"ERMƏNİLƏRİ AZĞINLAŞDIRAN RUS SÜLHMƏRAMLILARIDIR" - "Bölgədən çıxarılmalı və..."
Üzeyir Cəfərov: “Bəyanatlar təsir göstərməyəcək, Azərbaycanın müvafiq güc strukturları antiterror əməliyyatı həyata keçirməlidir" Zahid Oruc: “Hərbçimizə qarşı törədilən qəsd bizdən hərbi və diplomatik təzyiqləri artırmağı tələb edir” Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən 14 oktyabrda açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi hadisə ilə bağlı sərt bəyanat yayıb. Bəyanatda bildirilir ki, Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır: “Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək”. Azərbaycan Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı təcili bəyanat yayıb. Bəyanatda deyilir ki, bu, terror-təxribat əməlidir. Bildirilib ki, Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir: “Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir”. Erməni snayperinin Azərbaycan hərbi qulluqçusunu şəhid etdiyi barədə xəbər yayılandan bir neçə saat sonra isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verdiyi və 6 silahlının yaralandığı, onlardan ikisinin ölümcül vəziyyətdə olduğu haqda məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyi bu barədə də açıqlama yayıb. Açıqlamada bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib: “İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”. Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər. Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır" - nazirlikdən bildirilib. Əsgərimizin erməni silahlıları tərəfindən öldürülməsi Azərbaycan ictimaiyyətində qəzəb yaradıb. Sosial şəbəkələrdə Azərbaycan dövlətindən təcili sərt addımlar atılması, sürətli antiterror əməliyyatı keçirib bütün Qarabağda olan silahlı ermənilərin tərk-silah edilməsi tələbləri edilir. Bəs əsgərimizin erməni quldurları tərəfindən öldürülməsinə Azərbaycan necə reaksiya verəcək? Antiterror əməliyyatları başlaya bilərmi? Bu təxribat Qarabağda yeni müharibənin, yaxud antiterror əməliyyatının başlanmasına səbəb ola bilərmi? Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədə hələ də ermənilərin qanunsuz silahlı birləşmələrinin qalmasına biz nə vaxta kimi dözməliyik?! Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirib ki, Ermənistan və ona havadarlıq edənlər Azərbaycana problemi güc yolu ilə həll etmək variantına əl atmaqdan başqa yol qoymurlar. Ona görə də bəyanatla cavab verməklə məsələnin həllinin mümkün olmayacağını bilmək lazımdır: “30 ilə yaxın yüzlərlə bəyanat verildi. Amma heç bir nəticəsi olmadı, 30 il verdiyimiz bəyanatlar 30 santimetr də torpağımızın azad edilməsini reallaşdırmadı. Sonda torpaqlarımız hərbi yolla azad edildi. Biz o zamanlarda da deyirdik ki, bəyanatla məsələ həll olan deyil, bu problemin yeganə həll yolu hərbi gücü işə salmaqdır. Sübuta yetdi ki, bəli, hərbi güc tətbiq etməklə məsələni həll etmək yeganə yoldur. İndi Müdafiə Nazirliyi və xarici İşlər Nazirliyinin bəyanat verməsi ilə silahlı ermənilər Azərbaycan ərazisindən çəkiləsi deyillər, ruslara da bu bəyanatlar təsir göstərməyəcək. Ermənilərə bu azğınlıq üçün şəraiti məhz Rusiya sülhməramlıları yaradır. Odur ki, deputat Aqil Abbasın və digər çoxsaylı ekspertlərin, siyasətçilərin, ictimaiyyətin dediyi kimi, antiterror əməliyyatlarına başlamaq lazımdır. Erməni silahlı dəstələri Rusiya sülhməramlı qüvvələlərinin gözləri qarşısında açıq təxribatlar həyata keçirir. Atəşin haradan və kimlər tərəfindən açıldığını ruslar dəqiq bilir, görür, amma heç bir tədbir görmürlər. Baş verənlərə görə, Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Nə qədər ki, silahlı ermənilər tərksilah olunmayacaq, bundan sonra təxribatlar və faciələr uzun müddət davam edəcək. Rusiya sülhməramlıları bölgədən çıxarılmalı, ən azından aradan çəkilməli və Azərbaycanın müvafiq güc strukturları antiterror əməliyyatı həyata keçirməlidir. Bunun başqa yolu yoxdur. Əks halda rusların köməyi ilə erməni silahlı dəstələr güclənəcək, genişlənəcək və daha ciddi problemlə üz-üzə qalacağıq və belə vəziyyətdə olacaq toqquşma daha ağır faciələrlə nəticələnə bilər. Ona görə də nə qədər gec deyil, biz bütün erməni silahlı dəstələrini zərərsizləşdirmək üçün antiterror əməliyyatına başlamalıyıq". Deputatı Zahid Oruc isə redaktor.az-a deyib ki, bu təxribatlar ermənilərin özünə zərbə vurur: “Azərbaycan Qarabağın bütün ərazisi üzərində nəzarəti təmin etmək üçün sistemli, siyasi və regional tədbirlər həyata keçirir. Bu tədbirlər növbəti pillədə daha intensiv formada olacaq. Qarabağda yaşayan 25 minə yaxın erməni əhalisi və silahlı dəstələri bölgədə müharibənin məlum nəticəsini dəyişməyə qadir deyil. Bunu onlar özləri də yaxşı dərk edir. Ermənilərin bu illər ərzində yaşayışı və güzəranı hamıya bəllidir. Sadə erməni əhalisinə hər hansı status, əlahiddə müharibə lazım deyil. Onlar bizim cəmiyyətimizə inteqrasiya edərək dinc şəraitdə yaşamağın tərəfdarıdır. Lakin bəlli mərkəzlər, o cümədən Qarabağda keçmiş dövrdən qalan saxta idarə etmə strukturları, Ermənistanın millətçi-faşist qrupları, bu müharibəni uzun illər ərzində əldə saxlayaraq külli miqdarda gəlir əldə edənlər, lokal toqquşmaların, təxribatların, terror əməliyyatlarının, sui-qəsdlərin həyata keçirilməsində maraqlıdır. Bu təxribatlar şübhəsiz ki, ermənilərin özünə zərbə vurur. Bu konfliktdən Azərbaycan külli miqdarda ziyan çəkib. Erməni xalqının da itkiləri qat-qat çox olub. 20 iyunda Ermənistanda müharibədə məğlub olan şəxsə xalqın münasibətini də hər kəs gördü”. Deputat bildirib ki, belə bir situasiyada ermənilərə cavab reaksiyaları daha ağır nəticə törədə bilər: “Rus sülhməramlılarının hüquqi cəhətdən mandatı müəyyən olunmasa da, 10 noyabr bəyanatı belə bir çərçivəni müəyyən edib. Türkiyə və Rusiya monitorinq mərkəzi müxtəlif texnoloji vasitələrlə ərazilərə nəzarət edir. Bu məsələ ilə bağlı ciddi addımların atılacağına və əlində silah qalan ermənilərin dayandıqları nöqtədən çıxarılacağına ümid edirik. Hərbçimizə qarşı törədilən qəsd bizdən hərbi və diplomatik təzyiqləri artırmağı tələb edir. Bu məsələ ətrafında geniş miqyaslı hərbi əməliyyatlar gözlənilmir. Lakin Azərbaycanın hərbi siyasi iradəsi məsələnin gələcək dövrdə dəqiq həll planına malikdir. Təbii ki, bütün bunlar müəyyən dairələri narahat edir. Qarabağ müharibəsinin başlanması kimi, bitməsi də bizim qələbəmizlə yekunlaşacaq”.