“Bəli, mən reketəm!” – Prezidentə məktub

 

91_1405111620Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti Nüsrət Məmmədov Prezident İlham Əliyevə müraciət edib. Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucova qarşı bir sıra ittihamların irəli sürüldüyü müraciəti təqdim edirik:

“Cənab Prezident!
Noyabr ayının 11-də Qırğızıstan Milli kitabxanasında dahi şairimiz Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr olunmuş tədbir keçirilirdi. Tədbir «Türksoy»un xətti ilə həyata keçirilməli idi. Hansı yollasa Azərbaycanın Qırğızıstandakı səfirliyi də tədbirin təşkilatçıları sırasında yer aldı (yəqin görüntü yaratmaq istəyirdilər ki, səfirlik də nə isə iş görür. Həm də mətbuatda adlarının çəkilməsi də artıq olmaz). Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar Türkiyədə «Türksoy»un xətti ilə“Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabı nəşr edilmişdi. Kitabda ölməz şairimizin türkdilli dövlətlərin dilinə tərcümə edilmiş 90 şeiri yer almışdı. Qırğız dilinə isə B.Vahabzadənin şeirləri, rəhbəri olduğum Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşəbbüsü ilə tərcümə edilmişdi. Kitab nəşrə hazırlananda “Türksoy”un nüməyəndələri məndən şairin qırğız dilində olan şerirlərini göndərməyi xahiş etmişdi. Mən də həmin şeirləri kitabda yer alması üçün kitabın tərtibatçılarına göndərmişdim.

Kitab nəşr edildi. “Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabda bizim sifarişimizlə (yəni maliyyə dəstəyimizlə. Tərcümə etdirdiyimiz bütün əsərlərə biz səhifə hesabı pul ödəyirik) Baxtıgül Çoturovanın tərcümə etdiyi “Biz bir gəminin yolçularıyıq” kitabından şeirlər yer alıb.

Həmin tədbirə mən Qırğızıstan Milli yazıçılar ittifaqı tərəfindən dəvət almışdım. Təyin olunan vaxt mən gəldim tədbirin keçirilməsi nəzərdə tutulan Qırğızıstan Milli kitabxanasına. Özümlə tərcümə etdirib nəşr etdiyimiz Ulu Öndərimizin işıqlı həyatından, Azərbaycanın tarixindən bəhs edən bir neçə kitab götürmüşdüm. Fikrim həmin kitabları «Türksoy»un nümayəndələrinə hədiyyə etmək idi ki, Türkiyədəki “Türksoy”un iqamətgahında həmin kitablardan olsun. Milli kitabxananın foyesində masanın üstündə “Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabları düzmüşdülər. Mən qoltuğumda kitablarla içrəri daxil olanda kitablar düzülən masanın yanındakı qızlar qoltuğumdakı kitabları gördü. Məndən xahiş etdilər ki, olarmı o kitabları da masanın üstünə düzək? Mən dedim ki, böyük məmnuniyyətlə. Kitabları həmin qızlara verdim. Onlar da kitabları masanın üzərinə düzdülər.
Tədbirin başlamasına hələ vaxt var idi. Mən bayıra çıxıb, bizim sifarişlərimizi yerinə yetirən tərcüməçi şair və yazıçıların gəlməsini gözləyirdim. Təxminən 10 dəqiqə sonra kitabxananın foyəsinə daxil olanda gördüm ki, mən gətirdiyim kitabları masanın üzərindən yığışdırıblar. Qızlardan soruşdum ki, kitabları nə səbəbə masadan yığışdırmısınız? Səfirliyin Fərhad adlı nümayəndəsini göstərərək dedilər ki, onun tələbi əsasında.

Bu, Azərbaycanın yüksək maaşını alaraq, Qırğızıstanda Azərbaycanı təmsil etmək adı ilə əslində Azərbaycanı biabır etmək deyilmi? Onların Ulu Öndərimizə, tariximizə etdiyi hörmət budurmu? Bu hərəkətin bir adı var: RƏZALƏT! BİABIRÇILIQ!

