Azərbaycan əvvəl edir, sonra deyir: fərqimiz budur
Fransanın, Yunanıstanın, Kiprin, habelə Qərbdəki bir sıra beynəlxalq və transdövlət təşkilatlarının Azərbaycana qarşı nümayiş olunan sərt münasibətin nəticələrini ehtimal etməzdən əvvəl səbəbləri anlamağımız gərəkdir. Səbəb göründüyündən və təxminləndiyindən də sadədir: Qərb birqütblü dünya düzəninin dağılmağa başladığını görsə də, proseslərin qarşısını almağa çalışır. Var gücü ilə, bütün imkanları səfərbər edərək, ən kiçik vasitədən yararlanaraq. Çoxqütblü dünya ilk əvvəl siyasi fəlsəfədir və onun əsasını da kollektiv Qərbin universalizminə müqavimət durur. Qərbin inkişaf etmiş dövlətləri öz maraqlarını bütün bəşəriyyətin mənafeyi kimi qələmə verir. Necə ki, əsrlər əvvəl Avropanın müstəmləkəçi dövlətləri dünyanı "biz və onlar" prinsipi ilə görürdülər, Qərb sivilizasiyası o dönəmlərdən bəri bütün bəşəriyyəti, ilk əvvəl insanların şüurunu öz mülkiyyəti hesab edir. "Soyuq savaş"ın başa çatmasından və sabiq Sovetlər Birliyinin çökməsindən sonra birqütblü dünya belə formalaşdı, inkişaf etmiş ölkələr hegemon mövqelərə yiyələndilər, inkişaf etməkdə olan dövlətlərin istismarı və resurslarının qarət edilməsi yeni formalar aldı. Azərbaycana təzyiq edən, siyasətimizi, yaşamımızı, həyat prinsiplərimizi və mövqeyimizi dəyişdirməyə çalışanların tək bir dəyəri var - Qərb. Yalnız bir siyasi sistemləri var - libertarianlıq kimi qələmə verilən liberal-neoimperialist demokratiya. Yalnız bir iqtisadi modeli var - neoliberal, zəiflərin istismarına hesablanmış oliqopolik kapitalizm. Yalnız bir mədəniyyət formatı var - postmodernin illüzor variantı. Cinslərlə ailə barədə bir mövqeyi var - gender bərabərliyi, cinsi azadlıq, LGBT və transgenderlərin tam bərabərhüquqlu sayılmaları və s. Yalnız bir inkişaf vektoru var - kiberpank formasını almağa başlamış texnosivilizasiya, posthumanizm, bəşəriyyətin süni intellekt və kiborqlar qarşısında geri çəkilməsi. Avropa İttifaqının geosiyasi liderinə çevrilməyə can ataraq aşkar antiamerikanist mövqe tutduğunu gizlətməyən Fransanın prezidenti Emmanuel Makronun bəyanatlarına və çıxışlarına fikir versək, o, "dünya tarixinin triumfu"ndan, "yeni dövrün Qərbi"nin total qələbəsindən bəhs edir, liberalizmi bütün bəşəriyyətin yeganə və danılmaz ideologiyası kimi qələmə verir. Azərbaycanın xarici siyasəti isə suveren diplomatiya və çoxqütblü dünya düzəninə istiqamətlənmiş prinsiplər əsasında qurulub. Çünki çoxqütblülük alternativ siyasi fəlsəfə olaraq Qərbin bütün bəşəriyyət yox, sadəcə onun bir hissəsi olması aksiomuna əsaslanır. Kollektiv Qərb vahid və tək sivilizasiya yox, bəşər övladının sivilizasiyalarından yalnız biridir. Hazırda mövcud olan sivilizasiyaların tamamilə fərqli dini əsasları, ənənəvi dəyər sistemləri, müxtəlif yaşam və inkişaf vektorları, fərqli mədəni identiklikləri var. Qərb sivilizasiyasının bütün dünya üçün işlər universalizmi barədə iddiaları əsassızdır və onun amiranə hakimiyyət istəkləri isə bütünlüklə ikili standartlar siyasətinə, ikiüzlü yanaşma sisteminə, yalnız maraqların təminatı və mənafelərin reallaşması istəklərinə hesablanmış niyyətlərə əsaslanır. Çoxqütblü dünya düzəni Qərbə qarşı yoxz, onun universallıq və neokolonialist təfəkkürünə qarşıdır. Məqsədə çatmaq üçün kollektiv Qərb bütün vasitələrə əl atır, ideoloji hücumları həyata keçirir, hədəf seçdiyi ölkələrin cəmiyyətlərin informativ və media kontroluna almağa çalışır, ən aqressiv propaqandanı