“Ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək!” Video
Azertaym.az xəbər verir ki, bu sözləri “Dünya Azərbaycanlılarının Həmrəyliyi” günü və yeni il münasibəti ilə Azərbaycan xalqını təbriki zamanı prezident İlham Əliyev deyib. Ölkə başçısı, Ermənistanın beynəlxalq təşkilatların tələblərinə məhəl qoymadığını vurğulayıb:
“Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Ancaq əfsuslar olsun ki, onlar icra edilmir”.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu deyən İlham Əliyev bildirib ki, Azərbaycan torpağında süni erməni dövləti yaradılmasına heç vaxt imkan verilməyəcək.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik”.