Fransa prezidentini Xankəndidə “seçirlər” - Paris qərəzdən “partlayır”
Azərbaycan nə qədər humanist yanaşma sərgiləsə də, erməni revanşistlərinə “zəhər” verən “kərtənkələlər” geri çəkilmək istəmirlər. Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya, o cümlədən dəmir yolu və avtomagistralla bağlı razılaşmaların əldə olunması, yaxud prosedurlara başlanılması ərəfəsində Ermənistanın “böyük bacısı” yenə də aranı qarışdırmağa başlayıb. Belə ki, Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş qadın siyasətçi Valeri Pekres Qarabağa qanunsuz səfər edib. Pekres fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Arayik Arutyunyan, David Babayan, həmçinin “artsax”ın ruhani lideri ilə görüşüb. Məlum olur ki, xanım namizəd Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə heç bir icazə və qanuni əsas olmadan rahat şəkildə dolaşıb, qəbiristanlıqlardakı quldur məzarlarını ziyarət edib, qanunsuz rejimin üzvləri ilə bir sıra təmaslarda bulunub. Ümumiyyətlə, hazırda Fransada prezidentliyə namizədlərin bir yarışı getməkdədir. Bu yarış erməni əsilli fransız vətəndaşlarının səsləri uğrundadır. Hazırkı prezident Makron başda olmaqla, bütün namizədlər hər cür meymunluq edirlər ki, erməni seçicilərin xoşlarına gəlsinlər və onların səslərindən bir qismini ala bilsinlər. Qeyd edək ki, Fransa prezidentliyinə digər namizəd Erik Zemmur da bugünlərdə Ermənistanda olub. Ötən həftə Fransa mətbuatı iddia etdmişdi ki, ölkədəki erməni icmasının bir neçə nümayəndəsi prezident Emmanuel Makrona açıq məktub yazıb, onu Ermənistana səfərə dəvət edib. Bundan əvvəl Fransanın İrəvandakı səfiri Ann Luis bildirmişdi ki, Makron “İrəvana səfər etməkdən çox şad olacaq, lakin gün hələ müəyyənləşməyib”. Fransada prezident seçkiləri 2022-ci il aprelin 10-unda keçiriləcək. Belə görünür ki, namizədlər hələ rəsmən qeydiyyata alınmamış Qarabağa gələrək, özlərinin erməni sevgilərini izhar etmək, Fransadakı erməni seçicilərin rəğbətini qazanmaq istəyirlər. Yeri gəlmişkən, bu cür faktlar Rusiya sülhməramlılarının da etibarsızlığını bir daha ortaya qoyur. Məsələ Azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olub. AMIP Fransa prezidentliyinə namizəd Valeri Pekresin qanunsuz olaraq Qarabağa səfər etməsini, separatçı rejimin nümayəndələri ilə görüşməsini Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına həqarət kimi qəbul edir. Bu barədə “Yeni Müsavat”a göndərilən bəyanatda deyilir. “Azərbaycan rəsmilərindən bu hadisə ilə bağlı susmamağı, təcili münasibət bildirməyi və Valeri Pekresin arzuolunmaz şəxs elan olunmasını tələb edirik. AMİP hesab edir ki, eyni zamanda Laçın koridoruna nəzarəti öz üzərinə götürmüş Rusiyaya da dərhal etiraz notası göndərilməli və ”sülhməramlıların" Azərbaycan qanunlarına bu şəkildə yanaşması, vəzifə səlahiyyətlərini aşaraq əraziyə aidiyyəti olmayan şəxsləri buraxması ilə bağlı izahat tələb olunmalıdır", etiraz bəyanatında vurğulanır.
