CİBİMİZDƏ GƏZƏN TƏHLÜKƏ... - Putin günün birində "iPhone"-ları partlada bilərmi?
Ötən gün Livanda və Beyrutun cənub ərazilərində kütləvi şəkildə peycer - rabitə vasitələrinin partlaması bütün dünyada böyük rezonans doğurub. Təhlükəsiz rabitə növü hesab olunduğundan “Hizbullah” təşkilatının üzvləri tərəfindən geniş şəkildə istifadə olunan peycerlərin partlaması nəticəsində 3 mindən artıq insan yaralanıb, 12 nəfər isə həlak olub. İlkin ehtimallardan biri hadisənin kiber hücum nəticəsində baş verdiyi və bunun arxasında İsrailin kəşfiyyat xidməti "Mossad"-ın olduğu yönündədir. "AzPolitika" xəbər verir ki, sözügedən hadisə ilə bağlı Böyük Britaniyanın "Daily Mail" nəşrində yayımlanan məqalədə bildirilir ki, məlum hadisənin ardından gələcəkdə eyni üsulla gündəlik istifadə etdiyimiz, bir an olsun belə yanımızdan ayırmadığımız cib telefonlarının partladılmayacağının zəmanətini heç kim verə bilməz. Rusiya Prezidenti Vladimir Putinin ölkəsində dövlət idarələrində çalışan şəxslərə "Apple" məhsullarından istifadə etməyi qadağan edən qərarını xatırladan nəşr, Putinin gələcəkdə "iPhone"-dan istifadə edənləri hədəf seçəcəyini, bu markalı telefonların günün birində partlaya biləcəyini iddia edib. "Daily Mail"-ə açıqlama verən adı açıqlanmayan təhlükəsizlik eksperti İsrailin minlərlə peycerə partlayıcı maddə yerləşdirdiyini bildirib. Digər bir iddiaya görə, kiberhücum nəticəsində peycerlərin litium batareyalar anidən alışıb və partlayış baş verib. "Bu, bir çox elektron cihazlarda istifadə edilən batareyalardandır. Belə bir risk hər zaman var. Məsələn, aviaşirkətlər sərnişinlərə noutbukları baqajda daşımağa bu səbəbdən icazə vermirlər. İsrailin əməliyyatı necə həyata keçirməsindən asılı olmayaraq, Hizbullah üzvlərinin mobil telefonlarını peycerlərlə əvəzləmələri ironikdir. Onlar cib telefonlarının kəşfiyyat boşluqları verəcəyi ilə bağlı narahatlıqlara görə peycerlərin daha təhlükəsiz olduğunu düşünürdülər. Cib telefonları istifadəçilərini dünyanın istənilən yerində izləməyə imkan verən GPS proqramı daşıyır. Altı həftə əvvəl HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehrandakı qonaq evində ölümü məhz GPS -lə izlənilməsi ilə bağlı idi. Bəs maraqlıdır, Putin bir gün ani qərarla "iPhone"-u partladarmı? Bunu heç kim bilmir, amma hamı bilir ki, Rusiya dostunu düşməndən ayırmaq üçün belə amansız qərarlar qəbul etmək potensialına malikdir", -deyə nəşr bildirib.