Stalinin varisi ilə ən pisi hələ qabaqdadır...

Stalinin varisi ilə ən pisi hələ qabaqdadır...

“Elə bilirəm telefon qoyulub tabutunda, 
Stalin yenə də əmrlər verir.
Onun varisləri yaşadıqca dünyada
Sanıram Stalin mavzoleydədir.
Stalin pusquda dayanıb tabutunda,
dirilməkdədir” 
 
Bu misralar Yevgeni Yevtuşenkonun düz 60 il əvvəl yazdığı “Stalinin varisləri” şeirindəndir. Bu şeiri təsadüfən xatırlamadım. İki gün əvvəl- 5 martda  Stalinin öldüyü gün idi.  Həm də, dünyanı iki qütbə bölən Stalinin qurduğu düzəndə dəyişikliklər olsa da ,  onun varisləri itirdikləri əraziləri yenidən qaytarmaq üçün müharibəyə başlayıb. Kimdi onun varisləri? Ukrayna müharibəsini başlayan Vladimir Putin! Müharibə əmrini verməzdən iki gün əvvəl Lenini pisləyib Stalini tərifləyən Vladimir Putin Stalinin qoyduğu sərhədləri bərpa etmək niyətindədir. 
Bir vaxtlar Rusiyanın sərhədi Kubada, Berlində idi.., indi Rostov yaxınlığındadır və Putin bununla razılaşmaq istəmir. Dünya Putinin qarşısını almaqda acizdir, həm də indi yox. Putin 2008-də Gürcüstanı, 2014-də Krımı, Donbası işğal edəndə dünya seyrçi qaldı, verilən reaksiyaların təsirsizliyi onu şirnikləndirdi. Gücün hüquqdan üstün olduğunu özünə deviz edən Putin  Ukraynaya hücum edib dünyaya meydan oxuyur və bir daha Stalinin varisi olduğunu təsdiq edir. 1944-сü ildə Çörçil Stalinlə Polşa məsələsini müzakirə edən zaman polyakların katolikliyini nəzərə alıb Vatikan dövləti ilə, Roma papası ilə hörmət və ehtiramla davranmağın vacibliyini vurğulayır, Stalin isə onun sözünü kəsib gülə-gülə soruşur: ” Yox bir papa.... Onun neçə tank diviziyası var?”. Böyük Britaniyanın baş naziri belə bir sualı heç gözləmirdi. Axı söhbət təkcə Polşadan deyil, bütün dünyada papanın mənəvi təsirindən gedirdi. Stalin isə yalnız gücə hörmət etdiyini nümayiş etdirmişdi. Ukraynada başladılan müharibənin Rusiya dövlətinə və rus millətinə dünyada yaratdığı münasibəti hər gün görürük.  Sanksiyalar bir tərəfə, xarici ölkələrdə,hətta ibtidai sinifdə oxuyan rus uşaqlarına həmyaşıdları aqressiv və ikrahla yanaşır.  Stalinin varisi bu cür münasibətlərlə rastlaşacağını Ukraynaya hücum etməzdən əvvəl yaxşı bilirdi, amma onu məsələnin mənəvi tərəfi maraqlandırmır, ona Qərbi qorxutmaq, Ukraynanın simasında başqa postsovet ölklərinə dərs vermək, Rusiyanın dünyaya meydan oxuduğunu nümayiş etdirmək  önəmlidir. O postsovet ölkəsindən biri, qorxudulan dünyanın bir parçası da bizik və Stalinin varisinin qoşunu mənim kəndimin 10 kilometrliyində dayanıb. Çox təhlükəlidir. Dünyanı atom bombası ilə hədələyən, Avropanın böyük dövlətlərindən birini, öz provaslav, slavyan qardaşını məhv edən Stalinin varisi bizim kəndin yanında sülhməramlı ola bilməz. 
 Təhlükəsizliyimiz naminə Stalinin varisi ilə ehtiyatlı olmağımız, münasibətləri ölçülü-biçili etməyimiz həyati önəm daşıyır.  Ukrayna müharibəsinin məğlubu Stalinin varisi olacaq. O Kiyevi də tuta bilər, Ukraynanı parçalaya da bilər, amma bəşəriyyətin gözündə məğlubdur. Bəs, Rusiya cəmiyyətinin gözündə Stalinin varisi necə görünür? Rusiya bu varislə bərabər məğlub dövlət statusunu da qazana bilərmi? Son illərdə Rusiya cəmiyyətində dəfələrlə sorğu keçirilib ki, hansı ictimai-siyasi xadim, şəxsiyyət Rusiya tarixində ən böyük rol oynayıb, kimi daha çox qiymətləndirirlər? Stalin çox vaxt birinci olub və ya ilk üçlükdə yer alıb. Rusiyanın imperiya ambisiyaları rus cəmiyyətini də çoxdan aqressivləşdirib və bu günlərdə Rusiyada çox az bir kəsim Ukrayna müharibəsinə etiraz edir. Passionarlıq yox səviyyəsindədir. Nə vaxt anlayacaqlar ki, Stalinin varisi ilə ən pisi hələ irəlidədir, çünki Putinin geri yolu qalmayıb. Onu nə sanksiyalar, nə də Ukrayna müharibəsi dayandırmayacaq. Onu dayandıra biləcək qüvvə Qərb, NATO deyil, elə Rusiyanın özüdür, rus xalqıdır. XXI əsrdə Rusiyaya dekabristlər lazımdır. Gec olmadan anlamalıdırlar ki, Stalinin varisi onları, dünyanı məhvə aparır. Tam təcrid dövlətə, təcrid millətə, məğlub dövlətə çevrilmək istəmirlərsə.., Putindən xilas olmalıdırlar. Həm özlərini, həm bəşəriyyəti xilas etsinlər.  
 
İlham İsmayıl






Fikirlər