Fransa və Rusiya orduları Ermənistanda üz-üzə gələcək - İrəvan odla oynayır
“Əslində, biz Fransa ilə Ermənistan arasında silahların tədarükü ilə əlaqədar bağlanan sonuncu müqavilədə İrəvanın nə istədiyini qiymətləndirməliyik”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib. O, Fransa və Ermənistan arasında bağlanan sonuncu hərbi müqavilənin pərdəarxası məqamlarına toxunub. Hərbi ekspertin fikrincə, müharibədən 3 il keçməsinə baxmayaraq, Ermənistan indiki mərhələdə hələ də silahlı qüvvələrini normal döyüş hazırlığına gətirə bilməyib: “Ermənistan öz ordusunu 27 sentyabr 2020-ci ildəki vəziyyətə gətirmək üçün 44 günlük müharibədə verdiyi itkilərin yerini doldurmalıdır. Xüsusən də hava hücumundan müdafiə vasitələri, raket və artilleriya sistemlərinin 60-70%-i müharibədə ordumuzun nəzarətinə keçmişdi. Eləcə də erməni ordusunda 11 min nəfər fərari olub deyə, hazırda orduda boşluq var”. Polkovnikə görə, burada məsələ Fransa nə istəyir məsələsi deyil, əksinə, Ermənistana silahı kim satacaqsa, bunun sayəsində boşluğu doldurmaq məsələsidir: “Bu gün Ermənistan öz ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə məşğuldur. Ermənistan silahlı qüvvələrini Fransanın verəcəyi silahlarla döyüş qabiliyyəti halına gətirməlidir ki, növbəti mərhələdə Azərbaycanla revanş düşünsün. Səsləndirdiyim boşluqlar da dünən Ermənistanın müdafiə naziri Suren Papikyanla fransız həmkarı Sebastyen Lekornu arasında keçirilən görüşdə diqqətə çatdırıldı. Ermənistan iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair saziş üzərindən ehtiyaclarını müəyyən edib”. Hərbi analitik aydınlaşdırıb ki, Ermənistanda qərargah strukturu ilə bölmələr var, lakin silahlanmada hərbi-texniki avadanlıq yoxdur və İrəvan bunun yerini doldurmalıdır: “Ona görə də rəsmi Paris bu məsələdə maraqlıdır ki, ilkin mərhələdə Ermənistanı hava hücumundan müdafiə sistemləri ilə təmin etsin. Fransa, əslində, Ermənistanı dəstəkləmir, əksinə, silahını satır və onun buradakı strateji və ticarət maraqları düşündürür. Onun əsas strateji marağı isə bölgəyə daxil olmasıdır. Fransanın hava hücumundan müdafiə sistemləri raketlərindən biri “Mistral” raketləridir. Bunu dəstəkləyəcək sistem isə “GM 200” radiolokasiya radar sistemləridir”. “Görünən odur ki, Ermənistan özü üçün hava hücumundan müdafiə silahı alıb. Çünki bu təyinatda olan silahları başqa ölkə ərazisində istifadə etmək olmaz. Deməli, ilkin mərhələdə Ermənistan müdafiə qabiliyyətini artırmaq üçün Fransadan bu silahı alacaq. Fransa da digər silahların satılmasında da maraqlı olacaq. Məsələn, Fransanın “Caesar” adlanan 155 mm-lik artilleriya sistemləri var ki, Paris onları da İrəvana ötürmək istəyəcək. Daha sonra fransız istehsalı olan “Javelin” tank əleyhinə raket sistemləri də mövcuddur ki, Ermənistan bunu da ala bilər”, - deyə o, əlavə edib. Mütəxəssis diqqəti ona da yönəldib ki, siyahıda zirehli transportyorlar, daşıyıcılar, PDM-lər də var ki, bunları satmaq Fransanın hərbi-texniki istehsal sahəsi üçün pul mənbəyi ola bilər: “Yəni Fransa bu silahlarla Ermənistanın ehtiyaclarını ödəyə bilər. Təbii ki, tərəflər silah alverini bir gün içində həyata keçirməyəcəklər. Fransa Ermənistanın silah arsenalını özünün hərbi-texniki potensialı vasitəsilə dəstəkləsə, minimum 3, maksimum isə 5 ilə Ermənistan ordusu özünün təhlükəsizliyini təmin etmək baxımından döyüş qabiliyyəti vəziyyətinə gələcək. Yəni Ermənistan ordusunun modernləşdirilməsi üçün Fransa uzunmüddətli proqramın başladılması düyməsinə basdı”. Müsahibimiz hesab edir ki, Azərbaycan necə ki ilkin mərhələdə Türkiyə ilə hərbi-texniki əməkdaşlığa başlamışdısa, indi də Ermənistan Fransa ilə bu mərhələnin başlanğıcındadır:
“Onların gələcəkdə nə edə biləcəkləri yaranacaq şəraitə uyğun olacaq. Yəni Türkiyədən fərqli olaraq, Ermənistanın Fransa ilə hərbi müttəfiqliyi Rusiyanın Gümrüdəki hərbi bazasının olması fonunda fors-major vəziyyət yaradacaq. Çünki həm Gümrüdəki 102-ci rus hərbi bazasında, həm “Erebuni” aerodromunda, həm də Rusiya FSB-sinin Türkiyə sərhədində 6-8 min arasında hərbi kontingenti mövcuddur ki, Ermənistanın bunu necə neytrallaşdıracağı maraqlıdır. Ona görə ki, Fransa NATO ölkəsidir, Rusiya ilə NATO-ya əks münasibət bəsləyən bir ölkədir və hər iki əks qütbə malik olan ölkələrin silahlı qüvvələri Ermənistanda üz-üzə gələcəklər. Bizə isə bu əks qütb arasında yaranan münaqişə təhdid yarada bilər. Yoxsa Ermənistanın bizə birbaşa təhdid yaratmaq vəziyyəti mövcud deyil”, – fikirlərini tamamlayıb.