RUSİYA ÜÇTƏRƏFLİ ANLAŞMALARI KOBUD ŞƏKİLDƏ POZDU - Azərbaycan yeni savaşa məcburdur...

Paşinyan Xankəndinə qoşun yığır, ruslarsa separatçılara tort kəsir...

Cənubi Qafqazda yeni savaş ola bilərmi? Bu sual hazırda olduqca aktualdır. Çünki yeni savaşı stimullaşdıra biləcək faktorların sırası genişlənməyə başlayıb. Və istənilən ehtiyatsız davranış genişmiqyaslı hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.

Əslində, Ermənistan yeni savaşın başlanması üçün kifayət qədər səbəblər yaradıb. Azərbaycan ordusunun mövqeləri hər gün Ermənistan tərəfdən atəşə tutulmaqdadır. Rəsmi İrəvan intensiv şəkildə hərbi-siyasi avantüralarını davam etdirir. Üstəlik, Paşinyan hakimiyyətinin hərbi təxribatları son günlər öz əhatə dairəsini də genişləndirib.

Məsələ ondadır ki, son bir neçə gün ərzində Ermənistan ordusunun hərbi birləşmələrinin Laçın dəhlizindən keçməklə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar yayılmaqdaydı. Artıq həmin məlumatların qətiyyən şayiələrdən ibarət olmadığı təsdiqləndi. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı son sərt açıqlamada bu məlumatların doğru olduğu birmənalı şəkildə vurğulanıb.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti öz hərbi təxrtibatlarını sərhəd bölgəsindən artıq birbaşa Azərbaycan ərazilərinə keçirməyə cəhd göstərir. Bu isə o deməkdir ki, rəsmi İrəvan mövcud vəziyyətlə hələlik barışmaq niyyətində deyil. Və bütün vasitələrlə silahlı münaqişənin yenidən bərpa olunmasına yol aça biləcək addımlar atır.

Təbii ki, bütün bunlar müəyyən mənada, Azərbaycanın səbrini test olunması təsiri bağışlayır. Hər halda, son vaxtlara qədər rəsmi Bakı sərhəd bölgəsində Ermənistanın törətdiyi hərbi təxribatlara səbrlə yanaşlamağa üstünlük verirdi. Ermənistan tərəfdən açılan açılan atəşə qarşılıq verməklə, kifayətlənirdi.

Ancaq Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərinə - Xankəndi və ətraf bölgəyə Ermənistan ordusunun hərbi birləşmələrinin daşınması rəsmi Bakının səbrini daşırdı. Nəticədə Azərbaycanın Müdafiə Nazirliyi konkret ünvana yönəlmiş sərt açıqlama ilə hər kəsə demək olar ki, sonuncu dəfə xəbərdarlıq etdi. Və bu açıqlamanın məzmunu atılacaq qəti addımlar öncəsində həm Ermənistana, həm də Rusiyaya mesaj kimi də anlaşıla bilər.

Onu da qeyd edək ki, rəsmi Bakının xəbərdarlığından bir gün öncə Rusiya Müdafiə Nazirliyinin açıqlaması yayılmışdı. Həmin açıqlamada rus sülhməramlıların nəzarətindəki ərazilərdə “erməni silahlı birləşmələri” ilə Azərbaycan ordusu arasında atışmanın olduğu bildirilirdi. Və indi rəsmi Bakı bunun səbəblərinin izahını haqlı olaraq, məhz elə Rusiyanın özündən tələb edir.

Məsələ ondadır ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında da vurğulandığı kimi, 10 noyabr anlaşmasının 4-cü bəndinin tələblərinə baxmayaraq, Ermənistan ordusunun qalıqlarının tam şəkildə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi bölgədən çıxarılması təmin olunmayıb. Halbuki həmin sənədin 4-cü bəndinə görə, Ermənistan ordusunun qalıqları, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsinə paralel olaraq, Azərbaycan ərazilərindən çıxarılmalıydı.

