Tarixçi-analitikdən sensasion təklif: “Rusiya 250 il öncəki səhvini düzəltməli, işğalçıdan qurtulmalıdır”; erməni hərb nazirinin Moskva səfərinin pərdəarxası, Ruhaninin isə İrəvan səfəri ilə bağlı əsas gözlənti - iri dövlətlər Qarabağa görə hərəkətə keçir?..
Ermənistanın müdafiə naziri Vigen Sərkisyan üç günlük səfərlə Rusiyaya gedib. Səfərin həm müddəti, həm də gündəliyi diqqət çəkməyə bilmir. Rəsmi məlumatlara görə, erməni hərbi nazir rusiyalı həmkarı Sergey Şoyqu ilə ortaq hərbi qruplaşma yaradılması və tərəflər arasında 2017-ci il üçün hərbi və hərbi-texniki əməkdaşlıq haqda anlaşmalar imzalayacaq. Sərkisyan həmçinin Rostov-Donda Cənub Hərbi Dairəsinin Qərargahına baş çəkəcək, hərbi strukturların işi ilə tanış olacaq.
Göründüyü kimi, səfər faktiki surətdə Rusiya və onun Güney Qafqazdakı yeganə forpostu arasında hərbi-siyasi müttəfiqliyi keyfiyyətcə yeni mərhələyə daşıyacaq; işğalçı Ermənistanın Moskvadan asılılığı artsa da, eyni zamanda onun təhlükəsizliyinə zəmanəti artıracaq və nəticə etibarilə də Qarabağ məsələsində İrəvanı daha radikal ritorikaya kökləyəcək - təbiki, Rusiya buna imkan verəcəyi çərçivədə.
İş də ondadır ki, əslində Kreml indi ondan daha güclü asılılığa düşəcək satellit Ermənistanı Dağlıq Qarabağ məsələsində asanca kompromisə sövq edə bilər. Bəzi siyasi təhlilçilər də o qənaətdədir ki, bundan sonra Dağlıq Qarabağ ixtilafının həllində Moskvanın söz sahibliyi arta, bu üzdən də o, İrəvanın kaprizlərinə fikir vermədən münaqişənin çözümündə real addımlar ata bilər.
***
Rusiyalı tanınmış tarixçi-analitik Oleq Kiznetsovun isə məsələyə özəl baxışı var. “Bu gün Dağlıq Qarabağ ətrafındakı situasiya belədir: Azərbaycan bütün hərbi-texniki parametrlərə görə Ermənistandan üstündür, beynəlxalq hüquq onun tərəfindədir. Ermənistanın tərəfində isə onun ambisiyaları, Rusiya və erməni diasporun dəstəyidir. Bu zaman ölkədə yaşayan sadə ermənilər işğal altındakı Azərbaycan ərazilərinin girovu olmaqdan ötrü heç də əldən getmirlər və ilk fürsətdəcə Ermənistanı tərk edib gedirlər. Vəziyyət sonsuza kimi belə davam edə bilməz”. Bu barədə onun rusdilli vesti.az saytındakı məqaləsində deyilir.
Analitik sözlərinə görə, Rusiya Ermənistanı hərbi-texniki və resurs kontekstində müdafiə eləməklə Azərbaycan ərazilərinin işğalının davam etməsinə görə tam məsuliyyət daşıyır: “Lakin Ermənistanın əhalisiz qalması tezliklə onu ya Qarabağı Bakının tabeçiliyinə qaytarmağa məcbur edəcək, ya da hər hansı şəkildə Ermənistan hökumətinin tabeçiliyində olmayan özəl hərbi şirkətlərin qüvvələri hesabına işğal rejimini dəstəkləmək məcburiyyəti yaranacaq. Bu ilin aprelindəki döyüşlər məhz regionda belə bir situasiyanı üzə çıxarıb”.
