"Ermənilər bir şeyi başa düşdü ki, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır" — Politoloq

"Ermənilər bir şeyi başa düşdü ki, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır" — Politoloq

“Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqında üzvlüyünün dayandırılması prosedurunun başlanması haqqında” qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Bununla da Ermənistan Putinin yaratdığı ittifaqdan çıxmaq istədiyini bəyan etmiş olub.

Bundan əlavə bir qrup radikal erməni millətçisi Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Son zamanlar ermənilərin ruslara qarşı qəzəbli olması diqqətdən yayınmır. Baş verənlərin Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcəyi maraq doğurur.

Ermənistanda baş verən prosesləri Türk-slavyan hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov Ölkə.Az-a şərh edib:

"Azərbaycanla Ermənistan arasında son qarşıdurma bir neçə mətləbləri üzə çıxardı. Aydın oldu ki, əslində, Azərbaycan tərəfi uzun illər idi təcavüzkar qüvvələr tərəfindən atəşə məruz qalırdı. Bu dəfə də elə oldu. Ermənistan hesab edirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyəm, Avrasiya İqtisadi İttifaqına qəbul olmuşam, hər iki təşkilatın şərtlərindən biri tərəflərin bir-birinin mənafeyini qorumasıdır. Hətta KTMT-nin üzü olan ölkələrdən birinə hərbi təcavüz olduqda digər dövlətlər onların müdafiəsinə qalxmalıdırlar. Ancaq erməni siyasi və hərbi elitası bir məsələni unudurdu ki, baş verən proseslər heç də Ermənistan ərazisində deyil, birbaşa Dağlıq Qarabağda, yəni, Azərbaycan ərazisində baş verir. Döyüşlər zamanı Azərbaycan ordusu müəyyən yüksəklikləri əldə etdi, Ermənistan ordusu geri çəkildi. Onların gözlədiyi KTMT-dən heç bir yardımın gəlməməsi, Qazaxıstan rəhbərliyinin həmin ərəfədə İrəvana getməməsindən sonra istər-istəməz bir məsələni başa düşdülər ki, istər Rusiya, istər bu coğrafiyada olan digər ölkələr Azərbaycanın ərazi bütövlüyünü BMT qətnamələrində göstərildiyi kimi tanıyır və müdafiə edirlər.

İndiyə qədər erməni siyasi və hərbi elitası başa düşmürdü ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisidir. Azərbaycan siyasi rəhbərliyinin tam ixtiyarındadır ki, öz ərazilərini düşmən ordusundan təmizləsin. Bu, Ermənistanın hərbi və siyasi elitasının "burnundan uzağı" görməməzliyindən irəli gəlir. Bunu qəbul edə bilmirlər. Onlar elə başa düşürdülər ki, beynəlxalq arenada Azərbaycan diplomatiyası apardığı mübarizə nəticəsində qəbul edilmiş qətnamələrə məhəl qoyulmayacaq, Rusiya bəyanatla çıxış edib Ermənistan tərəfdən çıxış edəcək. Ermənilər bir şeyi başa düşdü ki, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Ermənistanın siyasi elitası dilema qarşısında qalıb. Bunların indiyənə qədər özlərindən uydurduğu və əsası olmayan həm konseptual, həm də strateji geopolitik fundamentə söykənməyən illuziyaları puça uğrayıb. Ermənistanın siyasi və hərbi elitası öz uydurmalarını erməni cəmiyyətinə indiyənə qədər yeridib. Əslində erməni siyasətçilərin həm parlamentdə, həm də debatlarda gündəm gətirdiyi mövzu Ermənistan ictimaiyyətinin çaşqınlığında "time out" götürmək cəhdidir. Bunun da heç bir nəticəsi olmayacaq. Ermənistan nə Avrasiya İttifaqından, nə də Kollektiv Təhlükəsizlik Şurasından çıxmayacaq. Sadəcə olaraq siyasətçilər erməni cəmiyyətinin könlünü almaq istəyir. Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında baş verən aksiyanı rəsmi Moskva anlayışla qarşılayır".






Fikirlər