Səfirliyin həmin əməkdaşının göstərişi ilə kitabxananın iki əməkdaşı yanıma gələrək, kitabxananı tərk etməyimi istədilər. Dedilər ki, Hidayət Orucov sən olan yerdə olmaq istəmir. Mən də onlara cavab olaraq dedim ki, mən olan yerdə olmaq istəmirsə, gəlməsin. Onlar israrla tələb etdilər ki, mən kitabxananı tərk edim. Sonra birisi gəldi yanıma. Heç bir məna ifadə etməyən, kök sifətindən hiss olunurdu ki, onun əqidəsi ilə ağlı eynidir, yəni heç biri yerində deyil. Özünü səfirliyin əməkdaşı kimi təqdim edərək, adının Ramil olduğunu dedi. O, mənə öyüd-nəsihət verməyə başladı ki, B.Vahabzadə böyük şairdir, gərək mən onu Qırğızıstanda biabır eləməyəm. Böyük şairimizi biabır etməmək üçün gərək mən bu tədbirdə iştrak etməyəm. Kitabxananı tərk edəm. Cavabında dedim ki, indi sizin şöhrət xatirinə təqdimatını keçirmək istədiyiniz kitabda qırğız dilindəki şeirlər mənim maliyyəmlə tərcümə edilib. Bu haqda kitabda məlumat var. Bəxtiyar Vahabzadə qırğız oxucularına mənim sayəmdə tanınıb, sizin YOX! Mənim maliyyə və sifarişimlə Bəxtiyar Vahabzadənin qırğız dilinə 350 səhifəlik “Biz bir gəminin yolçularıyıq” kitabı, ən başlıcası isə hələ 1958-ci ildə yazılmasına baxmayaraq, bütün dünyaya şairi tanıdan “Gülüstan” poeması ilk dəfə mənim maliyyə və sifarişimlə başqa dillərə bir neçə il bundan əvvəl tərcümə edilərək, nəşr olunub pulsuz yayılıb. Siz özgənin əməyini özününküləşdirib özünüzü təbliğ etməkdən, şər-böhtançılıqdan, demaqoqluqdan, donosçuluqdan başqa nə eləmisiniz? İndi qırğızlar sizin “əməyiniz” sayəsində burada yaşayan azərbaycanlıları şər-böhtançı, demaqoq, donosçu kimi tanıyırlar. “Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimatı isə sizin yox, mənim haqqımdır. Mən kitabxananı tərk edərəm, bir şərtlə ki, həmin kitablar masadan yığışdırılsın, təqdimatını gələcəkdə özümüz təşkil edəcəyik. Sizin o kitabın təqdimatını keçirməyə hüququnuz yoxdur! Əgər kitabın təqdimatını keçirməyə cəhd etsəniz, rəhbəri olduğum Heydər Əliyev Fondunun adından bəyanat yayacağam. Bəsdirin özünüzü təlxək yerinə qoyaraq millətimizi, dövlətimizi, Prezidentimizi biabır etdiniz.

Mən başa düşdüm ki, Azərbaycanın Qırğızıstandakı səfiri, əqidəsiz, şöhrətpərəst Hidayət Orucovun ətrafında, öz sözləri olmayan, balaca bir payin müqabilində əmrə müntəzirlər toplanıb. DƏHŞƏT! DƏHŞƏT! DƏHŞƏT!!!

Bütün görüşdükləri şəxslərə “Mən Heydər Əliyvə və ailəsinə ən yaxın adam idim, indi də İlham Əliyevə və ailəsinə ən yaxın adam mənəm” deyən Hidayət Orucovun, budurmu Ulu Öndərimizə məhəbbəti?

Masanın üzərindən Ulu Öndərimizin həyatını, Azərbaycanın tarixini, Türk dünyasının tarixini özündə əks etdirən kitabların yığışdırılmasına göstəriş verən Hidayət Orucovun Ulu Öndərimizin həyatı, Azərbaycanın tarixi, türk tarixi, xalqı haqqında danışmağa ixtiyarı belə yoxdur. Hidayət Orucovun maskasız sifətini bir neçə dildə nəşrə hazırladığım “İblislərin yaramazlığı” kitabında (mətbuatda kitabdan parçalar nəşr edilir) təkzibolunmaz fakt və sübutlarla (yazdığı donosların surətləri əlimizdədir) yaxın zamanlarda görəcəklər. Mən belə hesab edirəm ki, kitabın nəşri və yayılması mənim Azərbaycan xalqına, Prezidentimiz İlham Əliyevə növbəti xidmətim olacaq. Çünki Hidayət Orucovun Azərbaycanın, Prezidentimiz İlham Əliyevin imicinə vurduğu zərbə hazırda mətbuatın gündəmini zəbt edən MTN işini kölgədə qoyacaq.

Əlavə olaraq onu da qeyd edim ki, Hidayət Orucov Azərbaycandakı bütün dövlət və ictimai qurumlara məktublar yazaraq bildirir ki, heç kəs bizim fondla işləməsin. Çünki fondun rəhbəri reketdir. Mən Hidayət Orucovun dediyi bu sözü etiraf etmək məcburiyyətindəyəm. Bəli, mən reketəm! Amma, öz ailəmə, balalarıma qarşı reketlik edirəm. Belə ki, qazandığım halal pullardan ailəmin, balalarımın boğazından kəsərək vətən sevgisi, Prezidentimizə olan sevgi qarşısında Azərbaycanın, Prezidentimizin təbliği üçün kitablar nəşr etdirib, pulsuz yayıram, xalq diplomatiyası çərçivəsində öz hesabıma səfərlər təşkil edirəm. Həmişə nəzarətdə olan bir adam isə bundan başqa cürə reketliyi bacara bilməz.

Bilirəm, bu məktubumla bağlı da Hidayət Orucovun AR PA-dakı himayədarları sayəsində heç bir tədbir görülməyəcək. Hələ çalışacaqlar məni günahlandırsınlar. Bu, vaxt gələcək, Prezidentimizə onun ətrafında oturaraq, çörəyini yeyərək xəyanəti kimi qiymətləndiriləcək. Əminəm ki, hansısa yollarla biz Prezidentimizə bütün bu xəyanətləri təfsilatları ilə gec-tez çatdıracağıq.

Hörmətlə, Nüsrət Məmmədov
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti”

 






Fikirlər