05.04.2014. - Səməd Seyidov: "Əgər Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirəyə çıxarılsa..."

05.04.2014. -  Səməd Seyidov: "Əgər Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirəyə çıxarılsa..."Avropa Şurası Parlament Assambleyasının bu ay keçiriləcək yaz sessiyasında Rusiyanın Ukrayna torpağı Krımı işğal etməsi məsələsinin müzakirə olunacağı gözlənilir. Rəsmən təsdiqlənməmiş məlumata görə, sessiyada Rusiyanın səsvermə hüququndan məhrum edilməsi müzakirəyə çıxarılacaq.


Ukrayna məsələsi AŞ PA-da müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq?

Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “mediaforum”a bildirib ki, Azərbaycanın Ukrayna məsələsində mövqeyi bəllidir və dəyişməz qalır: “BMT Baş Assambleyasında keçirilən səsvermədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və birmənalı mövqe ortaya qoyulub. Başqa mövqe ola bilməz. Əgər Ukraynanın ərazi bütövlüyü məsələsi AŞ PA-da müzakirəyə çıxarılsa, Azərbaycan BMT Baş Assambleyasındakı mövqeyini təkrarlayacaq və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə səs verəcək”.

“Rusiyanın səsvermə hüququnun dayandırılması müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq” sualına Səməd Seyidov belə cavab verib:
“Biz bilirik ki, Ukraynanın ərazi bütövlüyü pozulub, ərazisinin bir hissəsi işğal olunub. Ərazi bütövlüyü müqəddəs məsələdir. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz aydın və açıqdır. Bir qədər səbriniz olsun, baxaq görək nələr olacaq. Məsələlər konkret formada ortaya çıxanda mövqe bildirəcəyik”.






Fikirlər