20.06.2014. "Azərbaycan Rusiyaya daha çox fayda verə bilər"
“Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Belarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək”, deyə Lavrov qeyd edib.
Qeyd olunur ki, Lavrovun səfəri Rusiya baş nazirinin müavini Dmitri Roqozonin ayın sonuna planlaşdırılan Bakı səfərinə hazırlıq məqsədi daşıyır. Gələn həftə iki ölkə arasında əldə olunacaq razılaşmaların layihəsi Lavrovun səfəri zamanı müzakirə olunub.
Politoloq Zərdüşt Əlizadə bu barədə açıqlamasında bildirib ki, xarici işlər nazirlərinin mətbuat konfransında səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir: "Diplomatlar olan şeyləri deyil, lazım bildikləri məsələlərdən danışırlar. Məsələn, Lavrov deyir ki, Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı rəsmi Bakıya heç bir dəvət göndərilməyib. Amma daha öncə Rusiyanın iqtisadi inkişaf naziri bildirmişdi ki, belə dəvət var. Heç kəsdə şübhə yoxdur ki, bu səfərlərin əsas məqsədi Azərbaycanı Avrasiya İqtisadi İttifaqına qoşmaqdır. Rəsmi Bakı isə ittifaqlara inanmır, onlara qoşulmaqdan bezib. Bu günə qədər heç bir ittifaq Azərbaycanın haqlı mövqeyini dəsətkləməyib. Söhbət Qarabağın işğaldan azad olunmasından gedir. Bunun bir günahı həm də Azərbaycan hökumətindədir. Dağlıq Qarabağın işğaldan azad olunması xarici siyasətin əsas prioriteti kimi götürülüb. Əgər Avrasiya İttifaqı, Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməyəcəksə, ora qoşulmağın nə mənası var. Söhbət iqtisadi əməkdaşlıqdan gedirsə, Azərbaycanın Rusiya ilə normal iqtisadi münasibətləri var. 2 milyondan çox soydaşımız Rusiyada yaşayır, işləri, ailələrini dolandırırlar. Rusiyadan Azərbaycana müxtəlif adda məhsullar gətirlir. İllik iqtisadi dövrüyyə 2 milyard dollar həcmindədir. Azərbaycanın qeyri-neft sektoru olmadığı üçün Rusiya ilə geniş iqtisadi əlaqələr qura bilmirik. Neftimiz-qazımız Avropaya ixrac olunur. Bu mənada Şimal qonşumuzla iqtisadi əlaqələrin istənilən səviyyədə ola bilməməsi başa düşüləndir. Avrasiya İqtisadi İttifaqında olan Belarus və Qazaxıstanla iqtisadi əlaqələrimizin aşağı olması başa düşüləndir. Bu reallıqdan doğur. Çünki bu ölkələrin heç birində qeyri-neft sektoru inkişaf etməyib. İqtisadi əlaqələri gücləndirən şirkətlər, sahibkarlardır. Bazarın damarını sahibkarlardan, alverçilərdən yaxşı heç kim tuta bilməz. Əhali Yaponiyadan, Avropadan gələn traktorlara meyl edir, "Belarus" traktorlarını alan yoxdur. Zəhmət çəkib elə məhsul istehsal etsinlər ki, onları alaq. Eləcə də, Rusiyada istehsal olunan avtomobillərə təlabat aşağıdır. Almaniyanın "Mercedes"ini qoyub rusun "jiquli"sini kim alar? Kağız üzərində iqtisadi əməkdaşlığın heç bir faydası yoxdur. Düşünürəm ki, əgər Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa belə bu formal xarakter daşıyacaq. İttifaq MDB-dən fərqlənməyəcək. MDB hansısa proseslərə təsir edə bilirmi?"
Politoloqa görə, Azərbaycan Qərbyönümlü siyasət yürüdür: "Bizim istisadi siyasətimiz Qərb dövlətləri ilədir. Xarici işlər nazirinin müavini Araz Əzimov bir müddət öncə mətbuat konfransında bildirib ki, əgər Rusiya Qarabağ məsələsində köməkçi olsa, Azərbaycanda daha böyük faydalar götürə bilər. Bu doğrudur. Rusiya Ermənistanın arxasından çəkilsə, Sərkisyanı danlasa, Azərbaycan Qarabağı azad edə bilər".