Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Qanunvericiliyin tələbinə uyğun olaraq, noyabrın 3-ü parlament seçkiləri keçirilməlidir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, COP29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur. Sədr vurğulayıb ki, seçkilərdən əvvəl MSK hər zaman geniş maarifləndirmə tədbirləri həyata keçirir və artıq bunun vaxtı çatıb: "Bu günlərdə hətta biz iclasda maarifləndirmə proqramını tərtib etməyi də müzakirə etdik. Həmin proqram əsasında tədbirlərimizi həyata keçiririk. COP29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur. Dəyişəndə də qanunvericiliyin tələbinə uyğun olaraq, ancaq seçki irəli çəkilə bilər. Qanunvericiliyin tələbinə görə parlament seçkiləri noyabrın ilk bazar günündən arxaya çəkilə bilməz. Biz hətta noyabr ayının əvvəli üçün də təcili maarifləndirmə tədbirlərinə başlamalıyıq ki, onunla bağlı fəaliyyətimizi həyata keçirək. Bu günlərdə əməli addımların şahidi olacaqsınız". Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqov isə bildirib ki, parlament seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı son qərar yoxdur. Amma buna baxmayaraq, T.Budaqov bəyan edib ki, Yeni Azərbaycan Partiyası təkcə seçki ərəfəsində yox, seçkilər arası müddətdə də seçkiyə hazırlıq prosesini keçirir: "Yeni Azərbaycan Partiyası da bu gün parlament seçkiləri ilə bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir".
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, qanunvericiliyə istinad etsək, yaxud, ölkədə və regionda cərəyan edən sürətli ictimai siyasi prosesləri nəzərə alsaq, parlament seçkiləri bu il keçirilə bilər. Ekspertin fikrincə, keçiriləcək parlament seçkiləri artıq növbədənkənar olmayacaq:

"Heç kəsə sirr deyil ki, Milli Məclis yeni dövrün tələblərinə və müasir çağırışlara cavab vermir və hadisələrin arxasınca sürünür. Ölkənin ictimai siyasi həyatında, Azərbaycanın xarici siyasət konsepsiyasının həyata keçirilməsində demək olar ki, iştirak etmir. Qısa desək, parlament indiki tərkibdə səmərəsiz və keyfiyyətsiz fəaliyyət göstərir. Onu da nəzərə alaq ki, 10 mandat yeri boş qalıb. Bu isə 10 dairədə yaşayan 430 minə yaxın seçicinin hüquqlarının pozulması və dövlətin idarə edilməsində təmsilçilikdən kənarlaşdırılması deməkdir. Boş qalan yerlərə yalnız o halda yenidən seçki keçirilmir ki, ümumi parlament seçkilərinin vaxtına 120 gün müddət qalır. Seçkilərin isə nə vaxt keçiriləcəyi dəqiq məlum deyil. Digər tərəfdən referendum keçirilmədən, proporsional seçki sistemi tətbiq etmədən, yaxud Konstitusiyaya vacib bir sıra düzəlişləri həyata keçirmədən, seçim məcəlləsini təkmilləşdirmədən növbəti parlament seçkilərinin keçirilməsinin ölkə, cəmiyyət və siyasiləşmiş, təşkilatlanmış təsisatlar üçün heç bir önəmi olmayacaq".
Ə.Oruclu bəzi millət vəkillərinin, siyasilərin və təhlilçilərin söylədiklərinin əksinə olaraq parlament seçkilərinin avqust-sentyabr aylarında baş tutacağını düşünmür: "Əvvəla ona görə ki, 11-22 noyabrda Azərbaycanda COP29 beynəlxalq konfransı keçiriləcək. Bu böyük tədbirə ən mötəbər şəxslər də daxil olmaqla müxtəlif peşə və vəzifə sahiblərindən ibarət 100 mindən artıq qonaq gələcək. Bu cür beynəlxalq tədbirin yüksək səviyyədə və uğurla keçirilməsi hökuməti qayğılandıran əsas məsələdir. Həmçinin, praktika göstərib ki, həmişə Azərbaycanda genişmiqyaslı beynəlxalq tədbirlər keçiriləndə dünyanın gözü və qulağı Bakıda olur. Bu fürsətdən yararlanmaq istəyən bizə düşmən olan qüvvələr Azərbaycana və hakimiyyətə qarşı qara piar kampaniyası aparırlar. İndidən bu cür təxribat və qərəz dolu informasiya müharibəsinə start verilib. Digər yandan hamıya məlumdur ki, seçkilərin əsas yükü büdcə təşkilatlarının, xüsusən təhsil, səhiyyə, yerli icra hakimiyyəti orqanları işçilərinin üzərində olur. Bütün təhsil ocaqlarının tələbə və şagirdlərindən fəal şəkildə məqsədli olaraq istifadə edilir. Həmin dövrdə ölkədə ictimai siyasi aktivlik müşahidə edilmir. İnsanlar daha çox tətilə və istirahətə üstünlük verirlər. Ona görə də sadaladığım amillər parlament seçkilərinin avqust-sentyabr aylarında keçirilməsi ağlabatan deyil. Əgər seçkilərlə bağlı hansısa qərar verilərsə, noyabr-dekabr aylarında, yaxud 2025-ci ilin ilk birinci rübü ərzində verilə bilər. Onu da qeyd etmək lazımdır ki, ilin sonunda bələdiyyə seçkilərinin vaxtıdır və yerli özünüidarəetmə orqanlarına seçkilər mütləq baş tutmalıdır. İstənilən halda parlament seçkiləri haqqında qərar vermək Prezidentin müstəsna hüququdur".






Fikirlər