"MÜSTƏQİLLİYİMİZDƏN bu yana iran nala - MIXA VURUB"

"İllərdir İranla yaxşı qonşu, din qardaşı olmağımıza baxmayaraq onu əməldə müşahidə etməmişik”.

Bunu Sherg.az-a İran parlamentinin sədri Əli Laricaninin "Ermənistan və Azərbaycan müharibəyə yol verməməlidir” açıqlamasına münasibət bildirərkən "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 
O bildirib ki, İran parlamentinin rəhbəri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını, həm Dağlıq Qarabağı, həm onun ətrafındakı 7 rayonu boşaltmalıdır desəydi, Ermənistanın işğalçı dövlət olduğunu Xocalıda soyqırımı törədib, terrorizmi dövlət səviyyəsinə daşıdığını bildirsəydi, bu təəccüblü olardı:
"Parlament sədrinin indiki açıqlamasına heç təəccüblənmədim. Müstəqilliyimizi qazandığımız gündən bu günə qədər İran nala - mıxa vurub. İstər parlament rəhbəri olsun, istərsə də prezident, onlar öz dövlət siyasətini həyat keçirir. Ermənistan onların müttəfiqidir, ermənilər onların qohum-əqrəbalarıdır. Onlar hər zaman belə deyirlər. Ermənistan onların bölgədəki ən dayanıqlı dostlarıdır. Ona görə, niyə nala-mıxa vurmasın ki? Azərbaycan torpaqlarının azad olunması üçün əlindən gələni etmək istədiyini deyən İran indi deyir ki, nə Azərbaycan, nə də Ermənistan münaqişəyə yol verməlidir. Biz Ermənistan ərazilərini işğal etmişik ki, bizə bunu deyir? Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə ki, bu gün Ermənistana Azərbaycanla münaqişə əl vermir. 
Onlar işğalçı kimi torpaqlarımızda oturub, bunu leqallaşdırmaq üçün atəşkəsi də pozur. Azərbaycana qarşı bütün beynəlxalq qurumları öz arxasına alır. İşğalçı olduğu halda hər kəs Ermənistana dəstək verir, xüsusilə yaxın qonşularımız Rusiya və İran. Ermənistana bundan gözəl nə ola bilər? Ona görə, iranlı spikerin açıqlaması məni təəccübləndirmədi. Ermənistanın yanında durmaq onların dövlət siyasətidir. İran Azərbaycan üçün əlindən gələn bir şey edəcəksə, Ermənistanla sərhədlərini bağlasın. Desin ki, sülh yolu ilə bu məsələ çözülməyənə qədər, Ermənistan işğalçılıq siyasətindən əl çəkib, Azərbaycan torpaqlarını azad etməyənə qədər sərhədlər qapalı qalacaq.
Necə ki, Türkiyə Ermənistanla sərhədləri qapalı saxlayır, İran da bunları etsin, biz də dövlətin səmimiyyətinə inanaq”.
Qeyd edək ki, İran parlamentinin sədri Əli Laricani İranın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz potensialından istifadə edəcəyini deyib. O bildirib ki, Ermənistan və Azərbaycan müharibəyə yol verməməlidir.

 






Fikirlər