“ONLARI ƏLDƏN SALIB ƏZƏCƏYİK...” – “Rusiyalılar Paulsun ordusunun aqibətini yaşaya bilərlər...”

Xarabalığa dönmüş Baxmut şəhəri ətrafında artıq 300 gündür ki, döyüşlər davam edir. Ukrayna ordusu Baxmutun qərb hissəsində mövqelərini saxlamaqla yanaşı, cinahlardan bir qədər irəliləyərək ruslara şəhərin kənarlarına hücum etməyə imkan vermir. Kiçik şəhər olmasına baxmayraq, Baxmut hər iki tərəf üçün operativ-taktiki əhəmiyyət daşıyır. Hərbi ekspertlərin gəldikləri qənaətə görə, Ukrayna ordusunu Baxmutda tələyə salmağı planlaşdıran Rusiyanın özü çıxılmaz vəziyyətə düşüb.

Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Musienko “Qlavred.com” saytına verdiyi müsahibəsində şəhərin Ukrayna ordusunun atəş nəzarətində saxlanılmasının vacibliyindən və rusiyalıların Baxmutdan niyə geri çəkilmək istmədiklərindən danışıb. Həmin müsahibəni təqdim edirik:

 

 

- Baxmut uğrunda döyüşlərin müəyyən yekun nəticələri barədə nəsə demək olarmı? Bu müddət ərzində döyüşlər nəyi göstərdi?

- Biz yalnız ilkin yekunlarla tanış ola bilərik. Çünki döyüş qurtarmayıb, davam edir. Birincisi, Rusiya planlaşdırdığının əksinə olaraq Ukrayna ordusunu tələyə sala bilmədi. Rusiya ehtiyat qüvvələrimizi, həmçinin də bütün güclərimizi Baxmut istiqamətinə cəmləmək istəyirdi ki, biz əks-hücum üçün ehtiyat qüvvə hazırlaya bilməyək. Bu, onlara müəssər olmadı. Hal-hazırda Ukrayna əks-hücum üçün güclü ehtiyat formalaşdırır və tərəfdaşlarımız bu məsələdə bizə yardım edirlər.

İkincisi, Rusiya döyüşlər nəticəsində böyük itkilər verib. Priqojin ən azından 20 min “Vaqner” döyüşçüsünün öldüyünü etiraf edib. Düşünürəm ki, o, itkilərinin sayını azaldıb, çünkü bizim məlumatımıza görə, döyüşlərdə ölən vaqnerçilərin sayı 30 mindən az deyil. Yəni, istər terrorçu “Vaqner”in, istərsə də Rusiyanın nizami ordusunun itkiləri çox böyükdür. Bütün təbliğat bəyanatlarına baxmayaraq, Rusiya ordusu Baxmutdan o yana irəliləyə bilmir. Onlar şəhərdə yerləşiblər və hücum etmirlər, cinahlardakı üstünlüklərini itirirlər. Ukrayna qüvvələri isə əksinə, rusiyalıları sıxışdırır. Ona görə də Baxmut işğalçılar üçün tələyə çevrilir.

- Bu mövqelərdə duruş gətirmək üçün Rusiyanın nə qədər ehtiyat qüvvəsi var? İndi biz cinahlarda hərəkətlənmə görürük, Ukrayna ordusu irəliləyir, amma bu, sadə iş deyil - bir neçə on metr, yüz metr qabağa gedirik. Bunun nəyi ruslar üçün tələdir?

- Ona görə tələdir ki, onlar buradakı mövqeləri buraxa, Baxmutu tərk edə bilmirlər. Priqojin “Vaqner”i Baxmutdan çıxarsa, Rusiya nizami ordusu tezliklə onun yerini tutacaq. Onlar geriyə çəkilə bilməzlər, çünki öz auditoriyalarına Baxmutun alındığını deyiblər. Bundan sonra oranı tərk etmək nə anlama gəlir? Bu səbəbdən də onlar oradakı mövqelərində duracaqlar.

Əgər bizim ordu cinahlarda üstünlük əldə etməklə Baxmutun təchizat yollarını kəsə bilsə, onda ruslar buraya daha çox güc yığmağa başlayacaqlar və nəticədə orada məhv ediləcəklər. Mənə elə gəlir ki, rusların müqavimət göstərməsi və buraya əlavə dəstək göndərmələri özlərini tələyə salmaqdır. Çünki belə olan halda ruslar Ukrayna ordusunun hücum edəcəyi digər istiqamətlərə daha az qüvvə toplamağa məcbur olacaqlar.

- Rusiyalılar Xersondan çıxdılar, digər şəhərlərdən də həmçinin. Baxmutdan nə üçün çıxmazlar?

- Rusiyada İkinci Dünya Müharibəsi ilə analogiya aparmağı sevirlər. Baxmut uğrunda döyüşlərdə onlar Paulsun Stalinqradda rəhbərlik etdiyi altıncı ordunun vəziyyətinə düşə bilərlər. Onda alman ordusu mühasirəyə alınmışdı. Almanlar həlqədən qurtulmaq üçün üç əks- hücum əməliyyatı keçirməyə cəhd göstərmişdilər və hər dəfə də heç nə alınmamışdı, nəhayət, təslim olmuşdular. Düşünürəm ki, burada rusiyalılar Paulsun ordusunun aqibətini yaşaya bilərlər.