Qeyd edək ki, bir müddət öncə Fransanın “Atlantico” adlı jurnalı “Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri” başlıqlı məqaləsində bu ölkədəki ermənilərin təhlükəli olmasına diqqət çəkmişdi. Amma fakt faktlığında qalır, Fransa kimi ciddi dövlət hələ ki, ərazisindəki 500 min erməninin az qala girovuna çevrilir bir sıra hallarda. Xüsusilə də seçkilər ərəfəsində erməni seçicilərin səsləri uğrunda “ölüm-dirim” mübarizəsi gedir və bəziləri özlərini “axırıncı yol”a qoymaqdan da çəkinmir. Ümumiyyətlə, Valeri Pekresin Ermənistana və sonra Xankəndinə səfəri siyasi avantüradır. Gözlənti budur ki, Pekres Azərbaycanda arzuolunmaz şəxs elan ediləcək. Ancaq əgər o, yaxud digər bu kimi addım atmış şəxs prezident seçilərsə, Fransa ilə Azərbaycan arasında əlaqələrin aqibəti necə olacaq? Əgər Pekres prezident seçilərsə, bu, həm Fransa-Azərbaycan əlaqələrinin, həm ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyinin və ümumiyyətlə, ATƏT Minsk Qrupunun sonu deməkdir. Makron Fransanın daxilində formalaşmış konyukturu nəzərə alaraq və erməni lobbisinin münasibətini əldə etmək üçün açıq şəkildə Ermənistanı dəstəkləsə də, mövcud reallığı başa düşürdü, ona görə də qırmızı xətti keçmədi, beynəlxalq qanunvericiliyi, dünyada formalaşmış davranış standartlarını tapdaq altına atmadı. Görünən budur ki, Pekres kimilərini isə Fransanın maraqları, hətta öz ölkəsinin Azərbaycanın qismində Cənubi Qafqazı itirəcəyi təhlükəsi də düşündürmür.
Elçin Mirzəbəyli Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Pekresin Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərinə qanunsuz səfərinin məsuliyyəti Moskvanın və İrəvanın üzərinə düşür: “Həmçinin Azərbaycanın 10 noyabr bəyanatında nəzərdə tutulan vaxtı gözləmədən Laçın dəhlizi üzərində tam nəzarəti ələ almasına zəmin yaradır. Valeri Pekresin adının ”qara siyahı"ya salınması ilə kifayətlənmək, düşünürəm ki, yetərli deyil və effektiv nəticə verməyəcək. Səfərin Ermənistanın baş naziri Nikol Paşinyanın xeyir-duası ilə gerçəkləşdiyi şübhəsizdir. Valeri Pekres sağ mərkəzçi Respublikaçılar Partiyasının namizədidir və onun seçkilərdə əsas rəqibləri ultrasağçı, populist Marin Le Pen və Fransada “Trampçı” kimi tanınan sağçı Erik Zemmur sayılır. Pekress, Le Pen və Zemmurun elektoratı, demək olar ki, eynidir. Sağ təmayüllü insanların səsi uğrunda mübarizə çox güman ki, bu şəxslərin arasında gedəcək. Bu baxımdan da Pekres Le Pen və Zemmurun erməni məsələsi üzərindən yürütdükləri siyasətə, ən azı şərik olmaq, digər tərəfdən Makronun Brüsseldəki təşəbbüsünün ona gətirə biləcəyi dividentləri neytrallaşdırmaq üçün Ermənistana və oradan da Azərbaycan ərazilərinə qanunsuz səfər edib. Yəni burada Fransanın Cənubi Qafqaz siyasətinin əsasını təşkil edən erməni amili ilə yanaşı, Fransanın daxili siyasətinə və təbii ki, prezident seçkilərinə yönəlmiş məqamlar da var". E.Mirzəbəyli Fransadakı seçkilərlə bağlı proqnozlara da diqqət çəkdi: “Fransada keçirilən son sorğuya görə, Makron seçicilərin 