23.05.2014. - Azərbaycan AŞPA Daimi Komitəsində bəyanatla çıxış etdi

23.05.2014. - Azərbaycan AŞPA Daimi Komitəsində bəyanatla çıxış etdiAzərbaycan AŞPA Daimi Komitəsinin Bakıda keçirilən iclasında bəyanatla çıxış edib.
APA-nın məlumatına görə, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidovun təqdim etdiyi bəyanatda AŞPA rəhbərliyinə faktlardan ibarət suallar və konkret, təxirəsalınmaz təkliflər ünvanlanıb: “Nəyə görə biz AŞPA üzvləri öz öhdəliklərimizdən - insan hüquqları, qanunların aliliyi və digər məsələlərdən danışanda Azərbaycan məsuliyyətli davranmağa dəvət edilir. Amma biz xahiş edəndə ki, bizim fundamental dəyərlərimiz, xüsusilə ərazi bütövlüyümüz nəzərə alınsın, sadəcə ard-arda verilən bəyanatlarla rastlaşırıq. Nəticə görmürük. Biz AŞPA-ya qəbul olunanda əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq idi. Amma biz bu gün görürük ki, AŞPA-ya üzv olan ölkələrin əraziləri işğal olunur, heç bir dəstək verilmir. Əraziləri işğal olunmuş Gürcüstan, Azərbaycana qeyri-qanuni səfərlərə görə cəzalar tətbiq olunur. Əminəm ki, sabah bu cəza Ukraynaya qarşı da tətbiq olunacaq. Çünki onun da Krım yarımadası işğal olunub və ora da qeyri-qanuni səfər edənlər olacaq”.

S. Seyidov qeyd edib ki, AŞPA-nın qəbul etdiyi davranış qaydalarının 503-cü bəndinə görə qurumun üzvləri davranışlarına diqqət etməlidirlər: “Biz başa düşürük ki, AŞPA sədrinin müavini hansısa ölkəyə səfərinin qarşısının alınması yaxşı hal deyil. Amma nə üçün AŞPA sədrinin müavini qurumun reputasiyasını gözləmir və belə davranışa yol verərək işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər edir? Onu AŞPA-nın nüfuzu yox, erməni lobbisinin nüfuzu maraqlandırır. Biz təcili olaraq AŞPA-da işğal olunmuş ərazilərlə bağlı Alt komitə yaratmalıyıq. Terrorçular, separatçılar bu gün artıq ailəmizə qədər gəlib çıxır. Biz gözümüzü açıb reallığı görməliyik. Avropa Şurası artıq nüfuzunu itirir. Ərazi bütövlüyü prinsipi Avropa Şurasının mövcudluğu üçün əsas şərt olmalıdır. Belə getsə, Avropa Şurası Avropanın siyasi səhnəsində yox ola bilər. Dərhal toxunulmazlıq qaydalarına dəyişiklik edilməlidir, çünki təhlükəsizliklə bağlı vəziyyət çox ağırdır”.

Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin Azərbaycan Milli Məclisində keçirilən iclası başa çatıb.

Xatırladaq ki, iclasda AŞPA sədri Anna Brassör, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland, AŞ PA Nazirlər Komitəsinin sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak ediblər.

İclasda miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları, Milli İnsan Hüquqları institutları ilə parlamentlər arasında bərabərlik və qeyri ayrı-seçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub. Ukraynada baş verənlər Anna Brassör tərəfindən qaldırılsa da, heç bir sənəd qəbul olunmayıb. Bundan başqa, iclasda Serbiyada keçirilən parlament seçkiləri, uşaq zorakılığı, HİV xəstəliyi ilə mübarizə və digər məsələlər bağlı bir sıra sənədlər qəbul olunub.






Fikirlər