Bu avantürist planları, nə qədər qəribə də olsa, Rusiya poza bilər - ancaq öz maraqları çərçivəsində; Gürcüstanın Kremldən siyasi asılılığı güclənəcək, əgər...
Gürcüstanın Ermənistan üzərindən İran qazı almaq planları gündəmin əsas mövzularından biri olaraq qalır. Xatırladaq ki, bugünlərdə İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kameli rəsmi Tehranın Gürcüstana Ermənistan vasitəsilə qaz ötürməsi barədə Tiflislə danışıqlar aparıldığını bildirmişdi. Onun sözlərinə görə, razılaşmalar baş tutsa, İran Ermənistan üzərindən Gürcüstana sutkada 300-350 milyon kubmetr qaz nəql edə biləcək.
Lakin az sonra Gürcüstanın Energetika Nazirliyi bəyanatla çıxış edərək, danışıqların aparıldığını təsdiqləsə də hələlik konkret anlaşmanın olmadığını bəyan elədi. Siyasi müşahidəçilər də prosesin bir elə asan getməyəcəyi qənaətindədirlər. Əsas səbəb kimi də münaqişələrlə zəngin Güney Qafqazda üç regional gücün - Rusiya, Türkiyə və İranın geosiyasi və iqtisadi (energetik) maraqlarının toqquşmasıdır.
***
“Rusiya daha böyük qaz yataqlarına malik olan İranın Avropaya və yaxud postsovet bazarlarına çıxmasına imkan verməyəcək”. Bunu axar.az-a politoloq Qabil Hüseynli bildirib. Sabiq dövlət müşaviri hesab edir ki, İran bu addımı ilə Azərbaycanın da maraqlarına qarşı çıxır: “İran təkcə Ermənistan üzərindən Gürcüstana deyil, eyni zamanda Avropaya da çıxış yolu axtarır. Tehran TANAP-a və Azərbaycanın digər qaz layihələrinə alternativ qaz kəməri formalaşdırmaqla Bakı qazının əhəmiyyətini azaltmağa çalışır. Bu məsələdə onu qızışdıran tərəflərdən biri Ermənistandır. Açıq desək, Gürcüstan qaz xətlərinin şaxələndirilməsi adı altında məsələni ört-basdır etməklə öz siyasi maraqlarını güdür. İran isə Azərbaycanın həm rus, həm də Qərb siyasətinin əleyhinədir. İranın Ermənistana qaz kəmərini necə çəkəcəyi isə əslində elə də asan məsələ deyil”.
Politoloq bu xüsusda hesab edir ki, İran postsovet məkanı bazarlarına qaz çıxarmağa başlasa, Rusiya ilə maraqları toqquşacaq: “Kreml bu haqda hətta Ermənistana bir dəfə qəti etirazını bildirib. Kreml İran qazının Ermənistandan keçərək Gürcüstana getməsinə qarşıdır. Çünki İran qaz siyasətindən istifadə edərək Avropaya yol aça bilər. Ən azından Cənubi Avropa, Ukrayna, Bolqarıstana qaz çıxara bilər. İran bu addımı ilə Azərbaycanın da maraqlarına qarşı çıxır. Tehranın İrəvanla belə bir yaxınlaşmaya getməsi onu göstərir ki, İran səmimi deyil”.
Ekspertin sözlərinə görə, Moskva Ermənistanın İran siyasi rəhbərliyini şirnikləndirərək Tehranla avantürist layihəyə getməsinə icazə verməyəcək: “Çünki bu, birbaşa Rusiyanın maraqlarına ziddir. Rusiya daha böyük qaz yataqlarına malik İranın Avropaya və yaxud postsovet məkanı bazarlarına çıxmasına imkan verməyəcək. Danışıqlara baxmayaq, mən bu işin baş tutacağı qənaətində deyiləm”.
***
Qonşu Gürcüstan da faktiki surətdə Azərbaycana qarşı “qaz oyunları” içindədir - hərgah, rəsmi açıqlamalarda bu görmək mümkün deyil. “İran Gürcüstana qaz satsa, o zaman Tiflisin ”Qazprom" qarşısında maliyyə öhdəlikləri yaranmış olacaq". Bunu isə jurnalistlərə açıqlamasında Gürcüstanın energetika nazirinin müavini İlya Eloşvili söyləyib.
Onun sözlərinə görə, İran qazı Gürcüstana yalnız Ermənistan vasitəsilə gələ bilər: “İrandan qaz gəlməsi üçün Ermənistan ərazisindəki 700 millimetrlik boru kəmərindən istifadə edilməlidir. Bu boru kəmərinin sahibi ”Qazprom"un törəməsi olan şirkətdir. Əgər biz İrandan qaz alsaq, o zaman tranzit üçün “Qazprom”a qaz ödəmiş olacağıq. Gürcüstanın Azərbaycan, Rusiya və İrandan qaz almaq imkanları var. Biz hər üç ölkə ilə açıq danışıqlar aparmalıyıq və öz milli maraqlarımızdan çıxış etməliyik. Biz bir mənbədən asılı olmamalıyıq".
Yada salaq ki, hazırda Gürcüstanın ən böyük qaz təchizatçısı Azərbaycandır. SOCAR ölkənin qaza olan tələbatının hamısını ödəyə biləcəyini bəyan etsə də, Tiflis buna məhəl qoymur. Hazırkı hakimiyyət ölkənin enerji mənbələrinin diversifikasiyasını həyata keçirməkdə israrlı olduğunu bildirib. Məhz buna görə “Qazprom” və İranla danışıqlara başlayıb.
Ancaq göründüyü kimi, bu, elə də asan reallaşa bilən məsələ deyil. İş ondadır ki, qaz təchizatçılarının diversifikasiyasının sonunda Tiflis Kremldən daha güclü asılılığa düşə bilər. O zaman sual ortaya çıxacaq: görəsən, Azərbaycandan asılılıq daha yaxşıdır, yoxsa Gürcüstan iqtidarının işğalçı adlandırdığı Rusiyadan?
Siyasət şöbəsi