Rusiyalı ekspert hazırda Dağlıq Qarabağla bağlı durumu pat vəziyyəti yox, dalan durumu adlandırır: “Ancaq resursları tükənən kimi dalan öz öz-özünə aradan qalxacaq - necə ki, ATƏT-in Minsk Qrupunun başına bu gəldi. 2016-cı il göstərdi ki, Ermənistan zəbt elədiyi ərazilərdən çıxacaq. Lakin bu, təkcə onun yox, həm də Rusiyanın məğlubiyyəti olacaq. Moskva bu halda müstəsna olaraq öz axmaqlığı və 250 il öncə buraxdığı geosiyasi səhvi üzündən buna tuş gələcək. Vəziyyət sonsuzadək belə davam edə bilməz”.
Politoloq həmçinin Donald Trampın ABŞ prezidenti seçilməsini Vaşinqtonun Qarabağ nizamlamasına yanaşmasını dəyişə biləcək həlledici hadisə hesab edir. “Tramp və onun xarici siyasət məsələləri üzrə müşavirləri Barak Obama administrasiyasından fərqli olaraq, Qarabağ məsələsində başqa prinsipial mövqe tuta bilər. Onun nədən ibarət olduğunu yeni prezidentin andiçməsindən sonra biləcəyik. Bu yanaşmanı isə təbii ki, yeni dövlət katibinin Minsk Qrupuna təyin edəcəyi yeni amerikalı həmsədr səsləndirəcək. Çox qalmayıb”, - deyə Kuznetsov proqnoz edib.
Moskvalı analitik Trampla bağlı Qarabağ gözləntilərinə dair fikrini belə tamamlayıb: “Şəxsən mən Donald Trampı praqmatik, qismən də sinik siyasətçi sayıram. Bu keyfiyyətləri o, maliyyə biznesində dəfələrlə sübut edib - harda ki, onun haqda məhz belə reputasiya formalaşıb. Düşünmürəm ki, onun yaşında olan bir insan başqa fəaliyyət sahəsində dəyişə bilər. Bu üzdən o, yəqin ki, real vəziyyəti nəzərə alıb hərəkət edəcək, nəinki öz sələfinin dövründəki kimi, uydurulmuş ideoloji konstruksiyalarla”.
***
Öz növbəsində başqa bir rusiyalı siyasi şərhçi Sergey Strokan hesab edir ki, Minsk Qrupunun səylərinin iflas olduğu şəraitdə Dağlıq Qarabağ məsələsində konkret ölkələrin, o sırada regionun böyük dövlətlərinin rolu dəfələrlə artıb: “Böyük dövlətlərdən indi böyük qərarlar, cəsarətli və məsuliyyətli yanaşmalar tələb olunur”.
Ekspert bu xüsusda İranın da adını çəkib: “İran bu rol üçün yetişibmi? Prezident Həsən Ruhaninin İrəvan səfərinin yekunlarından bunu biləcəyik. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü heç zaman şübhə altına almayıb. Ancaq bu gün bu - azdır. Üstəlik, geosiyasi üçbucağın başqa bir tərəfi - müsəlman Türkiyə Ermənistana qarşı tamam fərqli münasibət sərgiləyir. Bunun növbəti təzahürü Türkiyənin Bakıdakı yeni səfiri Erkan Özoralın Azərbaycan parlanmentindəki çıxışı oldu.
Səfir Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsinə çağırış etdi və xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla Türkiyənin qan verən ortaq yarasıdır, ”Azərbaycana münasibətdə bu tarixi ədalətsizliyi düzəltmək zamanı çatıb". Belə bir durumda Bakı tam əsaslı şəkildə Tehrandan Qarabağ məsələsində daha aydın və fəal mövqe gözləyir. İran - Orta Şərqin olduqca iri və nəzərəçarpan dövlətidir. O üzdən də Tehran özünə ikimənalı və ya passiv Dəvəquşu siyasətini rəva bilə bilməz".
***
Ekspertlərin də vurğuladığı kimi, həm Rusiya-Ermənistan hərbi-siyasi əlaqələrində yeni gəlişmələr və erməni müdafiə nazirinin Moskva səfəri, həm Ruhaninin gözlənilən İrəvan ziyarəti və Rusiya xarici işlər naziri Sergey Lavrovun bu həftəyə planlaşdırılan Türkiyə səfəri Qarabağ məsələsi ətrafında duruma yeni özəlliklər və çalarlar gətirə, eyni zamanda bəzi “i”lərin üzərinə nöqtə qoya bilər.