işə salır, həmin cəmiyyəti ənənəvi dəyərlərindən və inanclarından uzaqlaşdırmağa çalışır. Fəqət kollektiv Qərbin sarsılmaz hegemoniyası dövrü başa çatıb. İnkişaf etməkdə sayılan dövlətlər seçim azadlıqlarını, suverenliklərini, müstəqilliklərini qurban vermək istəməyərək çox güclü, qüdrətli rəqibə müqavimət göstərirlər. Qərbin hakimiyyətin absolyut olmadığı, onun yürütdüyü neokolonialist siyasətin və ölkələrin suverenliklərinin kağız üzərində saxlanaraq əslində idarə olunan ərazilərə çevrilməyə yönəlmiş strategiyasının qarşısının alınmasının vaxtı çatıb. Dünya artıq köhnə ikiqütblü modelə qayıtmayacaq, qlobal geosiyasətdə tamamilə yeni konstruksiyalar formalaşacaq və bu proses "yumşaq güc" anlamına əsaslanmayacaq. Ümumiyyətlə, son 20 ildə siyasi şərhçilər, ekspertlər və analitiklər arasında "yumşaq güc" ifadəsi çox populyar idi. Hazırda Azərbaycanın da xarici siyasətində "yumşaq güc" amilinin olması və bundan Cənubi Qafqazdakı vəziyyəti süni şəkildə gərginləşdirərək pik həddə çatdırmağa çalışan Fransaya qarşı istifadə olunmasını təklif edənlər var. Söz yox, müəllifi Cozef Nay olan "yumşaq güc" ifadəsi cazibədardır. Amma C.Nay yumşaq güclə bahəm, sərt gücdən, ağıllı gücdən və kiber gücdən də dəbs etmişdi. Üstəlik, müəllifi Kristofer Uoker olan "iti güc" və ya Uolter Rassel Midin siyasət elminə gətirdiyi "yapışqan güc" ifadələri də mövcuddur. Məhz hansı gücün harada və necə tətbiq olunması ilə bağlı bəhs etdiyimiz metodologiyaların müəllifləri arasında sürəkli mübahisələr də olub. Fəqət, sadalanan "güc"lər arasında məhz "yumşaq güc" ifadəsi postsovet məkanında və o cümlədən Azərbaycanda populyarlaşıb. Halbuki Fransa ölkəmizə qarşı sərt gücü tətbiq etməyə çalışır, müxtəlif konsepsiyalar, strategiyalar və doktrinaları sınaqdan çıxarır. Belədirsə, Bakıya təzyiq etməyə çalışaraq Azərbaycanı hansısa ölkənin və ya təşkilatların diqtəsi altındakı məkana çevirməyə can atanlara qarşı bütün modellərdən istifadə olunmalıdır. Xarici siyasətin suverenliyinin və autentikliyinin mühümlüyünü anlamaq üçün dərin təhlil aparmağa lüzum yoxdur. Unutmayaq ki, hələ də siyasi lüğətimizdə olan "bipolyar dünya", "Üçüncü dünya", "geosiyasi və geostrateji böhran" ifadələri məhz Avropanın siyasi analitikləri ilə siyasətçilərinin kəşfidir. Ona görə də təxəyyüldə başqa ölkələrə hansısa formada təsir edə biləcək illüzor "yumşaq güc"ün modeloii quraraq onun tətbiqi yollarını nəzərdən keçirmək mənasız ihdir, çünki "yumşaq güc" normativ ifadə olunmuş konsepsiya yox, məcaz və təhkiyə formasındakı ümumiləşdirmədir. Əvvəla, "yumşaq güc" taktikasını həyata keçirmək üçün genişmiqyaslı psixoloji əməliyyatlar, mədəni və ideoloji təsir aksiyaları, elm və təhsil proqramlarının reallaşdırılmasına, habelə dünyanın bir çox ölkələrində təsir dairələrinin yaradılmasına zərurət var. Bunu hazırda yalnız bir neçə ölkə edə bilər. Digər tərəfdən, "yumşaq güc" tək olmur - onu həmişə sərt güc müşakiət edir. Azərbaycan tam fərqli mövqe tutub. "Yumşaq güc" əvəzinə mədəni və siyasi idealların cazibə qüvvəsi artırılır, ölkənin yürütdüyü siyasət barədə fasiləsiz olaraq ən geniş auditoriyaya qlobal səviyyədə məlumat verilir. Bu prosesi ölkənin hərbi və iqtisadi gücünün formalaşdırdığı vəziyyət müşayiət edir ki, nəticədə rəsmi Bakı tamamilə yeni milli təhlükəsizlik strategiyasını gerçəkləşdirir. Həmin strategiyanın əsasını sadə anlam təşkil edir: Azərbaycan əvvəlcə edir, sonra deyir... Elçin Alıoğlu
TREND