ABŞ-ın baş “hakeri” “Nitro Zevs” planını dirildir – GİZLİ SƏFƏR
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri, admiral Maykl Rocers ötən həftə İsrailə gizli səfər edib. Publika.az xəbər verir ki, bu haqda İsrailin “Haaretz” qəzetinə istinadən “NEWSru Israel” saytı bildirib. Nəşr Təl-Əvivdəki yüksək vəzifəli məmurlara istinad edib. “Haaretz” yazır ki, admiral Rocers “8200” məxfi kəşfiyyat bölməsinin rəsmi qonağı idi. Amerikalı admiral İsrail hərbi kəşfiyyatının nümayəndələri, o cümlədən “8200” məxfi bölmənin ("8200" İsrailin kəşfiyyat sistemində iri birləşmələrdən biridir. Bu bölmə kibermüdafiə, elektron informasiyaların monitorinqi və toplanması üzrə ixtisaslaşıb – red.) nümayəndələri ilə görüşüb. Görüşdə İran və “Hizbullah”ın hücum edəcəyi halda kibernetika müdafiəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. ABŞ və İsrail İran tərəfindən dəstəklənilən Livanın “Hizbullah” təşkilatını terrorçu təşkilat hesab edir. İrana gəlincə, bu ölkə Rusiya, Çin və Şimali Koreya ilə yanaşı beynəlxalq təhlükəsizlik üçün təhlükə hesab olunur. Yüksək səviyyəli səfər İranın ballistik raketlərin sınağını keçirdiyi ərəfəyə təsadüf edib. Bu yaxınlarda Livanın “Hizbullah” təşkilatının rəhbəri şeyx Həsən Nəsrullah İsraili növbəti dəfə təhdid edib. O, təşkilata yaxın Livanın “Al-Mayadin” telekanalına müsahibəsində İsrailin nüvə obyektlərinin vurula biləcəyini deyib. Nəsrullah bildirib ki, “Hizbullah”a qarşı müharibənin başlanacağı halda İsrailin Dimona və Hayfadakı nüvə tədqiqatları mərkəzlərinə zərbələr endiriləcək. Eyni zamanda o, hesab edir ki, yaxın gələcəkdə İsrail “Hizbullah”a qarşı genişmiqyaslı hərbi əməliyyata başlamayacaq. Onun sözlərinə görə, SAXAL (İsrail ordusu) ABŞ-dan siqnal almadan hücüm etmir və Livanla müharibə Vaşinqton və Təl-Əviv üçün “macəra” ilə bitəcək. “Hizbullah” lideri qeyd edib ki, təşkilatın arsenalında İsrailin istənilən nöqtəsini vura biləcək raketlər var. Şeyx vurğulayıb ki, İsraillə mümkün müharibədə heç bir “qırmızı xətt” olmayacaq və yəhudi dövlətinin dağıdılması üçün bütün mövcud vasitələrdən istifadə ediləcək. Məlumata görə, İrana qarşı qlobal kiberhücum genişmiqyaslı müharibənin mümkün alternativlərindən biri kimi daim masa üzərində olub. 2016-cı ilin fevralında “The New York Times” qəzeti bildirirdi ki, Amerika xüsusi xidmət orqanları tərəfindən Barak Obamanın prezidentliyinin birinci ilində “Nitro Zevs” (“Nitro Zeus”) kod adı altında kiberhücum planı hazırlanıb. 14 iyul 2015-ci il tarixində İran və “altılıq” arasında nüvə probleminin nizama salınması haqqında tarixi razılaşma imzalandıqdan sonra plan təxirə salınıb. “Nitro Zevs” planı İranın hava hücumundan müdafiəsi sistemi və dövlətin energetika sisteminin mühüm hissələrinin sıradan çıxarılmasını nəzərdə tuturdu. İran ABŞ və onun Yaxın Şərq regionundakı müttəfiqlərinə qarşı çıxsaydı, “Nitro Zevs” tammiqyaslı müharibəyə alternativ olmalı idi. Planın reallaşdırılması İran ordusunun Hava Hücumundan Müdafiə sistemini neytrallaşdırmağa, telekommunikasiya və ölkənin enerji sisteminin əsas elementlərini sıradan çıxarmağa imkan verməli idi. Bundan başqa, hakerlər “Fordo” uran zavodunun işini dayandırmalı idilər. Mənbələrin məlumatına görə, planın hazırlamasında Müdafiə Nazirliyi və kəşfiyyat idarələrinin minlərlə əməkdaşı iştirak edib. Planın hazırlanması üçün milyonlarla dollar xərclənib. Məlumata görə, İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi və mümkün hərbi əməliyyatlara ABŞ-ın da cəlb olunması ehtimalı Vaşinqtonu bu planı hazırlamağa vadar edib. Əlavə edək ki, Maykl Rovers NSA-nın rəhbərindən başqa, həm də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kibernetika Mərkəzinin komandanıdır. İranın ballistik raketləri sınaqdan keçirməsi və “Hizbullah”ın İsraili təhdid etməsi, ardınca isə ABŞ-ın “kiber müharibə” planları ilə bağlı birbaşa məsuliyyət daşıyan şəxsin İsrailə səfər etməsi “Nitro Zevs” planının “dirilmə” ehtimallarını ortaya çıxarır.