“Avropa Sarkisyanın əlindən RÜŞVƏT ALDI”

Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə səfər etmişdi.

 Səfər çərçivəsində o, Avropa Parlamentinə mükafat təqdim edib. Təəccüb doğuran məqam odur ki, Avropa Parlamenti dəfələrlə Ermənistanı işğalçı dövlət kimi təqdim etməsinə baxmayaraq, elə işğalçı dövlətin mükafatını da qəbul edib. Bu məsələ Azərbaycan cəmiyyətində haqlı etiraza səbəb olub.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı  Modern.az-a açıqlamasında deyib ki,  Xocalıda əli uşaq qanına bulaşmış, uşaq qatilinə çevrilmiş, mülki insanların vəhşicəsinə öldürülməsində iştirak edən  Sarkisyanın Avropa Parlamentində o səviyyədə qəbul olunması utancvericidir.

“Bütün beynəlxalq təşkilatlarda işğalçı kimi qəbul olunmuş bir dövlətin başçısının əlindən hansısa formada mükafat alınması Avropa parlamnetarilərinin fəaliyyətləri dövründə  utancverici haldır. Bir tərəfdən Avropa Parlamenti sənəd qəbul edərək deyir ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib. Bir milyon məcburi köçkün var. Digər tərəfdən isə qəbul etdikləri qətnamənin əleyhinə olaraq, işğalçı kimi tanıdıqları dövlətin - hansı ki, o dövlətin başçısı da Qarabağın işğal olunmasında, Xocalı soyqırımının törədilməsində iştirak edib - başçısının əlindən mükafat alır. Sözün bitdiyi yer. Bunu ancaq belə qiymətləndirmək olar”.

Məlahət İbrahimqızının sözlərinə görə, Azərbaycan ictimaiyyəti, seçiciləri ona  müraciət edib.

 “Müraciətdə deyilir  ki, biz Azərbaycan xalqı və ictimaiyyəti  olaraq Avropa Parlamenti ilə əməkdaşlıqda hansı nailiyyətləri əldə edə bilərik?! Hansı problemimizin həllində dəstək gözləyə bilərik?! Əksinə, onlar işğalçı dövlətin başçısı olan Sarkisyana hər dəqiqə təzyiq göstərib  deməlidirlər ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərarları yerinə yetirin! Hətta, lazım olsa sanksiya da tətbiq etməlidirlər. Necə ki, bəzi ölkələrə sanksiyalar tətbiq olunub. Təəssüf ki, işğalçını bir az da qidalandırıb ruhlandırırlar. Belə çıxır ki, Avropa Parlamenti birinci olaraq özü qəbul etdiyi qanunu pozaraq hörmətsizlik nümayiş etdirir. Sübut edirlər ki, onların qəbul etdikləri sənədlər mənasız bir şeydir”

 Xanım deputat bildirib ki, Avropa Parlamenti  Ermənistanın onlara gətirib verdiyi mükafatı mətbuata belə çıxartmamalıydılar.

 “Hesab edirəm ki, Serj Sarkisyandan mükafat alan avropalı  deputatlar Azərbaycana gəlməməlidir. Məsələ qaldırmalıyıq ki, Avropa Parlamenti işğalçı dövlətin başçısından mükafat alır və Azərbaycana gəlir. Biz bunu necə qəbul edə bilərik?!

 Bu onu göstərir ki, onlar açıq-aşkar Ermənistanın tərəfindədirlər. Eyni zamanda, Avropa Parlamentinin öz daxili qaydaları var.  Necə ki, Azərbaycan Milli Məclisinin etik kodeksi qaydaları var. Həqiqətən də bu, utancverici haldır. Əgər Avropa Parlamenti işğalçı Sarkisyandan mükafat qəbul edirsə, bunun özü də rüşvətin bir növüdür”.






Fikirlər