29.03.2014. - Əli Kərimli hökumətin qərarını alqışladı

29.03.2014. -  Əli Kərimli hökumətin qərarını alqışladı Bu gün Milli Şuranın növbəti sessiyası olub. Tədbir Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilib.

AzerTaym.az saytının əldə etdiyi məlumata görə,sessiyada ictimai-siyasi məsələlər müzakirə olunub. AXCP-nin qərargahında baş verən partlayış, “Sovetski” məhəlləsinin sökülməsi ilə bağlı yaranan problemlər və Ukraynada baş verən hadisələr sessiyanın gündəliyinə salınıb.

Sessiyada çıxış edən AXCP sədri Əli Kərimli dedi ki, Azərbaycan hökumətinin Ukraynanın ərazi bütövlüyünü tanıması təqdirəlayiq bir haldır. Onun sözlərinə görə, hökumət Ukrayna məsələsində Azərbaycanın real müxalifətin mövqeyini gördükdən, arxadan zərbə olmayacağını bildikdən sonra Ukraynanın ərazi bütövlüyünü tanıdı. Ə.Kərimli hökumətin bu qərarında real müxalifətin təsirinin böyük olduğunu söylədi.

AXCP sədri bu il baş tutacaq bələdiyyə seçkiləri ilə bağlı da Milli Şuranın mövqe ortaya qoymalı olduğunu diqqətə çatdırdı. Seçkilərlə bağlı islahatlar həyata keçirilmədiyi üçün partiya olaraq da konkret qərar vermədiklərini deyən Ə.Kərimli beynəlxalq təşkilatlara müraciət edərək bu məsələnin gündəmə gətirilməsinin vacibliyini vurğuladı.

Sessiyanın gedişatında gündəmdə olan digər məsələlər də müzakirə olundu.






Fikirlər