PAŞİNYAN ÜÇÜN GƏRGİN GECƏ - Keşiş Baqrat etiraz aksiyasını genişləndirir

Rusiyapərəst və revanşist siyasi qüvvələrin, eləcə də erməni kilsəsinin havadarlıq etdiyi keşiş Baqrat Qalstanyanın dünən İrəvanda təşkil etdiyi etiraz aksiyası öz kütləviliyi ilə əvvəlkilərdən fərqlənib.

“AzPolitika” erməni KİV-lərinə istinadla xəbər verir ki, ötən gün mərkəzi meydana on minlərlə etirazçı toplaşıb. Xüsusilə də Qarabağı tərk etmiş ermənilərin üstünlük təşkil etdiyi aksiya bu gün səhərə kimi davam edib. İrəvanın bir sıra küçə və prospektləri bağlanıb. B.Qalstanyan gecəni başının dəstəsi ilə Baqramyan prospektində keçirib. Ərazidə çadırlar quraşdırılıb və avtomobillər toplanıb.

Bildirilir ki, dünən Respublika meydanında baş tutan aksiyadan sonra Baqrat tərəfdarları ilə birlikdə Baqramyan prospektində yürüşə başlayıb. Burada çoxlu sayda polis yürüş iştirakçılarına Dəmirçyan küçəsinə çıxmağa icazə verməyib. Bir qrup etirazçı hökumət binalarına doğru hərəkət edib, lakin polis onları Dəmirçyan küçəsinə buraxmayıb.

 

 

Nəhayət, yürüş iştirakçıları Baqramyan prospektinə qayıdaraq, oturaq aksiya elan ediblər. Polis aksiyaya böyük ölçüdə müdaxilə etməyib və demək olar ki, güc tətbiq etməyib. Lakin etirazçıların hərəkətlərinin qanunsuz olduğunu bildirib və onların bir neçə istiqamət üzrə hərəkətini dayandırıb. Xüsusilə də parlament binasınba daxil olmaq istəyənlərin qarşısını alıb. Üç etirazçının saxlanıldığı qeyd olunur.

Qalstanyan elan edib ki, iyunun 11-də müxalif siyasi qüvvələrin təşəbbüsü ilə parlamentin iclası keçiriləcək və hökumətin istefası məsələsi qoyulacaq. Hansı ki, zatən həmin gün parlamentin növbəti iclası keçirilməlidir və burada növbədənkənar iclas məsələsi yoxdur.

Keşiş həmçinin, idda edib ki, Paşinyan İrəvana ordu hissələri yeritmək və onların vasitəsilə aksiyanı dağıtmaq istəyir: “Biz burada qalacağıq, çadırlar, maşınlar olacaq. Mən burada qalacağam, yəqin ki, siz də qalacaqsınız. Biz heç yerə getməyəcəyik, onlar minlərlə əsgər göndərmək istəyirlər”.

Tez-tez Qarabağı tərk etmiş ermənilərə müraciət edən, onları “qızışdıran” keşiş Qalstanyan onların Ermənistana qaçmasına görə separatçıları və onların başçılarını deyil, Paşinyan hakimiyyətini günahlandırıb. Bununla yanaşı, yeni qanlara susayan keşiş Azərbaycanla müharibənin hələ bitmədiyini deyib: “Müharibə bitməyib. Bu, cinayət xarakterli delimitasiya və demarkasiya şəklində davam edir”.

Paşinyan hakimiyyəti hələ ki, hər hansı rəsmi açıqlama ilə çıxış etməyib və aksiyanı dağıtmayıb. Bununla yanaşı, bu gün də davam edəcək aksiyanın kütləviliyinin azalacağı gözlənilir.






Fikirlər