İranın Ermənistanla əməkdaşlığı onun işğalçılıq siyasətinə dəstəkdir.
Bunu "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, İranın Ermənistanın ən ağır vəziyyətində iqtisadiyyatını dirçəltmək üçün böhrandan çıxmasına yardımları Azərbaycan üçün sürpriz deyil:
"Türkiyə Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədlərini bağladı. İran din qardaşımız olduğu halda ermənipərəst mövqe nümayiş etdirir. Bunun da səbəbi onun tarixi anti-türk siyasətinin olmasıdır. Rəsmi Tehranın Türk dünyasına düşmən mövqeyi özünü göstərir. Ermənistanın Güney Qafqazda güclənməsi Qarabağın işğalının davam etməsinə səbəb olacaq. Ermənistana iqtisadi qadağalar qoyularsa, zəifləyər və işğalçılıq siyasətini davam etdirə bilməz. Lakin İran və digər havadarları Ermənistanın güclənməsinə xidmət etməklə onun işğalçılıq siyasətinə dəstək göstərmiş olur. Bu istənilən halda Azərbaycanın mövqeyinə ziddir. İranın köhnə fitnə, fəsad dolu siyasətinin region üçün müsbət nəticəsi olmayacaq”.
T. Rüstəmxanlı əlavə edib ki, Ermənistan Güney Qafqazdakı bütün qonşularının torpaqlarında gözü olan işğalçı dövlətdir.
Onun burnu əzilməsə, yerində oturmayacaq. Ermənistan və İranın əməkdaşlıq siyasəti Qarabağ münaqişəsinin dondurulmuş şəkildə qalmasına şərait yaradır.