"Putin üçün "faşist" və ya "nasist" ona qarşı çıxanlar və milli düşmənlərdir"
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin davam etməsi fonunda Qərbin bir neçə KİV- ləri Putin rejimini anlamağa və onu tarixdə yerini müəyyən etməyə cəhd edir.
Amerikalı məşhur jurnalist qadın və tarixçi, Pulittser (ABŞ- da ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində nüfuzlu mükafat- red.) mükafatına layiq görülmüş "QULAQ. Böyük terror toru" kitabının müəllifi Enn Epplbaum "The Atlantic" nəşrinin səhifələrində Rusiyanın hazırki rejimini stalinizmlə müqayisə edib.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşrində dərc edilən analitik məqalədə məlumat verilib.
O, qeyd edib ki, Putinin Ukraynaya qarşı müharibəsi İosif Stalinin 1932- 1933- cü illərin dəhşətli qışında ukraynalı kəndlilərə etdiyi hücumu xatırladır. O zaman "kommunist partiyasının fəallar briqadası Ukraynanın bir kəndində evləri gəzərək yemək axtarıb...Onlar gedəndən sonra qidalarından məhrum olan ukraynalı kəndçilər siçovulları, qurbağaları və qaynadılmış ot yeyib...Təxminən 4 milyon insan aclıqdan tələf olub".
Epplbaum yazıb ki, bu fəallar "özlərində heç bir günah hiss etməyib. Sovet təbliğatı onlara təlqin edib ki, guya, bu kəndlilər varlıdır, onları qolçomaq, sabotajçı və düşmən adlandırıb, varlı torpaq sahiblərinin sovet proletariatına vəd edilən utopik arzulara çatmağa mane olduqlarını bəyan ediblər. Qolçomaqları parazitlər və milçəklər kimi əzmək lazım olduğuna inandırıblar".
Belə ritorika elə bu gün ukraynalılar haqqında Rusiya təbliğatına bənzəyir. "Putinin və əksəriyyət rusiyalı teleşərhçilərin fikrinə görə, ukraynalıların heç bir müstəqilliyi yoxdur. Onlar özlərinə hökumət seçməyi bacarmır. Onlar heç adam da deyil, "nasistlərdir". Ona görə də onlar qolçomaqlar kimi heç bir vicdan əzabı çəkmədən məhv edilməlidir".
Elə 1930- cu illərdə Ukrayna kəndlərini qolçomaqlardan təmizləyən kommunistlər kimi, bu gün rusiyalı əsgərlər dövlət təbliğatından bihuş olaraq təəssüf keçirmir, çünki ukraynalıları adam hesab etmirlər. "Onlar xəstə narkomanlar və nasistlərdir", - onlardan biri Ukrayna kəşfiyyatının ələ keçirdiyi telefon danışığında öz həyat yoldaşına belə deyib. O, məlumat verib ki, ukraynalı maşını atəşə tutub. "O yaramazların hamısını güllələmək lazımdır", - qadın belə cavab verib.
Epplbaumun bu yazısına cavab olaraq "Washington Post" qəzeti nüfuzlu Kornel universitetindən kommunizm tarixinin tədqiqatçısı, professor Sidni Tarrounun məqaləsini dərc edib. Müəllif iddia edib ki, hazırki Rusiya hakimiyyətinin stalinizmlə müqayisəsi şəksiz görünür, fəqət, Putinin qurduğu rejimin mahiyyətini anlamağa mane olur. Putinin Rusiyanı stalinizmə qaytarması dəlili sadədir. Stalin kimi, Putin də öz ətrafına istisnasız olaraq onunla razı olanları və yaltaqları toplayıb, opponentlərini isə qətlə yetirib və ya həbsə atıb.
Putin əhalinin çox hissəsini inandırıb ki, "dünya həmişə Rusiyanın əleyhinədir".
Lakin burada prinsipial fərqlər də var.
Birincisi, kommunist partiyasının infrastrukturunun olmaması Putini təhlükəsizlik xidmətləri və etibarsız oliqarxlar şəbəkəsindən asılı vəziyyətə salıb. Bu, onu ölkə daxilində potensial olaraq Stalinin olduğundan daha zəif edib.
İkincisi, bugünkü Rusiyada sosialist utopiyası naminə qurbanlara haqq qazandırmaq üçün, nə qədər şübhəli olsa belə, rəhbəredici mif daha mövcud düyil.
Üçüncüsü, Putinin hərb maşınının Ukraynada uğursuzluqları və Rusiya iqtisadiyyatında böhran onun Rusiyanı xaosdan xilas edən adam roluna iddialarını zəiflədib.
"Bu o demək deyil ki, Rusiya demokratiyaya doğru gedir", - müəllif yazıb. - Lakin bu o deməkdir ki, putinizmin bir idarəçilik sistemi kimi gələcəyi onun uzun müddət hakimlik edən sələfinin gələcəyindən fərqlənir və bu gün iki ay öncəkindən daha az təhlükəsizdir".
Nəhayət, daha bir görkəmli alim, Yel universitetindən tarixçi Timoti Snayder "New York Times" qəzetində yazıb: "Etiraf etmək lazımdır: Rusiya faşist dövlətidir".
Snayderin fikrincə, SSRİ- nin faşizmə və nasizmə qarşı mübarizə aparması faktı diqqətimizi belə bir faktdan da yayındırmamalıdır: bugünkü Rusiya adətən faşizmi təyin etmək üçün tətbiq edilən meyarların çoxuna cavab verir: liderin şəxsiyyətinə pərəstiş, Böyük Vətən müharibəsi ilə bağlı ölülərin şəxsiyyətinə pərəstiş, keçmiş imperiyanın böyüklüyü üçün xiffət hissi və onun şəfaverici zorakılıqla- Ukraynaya qarşı qanlı müharibə yolu ilə bərpa edilməsi.
Snayder xatırladıb ki, SSRİ- nin faşizmə qarşı müqaviməti yalnız 1941- ci ildə Hitlerin hücumundan sonra başlayıb. Buna qədər bu iki ölkə mahiyyət etibari ilə müttəfiqlər olub.
"Stalinin zamanında faşizmə qarşı heç bir münasibət olmayıb, sonra o, pis olub, sonra yaxşı olub, daha sonra yenidən pis olub. Amma heç kim də onun nə olduğunu müəyyən etməyib. Bu, elə bir qutu olub ki, içərisinə hər şey qoya bilərdin. Kommunistlər də faşistlər kimi açıq proseslərdə mühakimə edilib. "Soyuq müharibə" zamanı Stalin üçün amerikalılar və ingilislər faşistə çevrilib.Və bu "antifaşizm" Stalinə yəhudilərə qarşı təmizləmə aparmağa mane olmayıb", - Snayder yazıb.
21- ci əsrin Rusiyasında "antifaşizm", sadəcə, Rusiya liderinin milli düşmənləri müəyyən etmək üçün hüququna çevrilib. Putin üçün "faşist" və ya "nasist", sadəcə, ona qarşı və ya onun Ukraynanın məhv edilməsi planına qarşı çıxanlardır.
Ukraynalılar "nasistlərdir", çünki müqavimət göstərir.
"Başqalarını "faşist" adlandıran faşistlər- bu, özünün məntiqsiz həddinə çatdırılan faşizm deməkdir.
Başqalarını faşist adlandırıb, bu zaman özün faşist olasan- bax, putinizmin əsas praktikası bundan ibarətdir", - Snayder yazıb.
Müəllif: Aleksandra Appelberq