"Rusiya və erməni diasporunun dəstəyi olmasa, Ermənistan məhv olar" — POLİTOLOQ RƏYİ
İrəvanda gənc daşnakların təşəbbüsü ilə Rusiya səfirliyinin qarşısında etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları Rusiyadan Azərbaycanla əlaqələrini kəsməyi və Bakıya silah satmağı dayandırmağı tələb edirlər. Baş verən aksiyalara Ermənistan-Rusiya və ya Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər? Politoloq Elşən Manafov Ermənistanda baş verən aksiyalar və bu aksiyaların Ermənistan-Rusiya və ya Azərbaycan-Rusiya münasibətlərinə təsirini Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib: "Ermənistanda baş verən hadisələrə bu ayın əvvəlində Azərbaycan-Ermənistan təmas xəttində baş verən hadisələrin konteksindən baxmaq lazımdır. Çünki 4 günlük hərbi əməliyyatların gedişində Azərbaycan ordusu hansı gücə, hansı iqtidara malik olduğunu birmənalı şəkildə təkcə Ermənistan iqtidarına və onun silahlı qüvvələrinə deyil, ümumiyyətlə bölgədə hadisələri diqqətlə izləyən həmsədr dövlətlərinə və digər regional dövlətlərə birmənalı şəkildə göstərdi. Azərbaycanın hərbi arsenalında olan silahların mühüm əksəriyyəti məhz Rusiyadan alınmış silahlardır. Qeyd etmək yerinə düşərdi ki, təkcə 4 il ərzində 2010-2014-cü illərdə Azərbaycanın Rusiyadan aldığı silahların ümumi məbləği 4 milyard dollara yaxın olub. Bu çox ciddi rəqəmdir. Rusiya rəsmiləri özləri də etiraf edirlər ki, Rusiyanın dünya silah bazarında əsas tərəfdaşlarından biri Azərbaycandır. Azərbaycan kiçik bir dövlət olmasına baxmayaraq Rusiyanın dünya silah tərəfdaşları arasında birinci beşlikdə özünə yer alıb. Bu da Ermənistan rəsmilərini, döyüş əməliyyatlarında çoxlu sayda itkilər verən erməni ictimaiyyətini narahat etməyə bilməzdi. Ermənistanda da həm Rusiyaya, həm də Ermənistanda iqtidarda olan Sarkisyan hakimiyyətinə ünvanlanmış sualların haqlı tərəfi erməni xalqının maraqları baxımdan anlaşılandır. Rusiya gerçəkdən Ermənistanın strateji tərəfdaşı və yaxud müttəfiqidirsə, onda Azərbaycanla münasibətləri nədən irəli gəlir. Ancaq erməni xalqı unudur ki, siyasətdə "dostlar" anlamı yoxdur, siyasətdə "maraqlar" məsələsi var. Rusiya əslində hər iki tərəfi silahlandırır, Azərbaycana silahlar satır, Ermənistana isə ya köhnə silahları verir, ya da ki ixtisara gedə biləcək silahları ucuz qiymətə sırıyır. Unutmayaq ki, Rusiyanın Ermənistana təsir imkanları təkcə Qarabağ münaqişəsi ilə bağlı deyil. Ümumiyyətlə Ermənistan iqtisadiyyatı, xüsusən onun energetika sahəsi birmənalı şəkildə Rusiya iqtisadiyyatından asılıdır. Üstəgəl Ermənistan iqtidarı Rusiyanın dəstəyi nəticəsində hakimiyyətə gəlib. Unutmayaq ki, Sarkisyan Robert Köçəryanı əvəz etmişdi, Köçəryan isə 1998-ci ildə Petrosyan iqtidarı dönəmində baş vermiş çevrilişdən sonra hakimiyyətə gəlmişdi. Köçəryan özü də, Sarkisyanın hakimiyyətə gəlməsində önəmli rol oynamışdı. Köçəryan iqtidarı dönəmində Sarkisyan baş nazir idi. Burada zəncirvari amillər var. Bunu da Ermənistan ictimaiyyəti yaddan çıxarmamalıdır. Ermənistan hakimiyyətinin Sarkisyan hakimiyyətinə təsir imkanlarına gəldikdə isə, hələlik Ermənistan müxalifətinin xeyrinə işləyən sosial iqtisadi amillər və xalqın maddi rifahının ağırlaşması, ölkədə iş qabiliyyətli əhalinin Avropa ölkələrinə axını ilə bağlıdır. Məlum məsələdir ki, erməni diasporasının maliyyə dəstəyi olmasa, Ermənistan dövlət olaraq duruş gətirə bilməz. Ona görə də, zaman-zaman güclənən etiraz aksiyalarında Rusiyanın bölgədə siyasət həyata keçirərkən dovşana qaç, tazıya tut deməsi, ikili standartlarla münaqişəyə yanaşması Ermənistanda müəyyən qüvvələri narahat etməyə bilməz. Güman edirəm ki, Ermənistandakı aksiyalara Qərb tərəfdən ciddi dəstək olmayacaq. Ümumiyyətlə, hadisələrin gedişatı göstərir ki, cənubi Qafqazda olaylara Qərb Rusiyadan fərqli olaraq ciddi təsir imkanlarına malik deyil. 2008-ci ildə Saakaşvili iqtidarı ABŞ-ın dəstəyi ilə Rusiya ilə qarşıdurmaya getdi, sonunda nə ilə nəticələndi bunu dünya ictimaiyyəti bilir. Qərb deklarativ bəyanatlar verməklə yetinir, Cənubi Qafqazda Suriya və Ukraynadakı kimi Rusiya ilə Qarşıdurmaya hazır deyil. Xüsusilə ATƏT-in həmsədr dövlətlərinin-Fransanın, ABŞ-ın hərəkətləri göstərir ki, tərəflər Rusiya ilə Cənubi Qafqazda ciddi konfrantasiyaya getmək mövqelərində deyillər. Hətta Türkiyə kimi ciddi strateji müttəfiqini belə qərb Rusiya ilə qarşıdurma şəraitində ciddi şəkildə müdafiə eləmədi. Lüksemburqun xarici işlər nazirinin bəyanatı oldu ki, əgər Türkiyə güman edir ki, NATO Türkiyəyə görə Rusiya ilə qarşıdurmaya gedəcək, bu belə deyil. Lüksemburq xarici işlər naziri özbaşına söz deyə bilməzdi. Lüksemburq NATO-da təmsil olunan dövlətlərdən biridir. Bu müəyyən mənada NATO-nun Türkiyəyə olan ismarıcı idi ki, Rusiya ilə münasibətlərdə qırmızı həddi keçmək olmaz. Ermənistanda başlamış olan etiraz aksiyaları müxalifətin sadəcə Sarkisyan iqtidarına təsir imkanlarını artıracaq. Bu hər hansı dövlət çevrilişinə və ya hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Ermənistanda hakimiyyətdə əslində Rusiya iqtidarı, Rusiya maraqları və Rusiya dövlətidir. Məlum məsələdir ki, Ermənistan Rusiyanın forpostudur və burada Rusiyanın hakim elitası ilə razılaşdırılmadan bir addım belə atmaq mümkün deyil. Ermənistanda yaşanan aksiyalar Ermənistan-Rusiya münasibətlərinin xarakterinə təsir göstərməyəcək. Nə qədər ki, Sarkisyan hakimiyyətdədir, bu, Ermənistanın Rusiya ilə münasibətlərinə və ya Ermənistanda başlamış aksiyalar Rusiyanın Azərbaycanla münasibətlərinə heç bir vəchlə təsir göstərməyəcək".