İlham Əliyev gürcü nazirə necə dərs keçdi?

 


 

 

 

Gürcüstanın qaz oyunu, yoxsa...?

Bu həftənin ən önəmli xəbəri Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfər etməsi idi. Ölkə başçısının səfərindən öncə mətbuatda ölkələrimiz arasında münasibətlərin gərgin olması ilə bağlı fikirlər səsləndirilirdi. 

Ekspertlər iddia edirdilər ki, Gürcüstanın Rusiyadan qaz almaq niyyəti, bu kontesktdə Azərbaycan qazından imtina etməsi iki ölkə arasından diplomatik münasibətlərin pozulmasına gətirib çıxaracaq.

Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Azərbaycanın onun ölkəsini qazla təmin edə bilməməsi haqda dediyi fikirlər bu iddiaları daha da dərinləşdirirdi.

Gürcü nazir məlum çıxışında bildirmişdi ki, Azərbaycan qazı Gürcüstanı təmin edə bilmədiyi üçün onlar alternativ variantlara əl atmaq, hətta Rusiyadan qaz almaq niyyətindədilər. 

Kaladzenin mövqeyindən hiss olunurdu ki, Gürcüstan Azərbaycandan olan qaz asılılığını azaltmaq üçün İran və Rusiya ilə danışıqlar aparır. Doğrudur nazir, rəsmi Tiflisin bu mövqeyini istənilən inkişaf etmiş ölkənin enerji mənbələrini diversifikasiya etməyə çalışması ilə əlaqələndirdi. 

Azərbaycan prezidentinin Gürcüstana səfəri zamanı bütün suallar öz cavabını tapdı.

Prezident İlham Əliyev çıxışı zamanı guya Azərbaycan qazının Gürcüstana bəs etməməsi ilə bağlı deyilən fikirlərin ağ yalan olduğunu dünya ictimaiyyətinə bəyan etdi.

Ölkə başçısının Tbilisidə verdiyi bu mesaj gürcü nazir Kaladzenin fikirlərinin həqiqətdən uzaq olduğunu göstərdi: 

“Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kub metr səviyyəsindədir. Bu o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək”.

İlham Əliyev səfəri zamanı diqqətə çatdırdı ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir və Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer alır.

Azərbaycanın lideri bu bəyanatı ilə həm gürcülərə, həm də Gürcüstan vasitəsi ilə ölkəmizə təzyiq etmək istəyən qüvvələri mat vəziyyətinə saldı. 



Prezidentin çıxışından da göründüyü kimi, gürcülərə qaz lazımdırsa, Azərbaycanda ehtiyatlar kifayət qədərdir və 100 il həm gürcülər, həm də avropalıları təmin edə bilərik. 

Prezidentin Gürcüstan səfərini şərh edən politoloq Arzu Nağıyev hesab edir ki, Azərbaycan Gürcüstana qaz satışının inhisarçısı deyil: “Azərbaycan Gürcüstan əhalisi üçün çox ucuz qiymətə qaz satır. Bu gün neftin qiyməti aşağı düşdüyü üçün Rusiya heç bu barədə danışan deyil. Çünki Rusiya bu addımı atsa və Azərbaycan onlara qaz satmaqdan imtina etsə, neftin qiyməti qalxanda bu sazişlər alınmayacaq. Gürcüstan unutmamalıdır ki, siyasi məsələləri üzə çıxarmaqla Azərbaycan öz qazını Türkiyəyə də sata bilər. Nəzərə alsaq ki, Türkiyədə Rusiya qazı daha bahadır. İran qazı isə hər iki qiymətdən də bahadır”.

Politoloq, millət vəkili Rasim Musabəyovun fikrincə, ölkə başçısının Gürcüstana səfəri Azərbaycan-Gürcüstan strateji partnyorluğuna hesablanıb: “Bu gün iki ölkənin partnyorluğu həyati əhəmiyyət kəsb edir. Hesab edirəm ki, buna xələl gətirəcək hər hansı bir addım atılmayacaq. Prezident İlham Əliyevin Gürcüstana səfər etməkdə məqsədi böyük starteji layihələrin reallaşmasının yaxınlaşdığı ərəfədə etibarlılığı möhkəmləndirmək idi. Düşünürəm ki, səfər zamanı Azərbaycan istədiyini ala bildi”.

Gürcülərin qaz oyununa münasibət bildirən politoloq hesab edir ki, onlar bununla Azərbaycanı hansısa, güzəştli qiymətlərlə əlavə qaz verməyə məcbur etmək istəyirdilər: “Bu gün Azərbaycanın gürcülərə ucuz qiymətə əlavə qaz vermək imkanı yoxdur. İndi onlar qazı Rusiyadan almaq istəyirlərsə, buyursunlar. Amma, ucuz qiymətə rus qazı gəlirsə, arxasınca siyasi sifarişlər gələcək. Bu nə dərəcə Gürcüstanın milli maraqlarına cavab verir, buna gürcü cəmiyyətinin özü cavab verəcək”.

Səfərin nəticəsi göründüyü kimi hər iki tərəfi razı salan olub. Bunu hər iki prezidentin bəyanatından da görmək mümkündür.

“Mən çox şadam ki, müzakirə olunan bütün məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Biz dostuq, qardaşıq. Mənim uğurlu səfərim bizim gələcək dinamik əməkdaşlığımız üçün də gözəl bir addımdır”,-deyə Azərbaycan prezidenti vurğulayıb.



Prezident İlham Əliyevlə birgə Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev hesab edir ki, Rusiyanın Gürcüstanda indiki şəraitdə qaz verməsi nağıldır.

“Bizim Gürcüstan hakimiyyəti qarşısında öhdəliyimiz yoxdur və onlar da öz seçimində azaddılar: hardan istəsələr qaz ala bilərlər. Rusiya qazı almaq istəyirlər, problem yoxdur, boru keçir ordan, istədikləri vaxt pulunu ödəyib qaz ala bilərlər. Heç kəs bunun qarşısını ala bilməz. Amma rəqabət qabilyətlidirmi? Bu ayrı bir sualdır. Buyursunlar alsınlar, kommersiya biznesinə girişirsə, buyursun”.






Fikirlər