukturu kimi məsələlər sülh müqaviləsində öz əksini tapacaq. Paşinyan da bu reallığı başa düşür. Elə başa düşdüyü üçün də birinci cəhd kimi Ərdoğanla müzakirələr aparmaq istəyir. Eyni zamanda, Ərdoğan ABŞ-dan qayıtdıqdan sonra Soçidə Putinlə bir araya gələcək. Ərdoğanın Rusiya prezidentindən müəyyən tələbləri olacaq. Türkiyə hazırda Yaxın Şərqin lider dövlətidir və Rusiya onunla mütləq hesablaşmalıdır. - Demək istəyirsiniz ki, həm Ərdoğan-Paşinyan, həm də Putin-Ərdoğan görüşü indi regiondakı situasiyanı kökündən dəyişə bilər? - Mənim fikrimcə, bunlar çox önəmli görüşlər və müzakirələr olacaq. Xüsusilə, Cənubi Qafqaz regionu üçün. Cənubi Qafqazın siyasi modeli tam formalaşmayıb. Bu paradiqmanı tam formalaşdırmaq lazımdır. Bu prosesdə əsas açar dövlətlər Türkiyə və Rusiyadır. - Sizcə, niyə Nikol Paşinyan Prezident Ərdoğanla görüş üçün vasitəçi kimi məhz Gürcüstanı seçib? - Bu, əslində göstərir ki, prosesdə Qərbin izi var. Gürcüstan 2008-ci ildə Rusiyadan böyük zərbə alıb, ərazisi işğal edilib, rus qoşunları az qala Gürcüstan paytaxtına girirdi. Odur ki, Paşinyanın Gürcüstan vasitəsilə Ərdoğanla görüşmək təklifi Qərbin layihəsidir.