Qərbdən etiraf: Qarabağ məsələsi əbədi həll edildi - Ukrayna müharibəsində qalib Azərbaycandır

Qərb KİV-lərində adətən ölkəmiz haqda qeyri-obyektiv yazıların getməsini daha çox müşahidə edirik. Lakin hətta tənqidi ruhlu yazı və hesabatlarda da Azərbaycanın geosiyasi əhəmiyyəti, balanslı siyasətin gətirdiyi üstünlüklər etiraf olunur. Qısa xülasəsini təqdim edəcəyimiz və təxminən eyni vaxtda, eyni tezisləri təkrarlayan məqalələr də bu qəbildəndir.

“Foreign Policy In Focus” mərkəzi “Qafqazda ABŞ-ın prioriteti ermənilər deyil, mineral yanacaqlardır” adlı təhlilində qeyd edir ki, Vaşinqton rəsmiləri Avropa və Asiyanı birləşdirən ticarət və enerji üçün əsas tranzit marşrutu olan Qafqazdan keçən yeni enerji dəhlizinin yaradılması istiqamətində səylərini ikiqat artırır.

Mərkəzin təhlilinə görə, onilliklər ərzində ABŞ rəsmiləri Qafqazda geosiyasi məqsədlər güdüb, bura Avropa və Asiyanı birləşdirən strateji əhəmiyyətli bir ərazi kimi baxaraq, regionu sıx əlaqədə olduğu İran və Rusiyadan uzaqlaşdıraraq, Avropa ilə inteqrasiya etməyə çalışıblar:

“ABŞ planlaşdırmasının mərkəzində Azərbaycan dayanır. Ölkənin geniş enerji ehtiyatlarını, xüsusilə də neft və təbii qazı nəzərə alaraq, Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi Qafqazın yaradılmasında əsas rol oynayacaq və kömək edəcək. Avropa Rusiya enerji asılılığından qurtulur”.

Qeyd edilir ki, ABŞ-ın mənafeləri baxımından daha bir böyük geosiyasi nailiyyət Cənub Qaz Dəhlizi olmuşdur. Üç ayrı boru kəmərini birləşdirən dəhliz Azərbaycandan Avropaya qədər uzanır. 2020-ci ildə təbii qazın Avropaya ilk tədarükündən bəri dəhliz Ukrayna müharibəsi zamanı Qərbi enerji ilə təmin etmək üçün kritik əhəmiyyətə malikdir.

Təhlildə deyilir ki, boru kəmərləri Azərbaycandan neft və təbii qazı Qərbə daşıdığından, ABŞ rəsmiləri Ermənistan ərazisindən keçən əlavə boru kəmərləri yaratmaqla “Şərq-Qərb” dəhlizini gücləndirməyə çalışıblar. Ermənistandan keçən boru kəməri dəhlizə nəinki başqa marşrut əlavə edərdi, o, Ermənistanı ölkədə hərbi mövcudluğunu saxlayan və enerjisinin böyük hissəsini təmin edən Rusiyadan uzaqlaşdırardı.

“Bloomberg” agentliyi də “Putinin Ukrayna ilə müharibəsində qalib... Azərbaycan oldu – İndi İlham Əliyev hamıya lazımdır” adlı məqaləsində də təxminən oxşar qənaətlər bölüşür: “Rusiyanın Ukraynaya müdaxiləsi Vladimir Putinin ümidlərini doğrultmadı, lakin onun qonşu Azərbaycandakı həmkarı... üçün təsəvvür edilməz xeyri oldu. Prezident İlham Əliyev heç zaman indiki kimi belə siyasi təhlükəsizlikdə olmayıb”.

Qeyd edilir ki, keçən il Azərbaycan sanksiyalara görə itirilən Rusiya tədarükünün buraxdığı boşluğu doldurmaq üçün yeni enerji mənbələri axtan Avropa İttifaqı ilə təbii qaz ixracını ikiqat artırmaq üçün müqavilə imzalayıb. Bunu mümkün etmək üçün yeni infrastruktur qurulmalıdır, lakin satışlar və qiymətlərdəki artımlar birlikdə keçmiş Sovet ölkəsinin neft və qaz sektorundan əldə edilən gəlirləri 2021-ci ildəki 19,5 milyard dollardan 2022-ci ildə 35 milyard dollara yüksəldib. Gəlirlərdə mineral yanacaqların büdcədə payı 92%-dən çox olub.

Qarabağda qələbəni xatırladan “Bloomberg” erməni əhalisinin kütləvi surətdə köçməsini Qarabağ məsələsini əbədi həlli adlandırır:

“Əliyev hamıya lazımdır. Aİ nəinki Azərbaycanın enerji daşıyıcılarına maraq göstərir, həm də etiraf edir ki, Azərbaycan Aİ üçün indi düşmənçilik edən və sanksiyalar altında olan Rusiya və İrandan yan keçərək, Mərkəzi Asiyanın resurslarına və enerji bazarlarına aparan yeganə əlverişli marşruta nəzarət edir. ABŞ həm də görür ki, Vaşinqtonun Moskva və Tehranla münasibətləri pisləşdikcə, Azərbaycanın geosiyasi dəyəri artır”.

“Bloomberg” Ermənistanın əzəli müttəfiqi Rusiyanın da Azərbaycanla əməkdaşlığa can atdığını, səbəbin sanksiyalar altında əzilməmək üçün bu müttəfiqliyə ehtiyac duyması ilə əlaqələndirir.

Agentlik bildirir ki, Ermənistana yaxın İran da Bakıya yaxınlaşmağa çalışır. Kreml Avropadankənar bazarlar axtardığı bir vaxtda, mayın əvvəlində Moskva ilə Şimal-Cənub adlandırılan nəqliyyat dəhlizinin çoxmilyardlıq dəmir yolu xəttinin tikintisinə dair razılığa gəldikdən sonra təkmilləşdirilmiş əməkdaşlıq İran üçün daha vacib olub. Çünki bu yol məhz Azərbaycandan keçir.

Xatırladılır ki, Azərbaycan CP29 qlobal sammitinin keçirilməsi hüququnu da qazanıb. “Əliyevin gücü Azərbaycanın Avropa enerji bazarları üçün dəyərindədir. Onun ölkəsi uzunmüddətli perspektivdə daha böyük qonşuları olan Rusiya və İranla tək qalmaqda maraqlı deyil, xüsusən də Putin Ukraynada vəziyyəti dəyişərsə. Və Əliyev yaxşı başa düşür ki, o, həyat səviyyəsini və uzunmüddətli inkişaf perspektivlərini yaxşılaşdırmaq üçün iqtisadiyyatı enerjidən həddən artıq asılılıqdan azad etməlidir”-deyə “Bloomberg” təsbit edir.

Cəmaləddin Quliyev, siyasi ekspert






Fikirlər