“XƏYANƏTLƏ MƏŞĞULUQ…” – Əli Həsənovdan sensasiyalı ittihamlar
“Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edildiyi iclasda 638 deputat iştirak edib. Bu deputatlardan 273-ü qətnamənin əleyhinə səs verib, 33 deputat bitərəf qalıb, qalaları isə qətnamənin lehinə səs verib. Əleyhimizə olan qətnamənin qəbuluna səs verən ölkələrə baxanda sual yaranır ki, Azərbaycanın bu ölkələrdəki səfirləri hansı işlərlə məşğuldur, səfirliklərə ayrılan vəsaitlər hara sərf olunur?” Ə. Həsənov bildirib ki, Avropa Parlamentində deputatlarla, fraksiyalara işləmək lazımdır:“Bizim bir çox nümayəndə heyəti bəzi ölkələrlə işləməyib, turist kimi gedib gəlib”. Onun sözlərinə görə, hansı ölkədə iş görülüb, o ölkələrin Avropa Parlamentindəki deputatları Azərbaycanı daha çox dəstəkləyib: “Məsələn, Biz Fransanı ermənipərəst dövlət kimi tanıyırıq. Ancaq Fransanın Avropa Parlamentindəki 62 deputatından cəmi 24-ü əleyhimizə səs verib. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransada gördüyü işlərin nəticəsidir. Fransadan olan deputatlardan 19-u qətnamənin əleyhinə səs verib, 19 nəfər bitərəf qalıb. Çexiyanın 18 deputatından 4-ü, Macarıstanın 19 deputatından 6-ı, Polşanın 42 deputatından 7-i qətnamənin lehinə səs verib, qalanları əleyhinə çıxıb. Bu ölkələrdəki səfirlərin fəaliyyəti də qeyd edilməlidir. Digərlərinə gəlincə, səfirlərimiz illərlə orada oturub, nə iş görürlər? Bəzisi biznes qurur, bəzisi xəyanət edir! Meksikada 2-3 erməni yoxdur, o ermənilərdən biri Meksikanın ABŞ-dakı səfiridir. Biz isə yatırıq, şəxsi işlərlə, xəyanətlə məşğuluq. Diplomatik korpusla bağlı ciddi iş görülməlidir”. Ə. Həsənov bildirib ki, Avropa 50-100 min qaçqının əlində qalıb, hansı qərarı qəbul etmək barədə çətinlik çəkir: “Ancaq Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkünlə bağlı hansı işləri görüb? Bu işlər bir nümunə kimi qəbul edilir. Bacarmırlarsa, bizim Dövlət Komitəsinin işçiləri getsinlər, işləri təşkil etsinlər. Bizim 1 milyon qaçqın və məcburi köçkünlərin hüquqları pozulur, Avropa Parlamenti niyə susur? Ermənilərin vəsaitinə satılmış Avropa Parlamenti niyə susur? Budur onların iç üzü”. O, qaçqın və məcburi köçkünlərin Avropa Parlamentinə etirazını da çatdırıb: “Avropa Parlamentinə müraciət edirəm, öz qətnamələrinə yenidən baxsın. Avropa xalqlarını enerji resursları ilə təmin edirik, onların bəzi ölkələr tərəfindən boğmağa qoymuruq. Heç olmasa, özlərinə yazıqları gəlsin”.
APA-nın məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentində Almaniyanın 86 deputatından 46-sı, Avstriyanın 17 deputatından 12-si, Danimarkanın 13 deputatından 8-i, Estoniyanın 5 deputatdan 4-ü, Finlandiyanın 10 deputatından 8-i, İspaniyanın 47 deputatından 34-ü, İsveçin 17 deputatından 14-ü, Portuqaliyanın 19 deputatından 15-i, İrlandiya, İspaniya, İtaliya deputatlarının isə əksəriyyəti Azərbaycanın əleyhinə səs verib: “Bu ölkələrdəki səfirlərimiz nə edir, nə işlə məşğuldurlar?”