Ermənistan indi də KTMT və Avrasiya İqtisadi İttifaqında separatçılığa başlayıb
Cəbhə zonasında tutarlı zərbə alan Ermənistan indi müttəfiq saydığı ölkələrdən də ciddi narazılıq edir. Belə ki, əməliyyatlardan sonra Qazaxıstan və Belarus liderlərinin Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilməsi nəzərdə tutulan görüşə qatılmaqdan imtina etməsi Ermənistanı pərt vəziyyətinə salıb. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının hökumət başçılarının görüşü aprelin 13-də Moskvada keçiriləcək.
Sammit aprelin 8-də İrəvanda keçirilməli idi. Tədbirin yerinin dəyişdirilməsi məhz cəbhədə yaranmış vəziyyətlə bağlı olub. Ermənistan prezidenti Serj Sarkisyan İrəvana səfər edən Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşündə bu hadisənin Avrasiya İqtisadi İttifaqının nüfuzuna zərbə vurduğunu bildirib. Sarkisyan açıq şəkildə Qazaxıstan və Belarus liderlərini Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilən görüşünə məhəl qoymamaqda ittiham edib: "Və əlbəttə, Dmitri Anatolyeviç, mən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən bəzi tərəfdaşlarımızın İrəvana əvvəlcədən planlaşdırılmış tədbirdə iştirak etməyə gəlmədiklərinə təəssüflənirəm. Bilmirəm onlar bununla Azərbaycana nə qədər kömək etdilər, amma bizim təşkilatın nüfuzuna dəqiq xələl gətirdilər - bu, birmənalı şəkildə belədir".
Artıq Ermənistana aydındır ki, Qazaxıstan və Belarus Azərbaycanın yanındadır. Bunu belaruslu politoloq Kiril Averyanov da təsdiq edir: "Dağlıq Qarabağda müharibə davam edərsə, Belarus İsveçrə kimi neytral vasitəçi rolunda çıxış etməyə çalışacaq". Lakin ekspert bildirir ki, Belarus rəhbərliyində Qarabağ münaqişəsində Azərbaycana dəstək vermək üçün əsaslar var: "Rusiya ilə neft müharibəsi zamanı Azərbaycanın Belarusa göstərdiyi dəstəyə görə Aleksandr Lukaşenko Azərbaycana bir neçə dəfə təşəkkür edib. Azərbaycan Belarusa iqtisadi xarakterli başqa xidmətlər də göstərib. Bu, hər şeydən əvvəl, neft sahəsindəki xidmətlərdir. Buna görə də Belarus rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində, ehtimal ki, Azərbaycanın tərəfindədir. Baxmayaraq ki, Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqidir. Qarabağda münaqişə davam edərsə, növbəti dəfə Rusiya və Belarus müxtəlif tərəflərdə olacaq. Rusiya öz müttəfiqi kimi Ermənistana yardım göstərəcək, Belarus, ehtimal ki, Azərbaycana dolayısi ilə dəstək verəcək".
Əslində, cəbhədə son hadisələrdən sonra Ermənistan Rusiyadan da ümidlərini tədricən kəsir.
Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan deyir ki, Kreml üçün Ermənistanın taleyi maraqlı deyil: "Onun öz maraqları var. Hazırda Rusiya Dağlıq Qarabağda status-kvonu dəyişməyə razıdır. Çünki ona neçə erməninin öldüyü, nə qədər ərazini itirdiyi maraqlı deyil. Onun Cənubi Qafqazda öz maraqları var". Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Kreml tərəfindən təyin olunmuş şəxslərdir: "Hakimiyyət Kremlin istənilən təşəbbüsünü reallaşdırmağa hazırdır. Hətta bu, Ermənistanı təhlükəyə aparsa da".
Ermənistanın "armenianreport" saytı yazır ki, rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqına daxil olarkən təhlükəsizlik məsələsini əsas gətirib buna haqq qazandırırdı: "Belə təbliğ olunurdu ki, Rusiya Ermənistanın təhlükəsizliyinin zəmanətidir. Lakin cəbhədə döyüşlər Rusiyanın Ermənistanı düşünmədiyini göstərdi. Əslində bütün itkilərimizə qanlı və amansız əməllərə adət etmiş prezident Serj Sarkisyanın cinayətkarlığı səbəb oldu".
Ermənistanın "Lragir" nəşri isə bildirir ki, son proseslər Rusiyanın Ermənistana verdiyi vədlərin boş çıxdığını göstərdi. Qeyd olunur ki, Artıq Ermənistan öz milli maraq və təhlükəsizliyini nəzərə alaraq Rusiya ilə münasibətlərə yenidən baxmalıdır: "Rusiya bütün bu illər ərzində iddia edirdi ki, erməniləri təhlükədən qoruyacaq. Vədlərin əvəzində isə Ermənistan Rusiyaya bütün kommunikasiyalarını, səhmlərini verdi. Avropa Birliyi ilə assosiasiya sazişindən, qlobal oyunçularla münasibətlərdən imtina etdi. Suverenliyindən imtina edərək türk dövlətləri ilə eyni hərbi bloka daxil oldu. Bütün bunlar ona görə edildi ki, təhlükə zamanı Rusiya Ermənistanı müdafiə etsin. O vaxtlar çox insan xəbərdarlıq edirdi ki, Rusiya Ermənistanın müdafiəçisi ola bilməz. Bizə xəbərdarlıq etmişdilər ki, Rusiya Azərbaycana raketlər satır, ancaq Ermənistana raket əleyhinə vasitələr satmır, bu üzdən Rusiya Ermənistanın təhlükəsizliyinin müdafiəçisi ola bilməz. Lakin Rusiya bazarlarında alver edən bir çox erməni buna inanmaq istəmirdi. Ancaq indi hər kəs öz gözü ilə gördü ki, ermənilər Rusiya istehsalı raketlərlə vurulur. Yüksək texnologiyalı silahı Ermənistandakı bazalarında saxlayan Rusiya isə susur".
Fikirlər