17% səsini toplaya biləcək. İkinci sırada 12% səslə Le Pen və Zemmur gəlir. Respondentlərin 10%-i Pekresi dəstəkləyəcəklərini bildiriblər. Bu baxımdan da Pekresin seçkilərin favoriti olan Makronla rəqabət aparmaq və ən azı ikinci tura çıxa bilməsi üçün ilk növbədə Le Pen və Zemmurun mövqelərini zəiflətməsi lazımdır. Xüsusilə də Zemmur və komandası Pekresdən daha yaxşı və çevik bir kampaniya aparırlar. Və bugünkü reallıqlar çərçivəsində ikinci turda Makronla yarışmaq üçün mübarizə Le Penlə Zemmur arasında olacaq. Qənaətimə görə, seçki günü yaxınlaşdıqca, Fransada yaşayan ermənilərin səsi uğrunda mübarizə daha da güclənəcək və biz hər bir səsin uğrunda savaşın, həmçinin yeni təxribatların şahidi ola bilərik. Onu da qeyd edim ki, Zemmur Le Penlə müqayisədə Makron üçün daha təhlükəli rəqibdir. 63 yaşlı Erik Zemmur uzun illər boyu Fransanın ən nüfuzlu nəşrlərində və televiziyalarında çalışıb, güclü natiqlik və inandırmaq qabiliyyəti var. Digər rəqiblərindən fərqli olaraq, siyasətdə nüfuzunu yıpratmayıb, şəxsiyyət olaraq məşhur, siyasətçi kimi yeni simadır. Məhz bu baxımdan, onun ikinci tura keçməsi Makronun şanslarını xeyli azalda bilər. Mahiyyət ondan ibarətdir ki, Fransada prezidentliyə namizədlər arasında ermənipərəst olmayanı yoxdur və məhz bu baxımdan, Avropa İttifaqının mərkəzi strukturları və tərəfdaş olduğumuz üzv dövlətlərlə əlaqələri daha da intensivləşdirməli, rəsmi Parisin Avropa İttifaqı çərçivəsində Cənubi Qafqaza yönəlik siyasətinin mümkün qədər neytrallaşdırılmasına çalışmalıyıq. Bu amil, kimin prezident seçilməsindən asılı olmayaraq, Fransanın ”qırmızı xətti" keçməməsi üçün əsaslı faktora çevrilə bilər".
Tofiq Zülfüqarov “Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa səfərinə Rusiya sülhməramlılarının hansı əsasla yol verməsi haqlı sual doğurur”. Bunu isə “Report”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Onun sözlərinə görə, Valeri Pekres namizədliyi köklü ənənələrə malik respublikaçılar tərəfindən irəli sürülsə də, son vaxtlar onlardan bir qədər uzaqlaşaraq daha radikal fikirlər səsləndirməyə başlayıb: “Onun Ermənistana son səfəri qarşıdakı seçkilər ərəfəsində daha çox xal qazanmaq məqsədi daşıyır. Fransada erməni diasporu və onların səsləri 1 faizdən artıq olmasa da, ekspertlərin fikrincə, qarşıdakı seçkilər gərgin keçəcəyi üçün səslərin hər faizi uğrunda mübarizə məkrli vasitələrlə aparılır. Belə ki, Valeri Pekres seçki kampaniyasında daha çox xal qazanmaq ümidlə İrəvandan sonra qanunsuz olaraq Qarabağa səfər edib”. Sabiq nazir vurğulayıb ki, Rusiya sülhməramlıları həmin namizədə xal qazandırıb: “Bu cür səfərlər Laçın dəhlizini nəzarətə götürməyimiz üçün daha bir tutarlı əsas yaradır. Azərbaycanın suveren hüquqlarına qarşı bu cür oyunlara yol verməmək üçün həmin məsələ həll olunmalıdır”. Elşad Paşasoy,Ermənistanın “böyük bacısı”ndakı namizədlər seçkiöncəsi erməni səsləri uğrunda yarışa... Qarabağdan start verdilər; azərbaycanlı ekspertlərdən sərt reaksiyalar
“Yeni Müsavat”