Makron və Paşinyan Azərbaycan ordusunu gücləndirir ...
Fransanın sürətlə silahlandırmaq istədiyi Ermənistan əslində necə məkrli oyunun qurbanına çevrildiyinin fərqində deyil. Fransa Ermənistan silahlı qüvvələrinin qalıqlarını yenidən orduya çevirmək, müdafiə və hücum potensialını artırmaq, habelə Ermənistan ordusunu çağdaş dünya standartları səviyyəsinə yaxınlaşdırmaq niyyətindədir. Fransanın müdafiə naziri Sebastyan Lekornyu dünən imzalanmış Ermənistan-Fransa hərbi əməkdaşlığına toxunub və onun əsas məqamlarını qeyd edib: 1. 2023-cü ilin yanvarında müdafiə missiyasının açılışı. 2. Üç "GM200" radarının alınması və hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı niyyət protokolonunu imzalanması 3. "Mistral" raket sistemlərinin alınması niyyət protokolunun imzalanması 4. Ermənistanın hava hücumundan müdafiə sisteminin qarşıdakı təftişi. 5. Zabit və kiçik zabitlər üçün təhsil müəssisələri ilə əməkdaşlıq. 6. Xüsusilə dağ döyüşü və dəqiq atıcılıq sahəsində əməliyyat hazırlığı bölmələrinin hazırlanması.
... Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişindən sonra əvvəlcə Hindistan, sonra da Fransa ilə hərbi-texniki əməkdaşlıqla bağlı sazişlərin imzalanması ilk baxışdan ermənilərin müdafiə potensialını gücləndirəcək amillər təsiri bağışlayır. Rəsmi İrəvan mövqeyini "ordunun imkanlarının genişləndirilməsi, müdafiə sisteminin təkmilləşdirilməsi" kimi izah edir və üstəlik, dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin ciddi həcmdə artırılmasını "məntiqi, labüd addım" kiim təqdim edir. Hindistanın hərbi-sənaye kompleksinə daxil olan şirkətlərlə təqribən 400 milyon dollarlıq anlaşma imzalamış Ermənistan silah-sursat, hərbi texnika və vasitələrin bir qismini artıb alıb. Alınmış vasitələri arasında haubitsalar, uzaqvuran toplar, reaktiv yaylım atəşi sistemləri, radiolokasiya və kontr-batareya radar qurğuları və s. var. Fransa ilə də analoji istiqamətdə tərəfdaşlığın daha da intensivləşdiriləcəyini vurğulayan Ermənistan rəhbərliyi ordusunu "ən son dünya standartlarına cavab verəcək səviyyədə" görmək istədiyini bəyan edir. İxtisasca tarix müəllimi olan müdafiə naziri Suren Papikyanr da az qala vəcdə gələrək "Ermənistan modern ordu quruculuğu ilə məşğul olur" tipli bəyanatlar verir. Reallıq İrəvanın bəyanatlarından, açıqlamalarından və çıxışlarından çox fərqlidir. Ermənistanı tam dəstəklədiyini, İrəvandakı hakimiyyətə və xüsusilə də baş nazir Nikol Paşinyana bütün müstəvilərdə ən yüksək səviyyədə hamilik etdiyni göstərməyə çalışan Fransa neokolonializm taktikasını bu dəfə Cənubi Qafqazda işə salaraq mənfəət əldə etməyə çalışır. Paris əslində gözlənilməz, qeyri-adi və ya ustacasına hazırlandığı iddia edilə biləcək ssenarini reallaşdırmır: hər şey çox köhnə, dəfələrlə sınaqdan keçirilmiş və Fransanın müstəmləkəçilik taktikasında fasiləsiz istifadə olunmuş variantların yeni formasıdır.
