Pənah Hüseyn İqbal Ağazadənin seçki sirrini açdı – ŞOK sözlər...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin imzatoplama kampaniyası başa çatmaq üzrədir. Namizədliyi təsdiqlənən şəxslərlə yanaşı, namizədliyini geri götürənlər də var. İkincilər arasında məşhur siyasətçilərin, partiya sədrlərinin olması diqqət çəkib. Digər tərəfdən, vaxtilə iddialı, israrlı, bir qədər də barışmaz siyasətçilər namizədliklərini irəli sürməkdən imtina ediblər. İrəli sürdükləri səbəblər isə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Hazırda ən populyar müxalif partiya liderlərindən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AĞ Partiya başqanı Tural Abbaslı seçki marafonunda iştirak edir. Onlar da geri çəkiləcəklərmi? Seçkiyə qatılmayan və sonradan namizədliyini geri götürən partiya sədrləri haqda nə düşünürlər? Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn hazırda namizədliyini geri götürməklə bağlı fikrinin olmadığını bildirib: “ADP sədri Sərdar Cəlaloğlu və Vahid Əhmədovun seçkidən geri çəkilməsinin subyektiv səbəbləri ola bilər. Etika xətrinə hər ikisinin nə üçün bu addımı atdıqları ilə bağlı açıqlamalarını qəbul etmək olar. Amma səsləndirilən fikirlər bir o qədər də inandırıcı görünmür. İsa Qəmbər və Arif Hacılının ümumiyyətlə namizədlik irəli sürməmələri ilə bağlı səbəbləri mənim üçün anlaşılandır. Lakin İqbal Ağazadənin bu seçkilərə getməməsi ən təəccüblü hadisələrdən biridir. “İdarə Heyəti bunu məqbul saymadı” kimi səsləndirilən fikirləri də səmimi qəbul etmirəm. Müxtəlif ehtimallar ola bilər, məsələn, təzyiqlərin olması, taktiki addım və s. Hər bir halda İqbal bəy kimi profesional siyasətlə məşğul olan və bütün fəaliyyəti seçkiyə hesablanmış siyasətçinin seçkilərdə iştirak etməməsi ciddi hadisədir”. AĞ Partiya başqanı Tural Abbaslı isə deyib ki, seçkilərə 40 namizədlə qatılıblar:
Tural Abbaslı “Böyük əksəriyyət artıq imzatoplama prosesini başa çatdırıb. 6-7 nəfərin namizədliyi isə təsdiq edilib. AĞ Partiyadan 1-2 nəfər namizədliyini geri götürüb. Lakin mənim hələ ki belə fikrim yoxdur. Lazımi sənədləri toplayıb, imzaları təqdim etmişik. Bir neçə gün ərzində namizədliyimin təsdiq olunacağı gözləniləndir. Namizədliyini irəli sürməyən yaxud da geri götürən partiya liderləri ilə bağlı fikir söyləmək düzgün olmaz. Çünki hər biri bu addımı hansı səbəbə atdıqları ilə bağlı fikir səsləndiriblər. Bu izahların məqbul olub-olmadığını seçicilər qiymətləndirməlidir. 3-5 gün ərzində hansı proses baş verir ki, namizədliyini irəli sürüb, imza toplamağa başlayan şəxslərin birinin yaşı, siyasi mühitin olub-olmaması, digərinin ortalıqda tək qaldığı yadına düşür”.