"Ermənistan kimdir ki, təkbaşına Azərbaycanla müharibə aparsın?" — AQİL ABBAS
"Cəbhədə baş verən son hərbi əməliyyatlardan sonra Ermənistan rəhbərliyi ağılını itirib. Ona görə də prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan bir-birlərinin fikirlərini təkzib edirlər". Bu fikirləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin Qarabağdan seçilmiş deputatı, yazıçı-jurnalist Aqil Abbas bildirib. Deputat deyib ki, Ermənistan rəhbərliyi yalan danışdığı üçün bir-birlərini təkzib edir: “Adətən yalan danışan adamların nə danışdıqları tez yadlarından çıxır. Yalanın üstünü ört-basdır etmək üçün də gələk növbəti yalanı danışasan. Ona görə də bu gün Ermənistanın hakimiyyət və ordu rəhbərliyində çaşqınlıq yaranıb. Bunun nəticəsidir ki, Ermənistan ordusunun 3 generalı və 1 polkovniki işdən çıxarılıb. Onların arasında müdafiə nazirinin müavini də var”. A.Abbas qeyd edib ki, Ermənistanda hakimiyyətdə kimin olması əhəmiyyət daşımır: “Çünki Ermənistan bizimlə müharibəni öz istəyi ilə aparmır. Ümumiyyətlə, Ermənistanın bu müharibədə heç bir söz sahibi deyil. Ermənistan kimdir ki, təkbaşına Azərbaycanla müharibə aparsın? Ermənistanın arxasında olan qüvvələr Rusiya, ABŞ, Fransa, İngiltərə və Almaniyadır”. Deputat vurğulayıb ki, bu gün Ermənistana himayədarlıq edən təkcə Rusiya deyil: “ABŞ, Fransa, İngiltərə və Almaniya, ümumiyyətlə Qərb Ermənistana dəstək verir. Dağlıq Qarabağ münaqişəsi təkcə Ermənistanın və Rusiyanın maraqları çərçivəsində yaranmayıb. Burada Qərb dövlətlərinin maraqları var. Son hərbi əməliyyatlar zamanı da onlar dünyaya car çəkdilər ki, Azərbaycan müharibə etmə, bu münaqişə sülh yolu ilə həll edilməlidir və sairə. İndi sual olunur, biz sülhə hazırıq, ancaq Ermənistan işğal etdiyi torpaqları azad edəcəkmi? Biz nə zamana qədər sülhü gözləməliyik? Əgər Ermənistan torpaqlarımızdan çıxmayacaqsa, o zaman biz də başqa yolları seçəcəyik”.