 

 

Bu isə o deməkdir ki, yalnız Ermənistan deyil, elə Rusiya da üçtərəfli anlaşmanı kobud şəkildə pozub. Rəsmi Bakının razılığı olmadan, Azərbaycan ərazilərində Ermənistan ordusunun qalıqlarının mövcudluğuna yumşaq desək, göz yumub. Halbuki bu, göz yummaqdan daha çox məqsədyönlü manevr təsiri bağışlayır. Belə anlaşılır ki, Kreml nəyəsə görə Azərbaycan ərazilərində Ermənistan ordusunun qalmasında maraqlıdır.

Bu ehtimalı son bir neçə gün ərzində Ermənistanın üçtərəfli anlaşmanı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması da birmənalı şəkildə təsdiqləyir. Əslində, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını peyda olmasını Rusiyanın necə izah edəcəyi maraq doğurmaya bilməz. Çünki Rusiyanın bütün bunlara seyrçi qalması dövlətlərarası münasibətlərdə olduqca ciddi skandaldır.

Məsələ ondadır ki, Rusiya üçtərəfli anlaşmaları kobud şəkildə pozub. Bir tərəfdən, Ermənistan ordusunun qalıqları bölgədən hələ də çıxarılmayıb. Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələri bölgədə Azərbaycanın erməni vətəndaşlarının təhlükəsizliyini təmin etmək missiyasını aşaraq, Araik Arutyunyanın separatçı-terrorçularının fəaliyyətinə münbit şərait yaradıb. Kremldə deyəsən, unudublar ki, rus sülhməramlıların missiyasi bayramlarda erməni separatçıları üçün tort kəsmək, erməni terrorçuların qadınlarına gül paylamaq, uşaqlarına isə yay-istirahət düşərgələri təşkil etməkdən ibarət deyil.

Hələ bütün bunlar azmış kimi, Paşinyan hakimiyyəti Laçın dəhlizindən keçməklə, Ermənistandan Xankəndi və ətraf bölgəyə yeni hərbi birləşmələr göndərir, ərazidə müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları isə baş verənləri müəmmalı şəkildə müşahidə etməklə kifayətlənirlər. Halbuki üçtərəfli anlaşmalarda Laçin dəhlizindən hərbi xarakterli istifadəyə icazə verilməsi barədə heç bir müddəa yoxdur.

Əgər, rus sülhməramlılar Laçın dəhlizinə nəzarət etmək istəmirlərsə və ya bunu bacarmırlarsa, dərhal kənara çəkilməlidirlər. Bu işi Azərbaycan ordusunun hərbi hissələri onların əvəzindən məmnuniyyətlə və tam dəqiqliyilə yerinə yetirə bilərlər. İndiki haldasa, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsiplərini və hərbi təhlükəsizlik maraqlarını ciddi şəkildə risk altında buraxmış olur.

Ancaq rəsmi Bakının Azərbaycana qarşı qurulan bu hərbi-siyasi oyuna uzun müddət səbrli yanaşacağına ümid bəsləyənlər yanılırlar. Müdafiə Nazirliyinin açıqlamasında da açıq şəkildə xəbərdarlıq edildiyi kimi, yəqin ki, ən yaxın günlərdə bütün bunlara sərt cavab reaksiyası veriləcək. Yəni, Azərbaycan ordusu tərəfindən adekvat addımların atılması təmin olunacaq.

Hələliksə, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə üçtərəfli anlaşmaların kobud şəkildə pozulması ilə törədilən bütün hərbi-siyasi təxribatlara görə məhz Kreml birbaşa məsuliyyət daşıyır. 

Ona görə də, Rusiya sülhməramlıları müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına dərhal son qoymalıdırlar.

Çünki rəsmi Bakı rus sülhməramlılarının arxasında gizlənən erməni silahlı dəstələrinin hərbi təxribatlarına və separatçıların siyasi hoqqabazlıqlarına uzun müddət səbr göstərməz.  Yəni, çox tezliklə Xankəndi və ətraf bölgədə antiterror əməliyyatlarına başlamaqla, problemi kökündən, həm də birdəfəlik həll edə bilər.Bu, baş verərsə, onda rus sülhməramlılarına bölgədə ümumiyyətlə, hər hansı ehtiyac qalmayacaq.(musavat.com)






Fikirlər