Əsrlər əvvəl Fransa tam nəzarət altına alaraq istismar etmək niyyətində olduğu, lakin istila etmək və aşkar şəkildə formal da olsa, müstəqilliyindən məhrum etmək istəmədiyi kiçik-orta dövlətləri kontroluna keçirmək üçün üç mərhələli planı reallaşdırıb. Planın mərhələləri belə idi: 1. Rəsmi Paris hədəfdəki ölkəni sözdə dəstəkləyir, onun qonşu ölkələrdən birinə və ya bir neçəsinə qarşı aqressiv ritorika ilə çıxış etməsinə rəvac verir, müttəfiqlərini də bu ölkəyə "dəstək olmağa" sövq edir 2. Hədəfdəki ölkənin hakimiyyəti ənənəvi siyasi-iqtisadi əlaqələri olan böyük dövlətdən kənar salınmaq, əlaqələrin zəifləməsi və yeni istiqamətə yönləndirilməsi üçün şirnikləndirici təkliflər alır 3. Hədəf seçilmiş ölkənin silahlandırılması prosesi başlanır: bu zaman Fransa öz ordusunu təmin etdiyi ən müasir silahları yox, anbarlardakı silah-sursatı "yeni dost və müttəfiq"ə yollayır, bu minvalla onun militar ritorikasını sərtləşdirir 4. Hədəfdəki ölkə olmayan "hərbi gücünə və güclü ordusu"na, habelə "əbədi dost və müttəfiq" Fransaya güvənərək yerləşdiyi bölgədəki vəziyyəti gərginləşdirir. Durum kəskinləşir, aqressivləşən ölkə ağır cavab alır. Fransa zəifləmiş və çökmüş ölkəni "xilas etmək" adı ilə siyasi, iqtisadi, geosiyasi, maliyyə, hərbi və s. müstəvilərdə ondan tam asılı vəziyyətə düşən ölkəni artıq rahatlıqla idarə edir. Paris əsrlərdən bəri bəhs etdiymiz planı dünyanın müxtəlif bölgələrində kiçik fərqlərlə reallaşdırıb və zəif, vədlərə inanan, əvvəlki "hami" ilə əlaqələri sərinləşdirərək Fransanın hakimiyyət dairələrinin dediklərinə inanan ölkələri fəlakətlərlə üzbəüz qoyub. Eyni ssenari Ermənistana da tətbiq olunur. Rusiya Federasiyasını "Cənubi Qafqaz bölgəsindən çıxarmaq" kimi illüzor niyyətini realaşdırmağa çalışan Fransa ilkin mərhələdə Ermənistanın Rusiyadan asılılığa son qoymaq və əslində, Rusiyanın yerini tutmaq fikrindədir. Təbii, Rusiya Federasiyası indi çətin dövrlərini yaşayır, Qərbin çoxsaylı sanksiyaları və embarqolar ilə üzləşib, olduqca sərt pressinqə məruz qalıb. Moskvanın bir sıra məkanlardakı geosiyasi, xüsusilə də geostrateji təsir imkanları zəifləyib. Lakin bütün bunlara rəğmən, Rusiyanın Cənubi Qafqazdan çıxacağı, bölgəni tərk edəcəyi ilə bağlı deyilənlər mənasız ehtimallar, əsassız illüziyalardır. Əfsuslar olsun ki, Ermənistanın hakimiyyət dairələri Fransanın vədlərinə aldanaraq "işıqlı gələcək" nağıllarının reallaşacağını düşünür və beləcə, özünü könüllü şəkildə Parisin toruna salır. Emmanuel Makronun məqsədi Ermənistanın inkişafı, tərəqqisi, rifahı və ya regional gücə çevrilməsi yox, Fransadakı erməni diasporunu tərəfinə çəkmək və eyni zamanda İrəvanı məsafədən idarə edilən marionetə çevirməkdir. Ermənilərə silah və hərbi texnika satışı da bəhs etdiyimiz planın tərkib hissəsi olmaqla yanaşı, İrəvanın Parisdən asılılığını artıran amildir.
Nikol Paşinyan silahlı qüvvələri gücləndirmək adı ilə Fransa və Hindistanla imzalanmış hərbi sazişlərlə əslində Ermənistanın onsuz da darmadağın olmuş hərbi-müdafiə potensialını daha da zəiflədir Xaricdən silah-sursat və hərbi texnika almaqla ordu güclənmir, güclənə də bilməz - Ermənistanın Müdafiə Nazirliyi bu sadə həqiqəti dərk etmir. İstənilən hərbi texnika sadəcə, vasitə və alətdir. Silahlı qüvvələrin potensialının, hərbi hazırlıq səviyyəsinin artırılması texnikanın alınması ilə yox, orduya məhz hansı texnikanın gərək olduğu, bu texnika ilə həll olunması nəzərdə tutulan məqsədlərin müəyyənləşdiriliməsi və s. ilə başlayır. Yeni alınacaq silahlardan, texnikadan və vasitələrdən kimlərin imstifadə edəcəyi, bu vasitələrin təmiri, ehtiyat hissələrlə və detallarla, habelə zəruri sursatla təminatı, satıcı ilə uzunmüddətli əməkdaşlıq müqavilələrinin imzalanması kimi proseslər də ilkin mərhələdə çözülməlidir. Daha sonra isə alınacaq texnikanın və silahların ordudakı mövcud sistemə uyğunlaşdırılması, ən sonda isə onların yerləşdirilməsi məsələləri həll olunmalıdır. Fransaya və ya Hindistana qarşı Azərbaycanın heç bir iddiası yoxdur. Onlar istehsal etdikləri silah-sursatı və texnikanı satır, öz merkantil geosiyasi məqsədlərini təmin etməyə çalışırlar. Amma ermənilər bu silahları və texnikanı aldıqdan sonra onlardan necə istifadə edəcəklər, texniki qulluğu və dəstəyi hansı formada həyata keçirəcəklər - bütün bunlarla bağlı ciddi suallar var. Ən azı ona görə ki, dünyanın istənilən ordusunda yeni silah və texnika təchizatı başlamazdan əvvəl satıcı ölkəyə hazırlıqla təlim üçün hərbçilərdən ibarət kontingent göndərilir, onlar alınacaq texnikaya qulluğu, istifadəni öyrənirlər və s. Fransa Ermənistanı aşkar avantüraya çəkir, çünki belə alışlar erməni ordusunu heç bir vəchlə keyfiyyətcə yeni səviyyəyə qaldırmayacaq. Tam əksinə, güclənən Azərbaycan ordusu olacaq ki, Hindistan və Fransa hərbi-sənaye kompleksinin istehsalı olan silahlarla hərbi texnikanın məhv edilməsi ilə bağlı təcrübə qazanacaq. Elçin Alıoğlu
TREND