İran proksiləri QURBAN VERİR: Rəsmi Tehran özünü qorumaq üçün…
İsrail ordusu “Hizbullah”ın Livanın cənubunda yerləşən infrastrukturuna qarşı məhdud quru əməliyyatlarına başladığını elan edib. Məlumat SAXAL-ın “Telegram” kanalında dərc edilib. Dünyanın bir çox aparıcı informasiya agentlikləri isə İsrail ordusunun Livan ərazisinə daxil olduğunu yazıb. İsrail Hərbi Hava Qüvvələri qırıcılarının Beyrutun cənub ətrafına zərbələr endirdiyinə dair də sosial mediada videolar yayılıb. Qeyd olunub ki, Rafiq Həriri adına Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən qaçqın düşərgəsindən güclü partlayış səsləri eşidilib. Belə bir fonda İsrail hökuməti Vaşinqton vasitəsilə Tehrana xəbərdarlıq göndərib. İsrail mediasının yaydığı xəbərə görə, rəsmi Tel-Əviv Livanla sərhəddəki əməliyyat barədə İran tərəfini məlumatlandırıb. Bildirilib ki, yəhudi dövlətinə hər hansı bir hücum halında, İranın bütün qurğuları yerlə-yeksan olacaq və məhv ediləcək. İsrailin quru əməliyyatları Yaxın Şərqdə müharibənin daha geniş miqyas almasına səbəb olarmı? İsrailin xəbərdarlığı müqabilində İran öz proksi qüvvəsi “Hizbullah”a, ümumən Livana yardım göstərəcəkmi, onu qoruya biləcəkmi? Perspektivdə İranın da bu müharibəyə qoşulma ehtimalı varmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirb ki, Livan İsrailə qarşı HƏMAS-ın başlatdığı müharibənin iştirakçısıdır. Onun sözlərinə görə, Livan dedikdə daha çox “Hizbullah” nəzərdə tutulur: “Müharibənin miqyası o halda genişlənə bilər ki, bura ərəb ölkələri və İran qoşulsun. Amma bir çoxlarının arzu və istəyinə baxmayaraq, müharibə Livan, Fələstin və Yəmən ərazisindən kənara çıxmır. Bu isə İsrailin hədəflərinin konkret olduğunu deməyə əsas verir. İsrailin Livan ərazisində başlatdığı quru əməliyyatları daha çox “Hizbullah” silahlarının zərərsizləşdirilməsinə, onların yerüstü obyektlərinin sıradan çıxarılmasına hesablanır. Məsələn, İsrail ilkin addım olaraq “Hizbullah”ın Livandakı hərbi obyektlərini raket atəşinə tutub. Bundan sonrakı mərhələdə həmin ərazidə təmizləmə işləri aparacaq. Ona görə də irimiqiyaslı quru əməliyyatın keçirilməsi gözlənilmir. Kiçik xüsusi təyinatlı qruplarla sərhədyanı istiqamətdə “Hizbullah”nın yerləşdiyi ərazilərdə əməliyyatlar keçiriləcək. Livan hökuməti də İsrailin əməliyyat keçirdiyi zonadan sərhədyanı hərbiçilərini geri çəkib və bu istiqamətdə fəaliyyət davam edir”.
Siyasi şərhçi qeyd edib ki, İran indiyə qədər proksi qüvvələri qoruyub, onlardan İsrailə qarşı alət olaraq istifadə edib: “Tehran hakimiyyəti həmin qüvvələr vastəsilə həm də özünü hədəfdən yayındıra bilib, regionda aparıcı aktor olduğunu göstərməyə çalışıb. Bölgədə İranın müttəfiqi olan heç bir dövlət yoxdur. Bu ölkənin yalnız “Hizbullah”, HƏMAS, husilər və sair kimi proksi qüvvələrlə müttəfiqliyi var. Yaxud, bu qüvvələr İranın əlinin alətdir. Hazırda Tehran hakimiyyəti özünü qorumaq məqsədi ilə həmin o proksi qüvvələri xərcləyir. Məsələn, “Hizbullah”ın 20-dən çox hərbi komandirinin öldürülməsi, İsmail Həniyənin öldürülməsi, HƏMASI-ın strukturunun dağıdılması, “Hizbullah”ın strukturunun, raket hərbi texnika bazasının dağıdılması, husilərə məxsus neft anbarının dağıdılması kimi hadisələr İranın həmin o qüvvələri qurban verdiyinin göstəricisidir”.
S.Soltan deyib ki, perspektivdə İranın müharibəyə açıq şəkildə qoşulma ehtimalı azdır: “İranın hərbi əməliyyatlara qoşulması bu ölkə iqtisadiyyatının çökməsinə, müflis olmasına gətirib çıxara bilər. İran da İsrailin bir sıra iqtisadi və hərbi obyektlərinə zərbə endirə bilər. Amma onun qarşılığında İranını bütün hərbi, energetik obyektləri İsrailin hədəfi olacaq. Bunu İsrail əvvəlcədən elan edib, ABŞ vasitəsilə diqqətə çatdırıb. Məsələn, bir necə ay bundan öncə Tehran və Vaşinqton rəsmiləri arasında İran ərazisində görüş keçirilib. Həmin o görüşdə ABŞ Tehrana bu xəbərdarlığı çatdırıb. Əgər İran bu xəbərdarlığa əhəmiyyət vermədən İsrailə qarşı açıq savaşa girişsə, bu, Tehran hakimiyyətinin məhvi, sonu olacaq. Daha çox isə İran iqtisadiyyatı məhv olacaq. İqtisadiyyatı məhv olmuş ölkədə isə İran hakimiyyətinin iqtidarı uzun sürməz”.
Siyasi şərhçinin qənaətincə, əslində İranın generallarının, hərbiçilərinin İsrailin bombardmanı nəticəsində ölməsi sübut edir ki, Tehran bu savaşın içindədir: “İran bu müharibənin ən aparıcı iştirakçısıdır. Hesab edirəm ki, Yaxın Şərqdə hadisələrin normallaşması danışıqlardan başlayır. 1947-ci ildən indiyə qədər baş verən bütün qarşıdurmalar, silahlı münaqişə və sair təsdiqləyir ki, silahlı qarşıdurma vəziyyətin normallaşması ilə bağlı çıxış yolu deyil. Ona görə də tərəflərin bir-biri ilə dialoqu vacibdir. Ötən gün İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək bildirdi ki, İsrail onların dostudur. İsrail hökumət başçısı İran xalqını öz ölkəsi ilə əməkdaşlığa çağırdı. Bu, həm də İran hakimiyyətinə bir mesajdır ki, əgər münasibətləri normallaşdırmaq istəyiriksə, danışıqlara gedə bilərik. Bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkian da İran-İsrail danışıqlarının silahları yerə qoymaqdan başladığını bildirmişdi. O demişdi ki, İsrail silahları yerə qoysun, biz də silahları yenə qoyaq və danışıqlara başlayaq. Ona görə də düşünürəm ki, Yaxın Şərqin gələcəyi bu iki tərəfin biri-biri ilə xoş sülhməramlı söhbətindən başlayır”.