Avropa "Cənub Qaz Dəhlizi"nə dəstəyini artırmalıdır - Millət vəkili

Avropa "Cənub Qaz Dəhlizi"nə dəstəyini artırmalıdır - Millət vəkiliDünən Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib.

İclasda "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr verilib. Məşvərət Şurasının iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanın energetika nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "BP-Azərbaycan" şirkəti, Transanadolu Boru Kəməri (TANAP), Transadriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və geniş nitq söyləyib.


Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-a açıqlamasında Bakıda "Cənub Qaz Dəhlizi" layihəsi üzrə müvafiq ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilməsini ciddi hadisə sayır və bildirir ki, bu iclas layihənin icrasını sürətləndirəcək.

"Mən çox şadam ki, cənab prezident İlham Əliyev hələ Davosda olarkən "Cənub Qaz Dəhlizi" layihəsinin icrasının sürətləndirilməsi məsələsini qaldırdı. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə razılıq əldə olunandan sonra Türkiyə-Rusiya arasında "Türk axını" kəmərinin çəkilişi üzrə anlaşma əldə olundu. Bu, müəyyən qədər "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafına mane ola bilər. Prezident İlham Əliyev dünənki çıxışında bildirdi ki, bu məsələdə yubanmaq olmaz, gərək bunu vaxtında başa çatdıraq. 2018-ci ildə Azərbaycan qazı artıq Avropaya çatdırılmalıdır. Əvvəlcə Transanadolu Boru Kəməri (TANAP), 2020-ci ildə isə Transadriatik Boru Kəməri (TAP) çəkilib başa çatdırılmalıdır. Məni narahat edən Yunanıstanın mövqeyi oldu. Bir sıra şərtlər irəli sürürlər. Bu məsələ də həllini tapacaq. Çünki dövlət başçısı ixrac siyasətini gözəl başa düşür", - deyə V.Əhmədov qeyd edib.

Millət vəkili hesab edir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icrasının Azərbaycan üçün çox böyük əhəmiyyəti var: "Həm iqtisadi gəlirlirlərin artırılması, həm də siyasi müstəqilliyin möhkəmlənməsi üçün bu layihə vacibdir. 1994-cü il 20 sentyabrda Əsrin Müqaviləsi imzalanmışdı, 20 il sonra 20 sentyabrda "Cənub Qaz Dəhlizi" layihəsi müqaviləsi imzalandı. Bu, simvolik xarakter daşıyırdı. Bu layihə siyasi və iqtisadi cəhətdən “Əsrin müqaviləsi” qədər əhəmiyyət kəsb edir”.

V.Əhmədova görə, Azərbaycan bütün hallarda öz qazını ixrac edəcək: "Burada 15-20 milyard kubmetrlik qazın ixracından söhbət gedir. Gələcəkdə Türkmənistan və İran qazı üzrə razılaşma əldə olunarsa, Azərbaycan həm də tranzit ölkə kimi əhəmiyyətli dövlətə çevriləcək. Bu layihəyə Avropa Birliyi, Amerika dəstək verir. Avaropanın alternativ enerji mənbəyi yalnız Azərbaycandır. Əgər Avropa enerji asılılığını azaltmaq, iqtisadi müstəqilliyini gücləndirmək istəyirsə "Cənub Qaz Dəhlizi" layihəsinə dəstəyini daha da artırmalıdır".






Fikirlər