Prezidentin Gürcüstan səfəri də qonşu ölkəni işğalçı Ermənistan vasitəsilə İran qazı almaq planlarından çəkindirməyib; rusiyayönlü “boz kardinal”ın israrı Azərbaycan-Gürcüstan münasibətlərində soyuqluğa gətirə bilər...
Rəsmi Tiflisin Azərbaycanın iqtisadi, strateji maraqlarına birbaşa toxunan müəmmalı qaz oyunu davam edir. Belə görünür, prezident İlham Əliyevin ayın əvvəlində qonşu ölkəyə elədiyi səfər də ikitərəfli münasibətlərdəki bütün “i”lərin üzərinə nöqtə qoymayıb. Hər halda, müşahidələr belə söyləməyə əsas verir.
Həmin səfər rəsmi Bakı üçün mühüm olan iki məsələyə aydınlıq gətirməli idi: 1. Gürcüstanın Azərbaycan qazını qoyub qəfildən Rusiya qazına göz dikməsi, Moskvaya meyllənməsi hansı zərurətdən doğub? 2. Tiflis hökuməti gerçəkdənmi Ermənistan vasitəsilə İrandan qaz almaq niyyətindədir?
Birinci məsələyə gəlincə, iki gün öncə Tiflisdə hökumətin “Qazprom” şirkəti ilə danışıqları əleyhinə keçirilən etiraz aksiyası özlüyündə çox şeyi deyir. Xatırladaq ki, aksiya sabiq baş nazir Bidzina İvanişvilinin biznes-mərkəzinin yaxınlığında baş tutub. Bu da təsadüfi deyil, çünki indiki gürcü hökumətinin əsas ideoloqu və “boz kardinalı” məhz milyarder İvanişvili sayılır. Hakimiyyətdə təmsil olunmasa da hökumətin siyasi-iqtisadi kursunu o müəyyənləşdirir.
“Gürcüstan hökuməti dekabradək ”Qazprom"la anlaşma sənədi imzalamağa hazırlaşır. Bu o zaman baş verir ki, Azərbaycan bizə istənilən həcmdə qaz verməyə hazırdır. Rusiya qazı bahalıdır və stabil deyil, həmçinin şantaj silahıdır. Azərbaycan qazı isə ucuz və stabildir. Seçimin Rusiya və Azərbaycan arasında saxlanması açıq-aşkar qərarın iqtisadi yox, siyasi xarakterli olduğuna işarədir", - deyə aksiyanın təşkilatçısı olan “Platforma - Azadlığın müdafiəsi” aksiyasının təşkilatçıları bəyan eləmişdilər.
Yəni qonşu ölkənin öz daxilində də məsələ kifayət qədər etirazla qarşılanır və iqtisadi yox, məhz siyasi xarakterli layihə hesab olunur. Doğrudur, anlaşmanın imzalanma tarixi hələ dəqiq bilinmir. Lakin Gürcüstanın Energetika Nazirliyindən bəyan ediblər ki, imzalanma yaxın zamanlarda reallaşa bilər.
***
Bu arada Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze həm toplumu, həm də bir növ Bakını arxayın etməyə yönəlik açıqlama verib (APA).
Nazir deyib: “Biz hər il Rusiya ilə tranzit vasitəsilə qaz almaq barədə müqavilə imzalayırıq. Hər il də müqaviləni yeniləyirik. Dekabr ayınadək hələ vaxtımız var və biz bu barədə ”Qazprom"la danışıqlar aparacağıq. Fikirləşirəm ki, hər şey yaxşı olacaq".
Onun sözlərinə görə, Azərbaycan qazı Gürcüstan hakimiyyəti üçün prioritetdir: “Azərbaycan qazı nəinki bizim üçün prioritetdir, eləcə də Azərbaycan bir ölkə olaraq bizim strateji tərəfdaşımızdır. Biz Azərbaycan ilə uzun illərdir birgə işləyir, dostluq edirik, çox yüksək səviyyədə dostluq münasibətlərimiz var və bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri bunu sübut edir. Bizim onunla yüksək səviyyədə görüşlərimiz oldu və hər bir sahədə razılığa gəldik. Azərbaycanın qaz saxlanılması layihəsində iştirak etmək üçün böyük marağı var və biz gələn il Gürcüstanda bu layihənin tikintisinə başlayacağıq. Bir sözlə, Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır və bu dostluq münasibətləri davam edəcək”.
Lakin gerçək budur ki, Gürcüstanın KİV-ləri də müxalifət kimi “Qazprom”la gürcü hökumətinin son aylar apardığı danışıqları və Rusiya ilə qaz sahəsində münasibətlər qurmaq cəhdini siyasi qərar hesab edir. Nazir isə bu iddialarla razılaşmır: “Bu xəbər yalandır. Gürcüstanda ”Milli Hərəkat" adlı müxalifət var və onlar çalışır ki, bu münasibətləri siyasi istiqamətə yönəltsinlər. Bu, təmiz kommersiya müqaviləsidir ki, biz Rusiya ilə hər il imzalayırıq. Biz müqavilə imzalayaraq əlavə qaz alırıq və bu istiqamətdə heç bir problem yoxdur".
Lakin nazirin sözlərinə rəğmən, fakt faktlığında qalır ki, Tiflis illərdir işğalçı saydığı bir dövlətdən - Rusiyadan alacağı qazın həcmini artırmaq fikrindədir. Ayrı sözlə, söhbət həqiqətən də sırf iqtisadi müzakirələrdən getmir.
***
Qaldı Tiflisin Ermənistan keçəcək boru kəməri vasitəsilə İran qazını almasına, energetika naziri bu barədə bildirib: “Biz hələ gözləyirik ki, bu yöndə İranla münasibətlərimiz necə olacaq, əlbəttə, əgər imkan olarsa, biz bu məsələni müzakirə edəcəyik”. Yəni aydın olur ki, məsələ Əliyevin səfərindən sonra da gündəmdən düşməyib, aktuallığını azaltmayıb.
Bidzina İvanişvili isə Azərbaycan prezidentinin Tiflis səfərindən cəmi 5 gün sonra (!!) məsələ barədə danışarkən xüsusi vurğulamışdı ki, Gürcüstan İranla münasibətlərə, ilk növbədə də qaz anlaşmasına böyük önəm verir və “yəqin ki, tezliklə İrandan qaz alınması reallaşacaq”.
Sitat: “Bilin ki, İran, Çin və həmçinin Rusiya bizə mütləq lazımdır. İran qazı Gürcüstan bazarına daxil olsa, çox maraqlı olardı. Düşünürəm ki, böyük ehtimalla, belə də olacaq”. Sabiq baş nazir Tehranla möhkəm və dərin əlaqələrinin qurulmasının əhəmiyyətini qabardaraq əlavə etmişdi ki, özü danışıqlarda sahibkar kimi iştirak edir.
Beləliklə, İran qazının Ermənistandan keçməklə Gürcüstana çatdırılması ideyası da öz əhəmiyyətini saxlayır. Hər halda, gürcü “boz kardinal”ın açıqlaması buna şübhə yeri saxlamır. Nazirin son açıqlaması isə bu qənaəti möhkəmlədir.
Kəsəsi, prezident İlham Əliyevin Gürcüstan səfərindən sonra da qonşu ölkənin Ermənistan vasitəsilə İran qazı almaq sevdasından çəkinmədiyi üzə çıxır. Rusiyayönlü “boz kardinal” və komandasının bu israrı isə Azərbaycan-Gürcüstan münasibətlərində soyuqluğa gətirə bilər.
Azərtaym.az