Növbəti zərbə nə olacaq? - Təhlil
“Atlas” Araşdırmalar Mərkəzi “Ermənistanı AŞPA-da gözləyən növbəti zərbə nədir?” adlı analitik material hazırlayıb. 2015-ci ilin yekunlaşmasına ay yarım qalıb. Bu il ərzində də Dağlıq Qarabağ münaqişəsinin həllində irəriləyiş olmadı. Əksinə, cəbhə bölgəsində gərginlik azalmayıb, atəşkəsin pozulması halları intensivləşib, ağır artileriyadan istifadə halları artıb. ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin həllində acizlüklərini nümayiş etdirirlər. Həmsədrlərin builki fəaliyyətlərinin əsas qayəsini Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək təşkil edir. Ancaq heç bu məqsədə də hələ ki, nail olmayıblar. Həmsədrlərin “durğunluq” dövrü yaşadıqları bir vaxtda AŞPA təşəbbüsü ələ almağa qərar verib. Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurası daha ədalətli mövqedən çıxış edir. AŞ PA-nın Siyasi Məsələlər Komitəsində məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzənin 28 oktyabrda Parisdə qəbulu da bundan xəbər verir. AŞPA-da Dağlıq Qarabağla bağlı məruzənin qəbulu uzunmüddətli gərgin müzakirələrin və mübarizənin məhsuludur. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan bir neçə qətnamə layihəsini AŞPA rəhbərliyinə təqdim etdikdə erməni deputatlar və erməni lobbisinin təsiri altında olan avropalı deputatlar buna qarşı güclü müqavimət göstərdilər. Buna baxmayaraq, AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın armasına dair” məruzəsinin hazırlanmasına qərar verilir. Yəni gərgin mübarizənin nəticəsi olaraq çoxluq Azərbaycanın yanında yer aldı. Müvafiq məruzənin hazırlanması Böyük Britaniyalı deputat Robert Volterə həvalə olundu. Bu arada, Ermənistan hərbçiləri Kəlbəcər ərazisində Azərbaycan vətəndaşları olan Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girov götürdülər. Elxan Süleymanov bu məsələ ilə bağlı layihəni AŞPA rəhbərliyinə təqdim etdikdə girovların məsələsi məruzəyə daxil edilmək üçün Robert Volterə təqdim edildi. Robert Volter məruzənin hazırlanması məqsədilə iki dəfə Azərbaycana səfər edib, yüksək səviyyəli görüşlər keçirib, cəbhə bölgəsində olub. Volterin Ermənistana da səfəri planlaşdırılırdı. Ancaq rəsmi İrəvan onunla əməkdaşlıqdan imtina etdi. Görünür, artıq rəsmi İrəvan o zaman anlayırdı ki, hazırlanan hesabat Ermənistanın işğalçı mahiyyətini ortaya qoyacaq. Və belə də olur. Volterin hazırladığı hesabatda birmənalı olaraq işğal faktı vurğulanmaqla yanaşı işğalçının ünvanı da göstərilib və ondan işğala son qoyması tələb olunub. Bu illər ərzində Dağlıq Qarabağla bağlı qəbul olunan heç bir beynəlxalq hesabat və ya məruzədə işğal və onun doğurduğu nəticələr Volterin hesabatındakı qədər çılpaqlığı ilə göstərilməyib. Hesabatın üstünlükləri bunlardır: Birincisi, hesabatda “münaqişə” ifadəsinin yerinə “işğal altındakı ərazilər” ifadəsi işlədilib. Halbuki, ilkin mətndə “münaqişə” ifadəsindən istifadə olunurdu; İkincisi, “işğal edilmiş ərazilər” Dağlıq Qarabağla yanaşı, ətraf ərazilərin də işğalını ehtiva edir; Üçüncüsü, məruzədə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğal altında olması faktı vurğulanır; Dördünçüsü, məruzədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ilin iyun ayında qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” qərarı yer alıb. Bu qərara görə, Dağlıq Qarabağdan qovulan azərbaycanlıların geri qayıtması hüququ tanınır ki, Ermənistan bu qərara riayət etməlidir; Beşincisi, məruzədə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilib; Altıncısı, məruzədə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğal azad edilməsini tələb edən qətnamələr xatırladılır; Yeddincisi, sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizlə yanaşı Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması vacibliyi də yer alıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti məruzəyə təklif etdiyi 3 düzəliş də qəbul edildi. Birinci düzəlişə görə, “... Dağlıq Qarabağ bölgəsinə dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin əvəzinə “... Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi yazılıb. İkinci düzəlişdə “Dilqəm Əsgərovla Şahbaz Quliyev qeyd-şərtsiz azadlığa buraxılmalıdırlar” ifadəsi yer alıb. Üçüncü düzəlişdə isə “Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsi “qətiyyətlə pislənilir” ifadəsi ilə əvəz edilib. Ermənistanın AŞPA-dakı nümayəndələri və Avropadakı lobbiçiləri məruzənin qəbul edilməməsi üçün səy göstərsələr də (Ermənistanın xarici işlər naziri və Avropadakı səfirləri şəxsən ayrı-ayrı avropalı deputatlara zəng edərək, onlara Azərbaycanın “lehinə” səs verməməyə çağırıblar), erməni tərəfinin “qətnamə ləğv edilsin” təklifi 14 nəfər “lehinə”, 24 nəfər “əleyhinə” olmaqla rədd edildi. Beləliklə, Robert Volterin hazırladığı 18 maddəlik məruzənin AŞPA-nın yanvar sessiyasında müzakirəyə çıxarılacaq. Böyük ehtimalla məruzə qəbul olunacaq. AŞPA insan haqları və demokratiya mövzularında Azərbaycan hakimiyyətini tənqid etsə də, Dağlıq Qarabağ münaqişəsinin həllində birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edir. Bunun özü göstərir ki, rəsmi Bakı AŞPA ilə əməkdaşlığını genişləndirməli, ayrı-ayrı deputat və fraksiyalarla təmaslarını yoğunlaşdırmalıdır. Məsələn avropalı deputatlarla təmasda olan Elxan Süleymanovun sözlərindən belə aydın olur ki, məruzənin hazırlanması mərhələsində avropalı həmkarlarının bir qismi Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər məlumata malik deyilmişlər, yalnız onlarla aparılan çoxsaylı müzakirələrin nəticəsində Azərbaycan torpaqlarının işğalı faktını təsdiq etmişlər. Və ya əgər AŞPA Rusiyada həbsdə saxlanılan Ukrayna vətəndaşı Nadejda Savçenkonun dərhal azadlığa buraxılmasını tələb edirsə eyni münasibəti Ermənistan girovluğunda saxlanılan Dilqəm Əhmədov və Şahbaz Quliyevlə bağlı da sərgiləməli idi. Noyabrın 23-də AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycan üzrə digər məruzəçinin də ilkin hesabat layihəsi dinləniləcək. Bosniya və Herseqovinadan olan məruzəçi Militsa Markoviç tədbirdə “Azərbaycanın cəbhə rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi” mövzusunda çıxış edəcək. Militsa Markoviç hesabatla əlaqədar 24-27 avqust tarixlərində Azərbaycana səfər edib. Markoviç də Volter kimi Ermənistan və işğal altındakı torpaqlara buraxılmayıb. Yeni məruzədə Sərsəng su anbarının işğal altında saxlanılmasının Azərbaycan rayonlarının su imkanlarından məhrum olmasına yol açdığı faktı vurğulanıb. Ermənistan ikinci məruzə ilə də AŞPA-dan növbəti zərbəni ala bilər. Bundan sonrakı hədəf qəbul olunan və olunacaq bu məruzələrin beynəlxalq vasitəçilərin işində əsas götürülməsinə nail olmaqdır. Doğrudur, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik AŞPA Komitəsində qəbul olunan məruzədən narazı qaldığını belə əsaslandırıb ki, onlarla məsləhətləşmə aparılmayıb. Halbuki, qətnamə haqqında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik məlumatlı idi. Uorlikin açıqlaması o deməkdir ki, Minsk Qrupu üçün AŞPA-nın qətnamələri və məruzələri əsas deyil. Demək, bunun əksi olaraq Azərbaycan diplomatiyasının başlıca vəzifəsi həmsədrləri AŞPA qətnamələrinə nəzərə almağa məcbur etməkdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Qarabağla bağlı üzərinə düşəni etdi, etafeti Azərbaycan XİN götürməlidir. Əlbəttə qəbul edilən qətnamə və məruzələrin Ermənistan hakimiyyətinin mövqeyinə təsir edəcəyini söyləmək çətindir. Rəsmi İrəvan beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməyəcək. Buna baxmayaraq, BMT-nin 4 qatnaməsi, üstəgəl bu il Avropa İnsan Haqları Məhkəməsinin Çıraqovlarla bağlı qəbul etdiyi qərar və AŞPA-da qəbul olunan qətnamələr Azərbaycana danışıqlarda manevr imkanlarını genişləndirməyə imkan verir. Digər tərəfdən Azərbaycan öz torpaqlarını güc yoluyla azad etmək yolunu tutarsa qəbul olunan qətnamələrdəki əsas maddələrə söykənəcək.(Azərtaym.az)