Vardanyanın sonu çatdı - Qarabağdan QOVULUR...

Vardanyanın sonu çatdı - Qarabağdan QOVULUR 

Ermənistan hakimiyyəti Rusiyanın müəmmalı şəkildə Xankəndiyə göndərdiyi milyarder Ruben Vardanyanı yola salmağa hazırlaşır. Ermənistanın "Past" qəzetinin məlumatına görə, xarici işlər naziri Ararat Mirzoyan ötən həftə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib.

 

İddialara əsasən, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib. Bildirilib ki, buna səbəb Vardanyanın Azərbaycan-Türkiyə-Ermənistan “sülh müqaviləsi”nin imzalanmasına mane olmasıdır.

 

Ermənistan mətbuatının yaydığı informasiya Prezident İlham Əliyevin Münhenə səfəri ərəfəsinə təsadüf edib. Belə ki, dövlət başçısı Münhen Təhlükəsizlik Konfransının plenar iclasında çıxışı zamanı Vardanyanın Azərbaycan torpaqlarından uzaqlaşdırılması məsələsini diqqətə çatdırıb.

 

"Biz Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırıq. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin", - deyə Prezident Azərbaycanın tələbini açıqlayıb.

 

Maraqlıdır ki, Bakının Vardanyanla bağlı tələbinə İrəvan etiraz etmir. Hətta iddia olunur ki, təxribatçı milyarderin Qarabağdan çıxarılmasında Paşinyanın özü də maraqlıdır və tezliklə ondan qurtulmağa hazırlaşır.

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Prezident İlham Əliyev Münhendə qətiyyətli mövqeyini ortaya qoyub:

 

“Cənab Prezident çıxışı zamanı açıq şəkildə bəyan etdi ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlanan inzibati ərazi vahidi yoxdur. Diqqətə çatdırıldı ki, siz "Dağlıq Qarabağ" deməklə, Azərbaycan konstitusiyasına hörmətsizlik edirsiniz, belə etməməyiniz tövsiyə edilir. Vardanyan məsələsinə gəldikdə, əvvəldən onun Rusiyadan göndərilmiş emissar olduğu məlumdur. Məqsədli şəkildə Qarabağa göndərilib. Onun Qarabağda olması, qondarma qurumda rəhbərliyə gətirilməsi qəbuledilməzdir. O, cinayətkardır. Cinayətlə qazandığı pulları yumaqla məşğuldur. Azərbaycanın Qarabağdakı təbii sərvətlərini istismar edir. Belə cinayətkarla danışıq aparılmayacaq".

 

Deputat vurğulayıb ki, Qarabağda 1988-ci ilə qədər yaşayanlar və bu gün onların törəmələri olan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycan qanunlarına tabe olmalıdırlar:

 

"Onların təhlükəsizliyi və hüquqlarının qorunması da məhz Azərbaycan dövlətinin öhdəsindədir. Cənab Prezident bu məsələləri hər zaman diqqətə çatdırır. Münhen Təhlükəsizlik Konfransında oxşar fikirlər səsləndirildi. Prezident panel görüşündə Paşinyanın yalanlarını, sərsəm bəyanatlarını ifşa etdi. Azərbaycanın haqlı mövqeyi Prezident tərəfindən növbəti dəfə dilə gətirildi. Biz 30 il işğal altında olan ərazilərimizi azad etmişik. İndi də bütün qonşularla, o cümlədən Ermənistanla sülh şəraitində yaşamaq istəyirik. Artıq bununla bağlı təkliflərimizi vermişik”.

 

 

Xocalıdan olan deputat Paşinyanın Vardanyandan imtina məsələsinə də toxunub:

 

“Paşinyan Soros məktəbi keçib. O, sorosçudur və qərbyönümlü siyasətçi hesab olunur. Paşinyan ciddi cəhdlərlə Rusiyanın təsirlərini Ermənistanda azaltmaq istəyir. Çalışır ki, Rusiyanı Ermənistandan tamamilə çıxarsın. Ermənistana Qərbi dəvət edir. Bu fakt göz qabağındadır. Avropanın missiyası Ermənistana dəvət olunub. Burada Fransa faktoru qabarıq şəkildə özünü göstərir. Makron bir daha bəyan etdi ki, "Biz Ermənistanın yanındayıq. Bu dostluqdan əl çəməyəcəyik". Heç kimə sirr deyil ki, Vardanyanı separatçıların rəhbərliyinə Moskva göndərib. Bu səbəbdən Paşinyan və komandası Vardanyanı qəbul etmir. İrəvan təxribatçı erməni iş adamının Qarabağdan çıxıb getməsinə çalışır. Məncə, Paşinyan Arayik Arutyunyanın separatçıların rəhbəri kimi qalmasında maraqlıdır. 

 

Ümumilikdə söhbət təkcə Vardanyanın üzərində qurulmamalıdır. Söhbət Azərbaycanın Qarabağ bölgəsində kök salmış cinayətkarların, terrorçuların, separatçıların Azərbaycan qanunları qarşısında cavab verməsindən gedir. Onlar mütləq Azərbaycan qanunları ilə cəzalandırılmalıdır. Ya məhv olmalı, ya da çıxıb getməlidirlər. Azərbaycan ərazisi separatçılardan təmizlənməlidir. Makron, ya Paşinyan, yaxud başqaları separatçıları qorumaq istəsə də, nəticə dəyişməyəcək”.

 

Parlamentari artıq Qarabağdakı separatçıların sonunun çatdığını sözlərinə əlavə edib:

 

"Cənab Prezident üçtərəfli görüşdə məsələ qaldırdı ki, əgər Ermənistan Zəngəzur dəhlizinin giriş və çıxışında özünün sərhəd buraxılış, gömrük məntəqələrinin qurulmasını istəyirsə, Azərbaycan da öz ərazisində yerləşən Laçın dəhlizində sərhəd buraxılış məntəqəsi, gömrük postu yaradacaq. Prezident İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmayacaq. Azərbaycan gömrük, sərhəd buraxılış məntəqələri, Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının fəaliyyətini təşkil edəcək. Bu isə separatçıların sonunun çatması deməkdir".






Fikirlər