Ruslar burada dayanmaqda davam edəcəklər. Biz görürük ki, düşmən hansısa bir kiçik ərazidə möhkəmlənmək və orada müəyyən uğur qazanmaq istəyir. Bundan sonra hər şey bizim cinahları nəzarətə keçirməyimizdən asılı olacaq. Cinahlara nəzarət etmək və Baxmutu artilleriya atəşi altında saxlmaq hələ Rusiyanın oranı dərhal tərk etməsi anlamına gəlmir. Ola bilər ki, onlar Baxmutka çayının o biri sahilinə keçib, müdafiəyə çəkilsinlər. Çünki şəhərin alınmasının elan edilməsindən sonra rusiyalılar tezliklə geriyə çəkilməyəcəklər.

- Əgər bir qədər geriyə çəkilsələr, bu, Rusiyanın daxilində nələrə səbəb olar?

- Ümumiyyətlə, böyük sayda itkilər, qələbənin yoxluğu Rusiyada yeni proseslər başladır. Belqorod vilayətindəki hadisələr, Priqojinin və digər şəxslərin siyasi bəyanatları Rusiya cəmiyyətində narazılığın artdığını göstərir. Onlarda müəyyən mənəvi çöküş yaşanır, amma hələlik bu, məhdud miqyasdadır, biz bunun kütləvi fərariliyə və ya Moskvaya etiraz yürüşü səviyyəsinə çatacağını gözləyirik. Artıq belə meyllər müşahidə olunur.

- Baxmutun, daha doğrusu, döyüşlərdən sonra xarabalığa çevrilmiş şəhərin saxlanılması Ukrayna üçün nə dərəcədə prinsipialdır?

- Bu gün bizim üçün mühüm olan təkcə Baxmutu əldə saxlmaq yox, eyni zamanda böyük sayda rus əsgərini əzmək və onların qüvvəsini orada sıxışdırmaq, həmçinin də əlverişli məqamda şəhərin azad edilməsi perspektivinin yaradılmasıdır. Biz düşmənin taqətdən salınmasının, ciddi itkilərə məruz qoyulmasının, onların yarı mühasirə vəziyyətində saxlanmasının, imkan olarsa tam həlqəyə alınmasının mənasını gözəl anlayırıq. Bu mühasirədə onlar ya təslim olacaqlar, ya da ki, bütövlüklə məhv ediləcəklər.

Belə olan təqdirdə biz Baxmutu qaytara, onun kənar hüdudlarına çıxıb müdafiə xəttini möhkəmləndirərək, düşməni geri tullaya bilərik. Bizim üçün prinsipial məqsəd rusları bu həlqədə saxlamaq, onları qərbə tərəf irəliləməyə qoymamaqdır. Baxmuta tam nəzarət etməliyik, rusların Çasov Yar tərəfə addım atmalarına imkan verilməməlidir. İkinci tapşırıq cinahları nəzarətdə saxlmaqdır. Növbəti iş isə Rusiya təchizat xəttlərini kəsmək və rus əsgərlərini əzməkdir. Məhz bundan sonra Baxmutun kənarına çıxmaq olar.

- Perspektivdə Rusiyanın Baxmutun ardınca Konstantinovka və ya Slavyanska irəliləmək üçün güc toplamaq imkanı varmı?

- Onlar cəhd edə bilərlər, lakin hansısa müvəffəqiyyət qazanacaqlarını düşünmürəm. Ruslar cəhd göstərməyə davam edəcəklər. Görünən odur ki, onlar hücumlarını inkişaf etdirmək istəsələr də, Ukrayna ordusu bu cəhdləri əngəlləyir. Rusiyanın əvvəlki kimi durmadan hücum etmək imkanı yoxdur.

- Əgər biz Baxmutu saxlayacayıqsa, bundan sonra nə gözləməliyik, düşmənin əzilməsinimi? Bundan nə qazana bilərik?

- Əvvəla, digər istiqamətlərə cəmləşdirilmiş çoxlu rus hərbçisi məhv ediləcək. İkincisi isə, xüsusən Donetsk vilayətində hücum əməliyyatı aparmaq üçün daha bir platsdarm əldə edəcəyik. Düşmənin öz potensialını taqətdən salması bizim qarşımızda iri miqyaslı əks hücuma keçmək perspektivi açır.

- Digər istiqamətlər barəsində danışarkən nəyi nəzərdə tutursunuz? Onlar haradan qoşun götürüb Baxmuta yollaya bilərlər?

- Böyük ehtimalla onlar məcburən bunu edəcəklər. İşğal altındakı Luqansk vilayətindəki qoşunların bir qismini Baxmut tərəfə gətiriblər. Sonra isə müdafiə üçün istifadə etməyi nəzərdə tutduqları hərbi hissələrin də bir hissəsini buraya cəlb edəcəklər. Rusiyalılar Belqorod vilayətini qorumaq üçün tez bir zamanda ehtiyat qüvvə yığa bilmədilər. Unutmayaq ki, rusiyalılar təlaş içərisində Ukrayna ordusunun haradan zərbə vuracağını öyrənməyə çalışırlar.

- Sizcə, Baxmut uğrunda döyüş nə qədər davam edə bilər? Rusların qarşısının orada alınmasının bizim üçün faydalı olacağı müəyyən bir zaman kəsiyi varmı?

- Biz düşmənin Baxmutdan qərbə doğru istənilən hərəkətini əngəlləməliyik. Biz onları əldən salıb əzənədək, bu döyüş davam edəcək. Bəs bu nə qədər çəkər? Yəqin ki, nə qədər lazımdırsa, bir o qədər. Amma ehtiyatla dəmək lazımdır ki, təşəbbüs Ukraynaya tərəf keçir. Onlar Ukrayna ordusunu mühasirəyə salmaq istəyirdilər. İndi biz bunu rusların özlərinə qarşı tətbiq edəcəyik, lakin onlardan fərqli olaraq əməliyyatı daha uğurlu və daha səmərəli aparacağıq. 

“AzPolitika.info”






Fikirlər