Qarabağda çevriliş planı: Vardanyan-Arutyunyan savaşının SON PƏRDƏSİ...
Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Dünyanın tanınmış televiziya kanalları və aparacıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər. Çox keçmədən bu “populyarlıq” onu Qarabağın “dövlət naziri” vəzifəsinə gətirdi. Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutyunyanla əvəzləyib Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o, Qarabağa yad ünsürdür. Ruben Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı. “Yeni Sabah” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib. Təhlildə vurğulanıb ki, Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Araik Arutyunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı “istefaya” göndərdi: “Vardanyanın “populyarlığı” həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı. Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O, son video-müraciətində separatçıların lideri Araik Arutyunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutyunyanın adını çəkmədən yerli “idarəetməni” yumşaq formada tənqid edirdi, bu dəfə isə o, separatçıların liderini ağır sözlərlə ittiham edib. Vardanyan Qarabağ ermənilərinin kənar çağırışlarla yanaşı daxildə də ciddi problemləri olduğunu bu sözlərlə izah edib: “Mən 6 ay əvvəl “vəzifəmi” tərk edəndə belə demişdim: Əgər “prezident” düşmənlə mübarizəyə hazırdırsa, mən qarışıq hamımız onu dəstəkləməliyik. Ancaq biz nə lider, nə də baş komandan gördük. Cəmiyyəti aldatmaq düzgün deyil. Araik, siz vədinizi yerinə yetirmədiniz. Siz istefa verəcəyinizi vəd etmişdiniz, həmin söhbətdə 8 nəfər şahid olub. İstefa vermək əvəzinə sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqli-fərqli sözlər deyirsiniz. Siz bizim müqavimət gücümüzü zəiflədirsiniz. Siz bütün qırmızı çizgiləri aşmısınız. Qarabağ erməniləri sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm”. Ruben Vardanyan faktiki olaraq Araik Arutyunyana ultimatum verib. “İstefa verməsən, biz səni buna məcbur edəcəyik” demək istəyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Vardanyanın çıxışında “istefa vermək əvəzinə sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz” cümləsi diqqət çəkib. Araik Arutyunyana “istefa verməmək üçün” Ermənistanın Baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edən güclər təzyiq edib? Paşinyan üçün Qarabağ ermənilərini kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o, bu yükdən qurtulmaq istəyir. Moskva üçün isə Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin 2 ildən sonra bölgəni tərk edib-etməyəcəyi məsələsi aktualdır”. Analizdə bildirilib ki, bütün hallarda Araik Arutyunyan “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq: “Birincisi, Bakı onunla dialoqa getməyəcək, ikincisi, yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur”.