İRAN “QARDAŞ” DEYİB, KÜRƏYİMİZDƏN VURUR... - Səfirliyimizə hücumda məqsəd nə olub?
Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən şərəfsiz, xain hücumu gözlənilməz hesab etmək doğru olmaz. İrandakı rejim rəhbərlərindən tutmuş, onların Azərbaycanın üzərinə hürdürdükləri tulalara qədər Tehran hakimiyyətinə yaxın bütün anti-Azərbaycan dairələr, xüsusilə də 44 günlük müharibədən sonra “zəncir gəmirirdilər”. Gah Ermənistan sərhədlərini öz sərhədləri hesab edir, gah Zəngəzur dəhlizi məsələsini “qırmızı cizgi” adlandırır, gah Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, gah da Azərbaycanın suveren hüquqlarına əl və dil uzadaraq, hansı ölkələrlə, necə diplomatik əlaqələr, münasibətlər qurmağımıza dair bizə az qala göstərişlər verirdilər. Ermənistana arxa-dayaq durmaqla yanaşı, utanmadan Azərbaycanla qardaşlıqdan dəm vuran bəzi yüksək ranqlı rejim nümayəndələrini ortalığa atır, reallıqda isə Azərbaycana qarşı açıq düşmənçilik, nifrət üzərində qurulan siyasət yürüdürlər. Rəsmi təbliğat vasitələrindən tutmuş, xüsusi olaraq Azərbaycana qarşı informasiya savaşı, təxribatlar törətmək üçün yaradılan kanallara qədər demək olar bütün vasitələrlə çirkin kampaniyalar, təbliğatlar aparırlar. Bütün bunların nəticəsi bu və ya digər formada özünü hansısa qanlı hadisə, qarşıdurma ilə büruzə verməli idi. Bu baxımdan İrandakı səfirliyimizə qarşı hücumu qətiyyən təsadüfi və hansısa fanatikin təkbaşına törətdiyi əməl deyil. Bu hücumun məqsədlərinə gəlincə, onlar müxtəlif ola bilər. Hətta ola bislin ki, məqsəd səfirimizi, yaxud başqa bir yüksək ranqlı diplomatımızı qətlə yetirmək olub. Lakin səfirliyimizin şəhid olmuş və yaralanmış əməkdaşları buna imkan verməyiblər. Əlbəttə ki, İran tərəfi bu hadisə ilə bağlı “təəssüfünü bildirəcək” və cinayətkarların cəzalandırılacağını vəd edəcək. Deyəcək ki, məqsəd “İran-Azərbaycan dostluğuna, qardaşlığına xələl gətirməkdir”, bunu “sionistlər” törədib və sair. Əslində isə bu baş verən hadisə İranın uzun zamandır Azərbaycana qarşı apardığı çirkin, xain siyasətin üzə çıxan nəticəsidir. Sual olunur ki, nədən bu hadisə İrandakı Ermənistan yox, Azərbaycan səfirliyində baş verib? Guya belə bir cinayətin baş verəcəyindən İran xüsusi xidmət orqanlarının öncədən xəbəri olmayıbmı? Nədən təhlükəsizliyi təmin etməyiblər? Azərbaycan öz səfirliyini qonşu ölkədə tankla, topla, təyyarə iləmi qorumalıdır? Kim təminat verə bilər ki, bu, elə İran xüsusi xidmət orqanlarının öz əl işi deyil? Bəlkə, Azərbaycana qarşı açıq nifrət, düşmənçilik siyasəti yürüdən İran kimi ölkələrdə ümumiyyətlə, səfirliyimiz olmasın? Nə bizim onlarda, nə də onların bizdə! /“AzPolitika.info”