Araikə qarşı qiyam: Üsyançılar separatçı parlamenti ələ keçirdi

Qarabağın dağlıq hissəsində mövcudluğunu qorumağa çalışan separatçılar arasında ziddiyyətlər getdikcə dərinləşir. 

AzerTaym.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Erməni nəşri xatırladıb ki, qondarma rejimin “rəhbəri” Araik Arutyunyan ötən həftənin əvvəlində keçirilən qapalı iclasda Qarabağdakı ictimai-siyasi kəsimə, habelə keçmiş tanınmamış “DQR” “prezidentlər”inə istefaya getmək niyyəti barədə bildirmişdi:

“Həftə sonu isə sabiq “dövlət naziri” Ruben Vardanyan faktiki olaraq xəbərimizi təsdiqlədi. Lakin məlumat ortaya çıxdı ki, istefa mövzusu bağlanmayıb və Araik Arutyunyanın dostu olan Karen Matevosyanın başçılıq etdiyi bir qrup "milis" “Artsax parlamenti”nə soxularaq “milli məclis”in “sədri” Davit İşxanyandan hesab tələb etməyə çalışıb”. 

Qəzet aydınlaşdırıb ki, Matevosyan məlum “istefa” xəbərini eşidəndən sonra cümə axşamı Araik Arutyunyanla görüşüb:

“Matevosyan Araiklə görüşdə təsdiqləyib və deyib ki, heç kim onun tərəfində deyil, hamı onu günahlandırır və s. Elə məhz Araik ona görə də getmək qərarına gəlib. Matevosyan Araiki müdafiə etmək, habelə separatçı rejim “parlamenti”nin “deputatları” və “milli məclis” “rəhbərliyi”ni Arutyunyanın yanında olmağa çağırmaq üçün bir qrup milislə birlikdə “parlament”ə axışıb”.

KİV-in məlumatına görə, Matevosyan dünən canlı yayıma çıxaraq Qarabağ ermənilərinə bildirib ki, o, öz silahlı dəstələri ilə yeni “hökumət”i təşkil etmək və “parlament” seçkilərini keçirmək məsuliyyətini öz üzərinə götürür:

“Üstəlik, o, “Artsax”dakı vəziyyətə görə hamını, o cümlədən keçmiş “prezidentlər”i günahlandırdı. Matevosyan, hətta onları hədələdi ki, “eks-liderlər” razılığa gəlməsələr, onun adamları onlarla xüsusi məşğul olacaqlar”.

Qəzetin Qarabağdakı mənbələri isə iddia edib ki, Matevosyan Nikol Paşinyanın adamıdır:

“Hazırda “Artsax”dakı xaos və anarxiya Paşinyana üstünlük verir və Matevosyan ən azı fors-major vəziyyətlərdə “hakimiyyət”i Samvel Babayana ötürmək üçün aktivləşdirilib. Mənbəmiz deyir ki, Matevosyanla Babayan yaxındır və “blokada” zamanı Babayanın “Artsax”a daxil olmasını məhz Matevosyan təşkil edib”. 






Fikirlər