11.04.2014. - Əgər dəyərlərimizə qayıtmaq istəyiriksə, Azərbaycanın işğal olunan əraziləri məsələsinə də qayıtmaq lazımdır
S.Seyidov demişdir: Bu gün Assambleya çox önəmli bir vəziyyətlə üz-üzədir. Bizim qaldırdığımız bütün suallar və məsələlərdə uyğunluq və məntiq olmalıdır. Ancaq mənə elə gəlir ki, Assambleyada etdiyimiz və bundan sonra edəcəklərimizin əsası ikili standartlar və məntiqsizlik səbəbindən ciddi təsirə məruz qalır. Biz Avropa Şurasının tam hüquqlu üzvüyük. Biz bundan əvvəl də izah etməyə çalışmışıq ki, Azərbaycanın torpaqları işğal altındadır və onun ərazisinin 20 faizi zəbt edilmişdir. Bu ərazilərdə etnik təmizləmə aparılmışdır. Təəssüf ki, AŞPA tərəfindən torpaqlarımızın azad olunması istiqamətində heç bir addım atılmadı. Bu faktlara heç kim reaksiya vermədi. Sadəcə, müzakirələr və dialoq aparmaq üçün dəvətlər oldu.
Biz məntiqli olmalıyıq. Haradadır bu məntiq? AŞ-ın üzvü olan Azərbaycanın ərazisi digər üzvü tərəfindən 20 ildir ki, işğal altındadır. Beynəlxalq ictimaiyyətin diqqətini baş verən cinayətlərə, işğala çəkmək səyləri heç bir nəticə vermədi. Bu cür məsələyə fəlsəfi yanaşma söz oyunundan başqa bir şey deyildir. Bu gün Rusiyanı cəzalandırmaqdan söhbət gedir. Heç bir məntiq yoxdur. Halbuki AŞ üzvü olan Ermənistan artıq Azərbaycanın ərazisini işğal edib. Əgər biz öz dəyərlərimizə sadiq qalmaq istəyiriksə, 20 ildir ki, burada qaldırılan Azərbaycanın ərazisinin işğal olunması məsələsinə də qayıtmaq lazımdır. Əgər məntiqi və uyğun yanaşma olmasa, bizim bütün tədbirlər məntiqsiz və başadüşülən olmayacaq”.