Rəsul Quliyev Rusiya ilə gərginlik barədə: “Xəzərdəki gəmilərindən nəsə atıla bilər”
“Rusiya Ukraynada göstərdi ki, hər şey o qədər də asan məsələ deyil. Xüsusilə, Qarabağ müharibəsində yetərincə peşəkarlaşan Azərbaycan ordusuna qarşı müharibə aparmaq. Rusiyadan gələ biləcək yeganə təhlükə Xəzərdəki gəmilərindən Azərbaycana nəsə atması ehtimalıdır. Buna görə də əvvəldən gərək tədbir görülməlidir”. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bunu TV Müsavat-a Milli Məclisin keçmiş sədri Rəsul Quliyev bildirib. O qeyd edib ki, Aktauda baş verən təyyarə qəzası ilə bağlı Rusiyanın mövqeyi həyasızlıqdan başqa bir şey deyil: “Naxçıvan yaxınlığında, sərhəddə Rusiya helikopteri vurulduda üzr istənildi, təzminat verildi və s. Amma indiki hala baxın. Belə bir həyasızın qabağından çəkilmək olmaz! Rusiya ilk günlər heç demirdi, 1 həftə sonra dedi ki, Qroznıda vurulub. Amma kim vurub məlum deyil. Ola bilər Ukraynanın dronu vurub. Amma indi “qara qutu” oxunub. Hər şey məlumdur. Görün bunlarda nə sifət var ki, deyirlər, bizim komissiyanın qərarı hələ hazır deyil və buna görə biz bir şey deyə bilmirik. Azərbaycanın apardığı siyasət elə bir vəziyyət yaradıb ki, ətrafda olan bütün müsəlman ölkələri arxamızda dayanıb. Mən əminəm ki, Prezident Əliyev Ərdoğanla bu barədə bəlkə bir neçə dəfə söhbət edib. Təbii ki, Rusiyadan gələn təhlükəni müzakirə ediblər. Rusiyadan Azərbaycana ən böyük təhlükə Xəzər dənizindən ola bilər. Çünki qurudan Rusiya üçün çox böyük problem olar. Ukrayna təcrübəsi göstərdi ki, hər şey o qədər də asan məsələ deyil. Xüsusilə, Qarabağ müharibəsində yetərincə peşəkarlaşan Azərbaycan ordusuna qarşı müharibə aparmaq. Rusiyadan gələ biləcək yeganə təhlükə Xəzərdəki gəmilərindən Azərbaycana nəsə atması ehtimalıdır. Buna görə də əvvəldən gərək tədbir görülməlidir". Rəsul Quliyev əlavə edib: “Yadınızdadırsa, Türkiyə "F-16"larını Gəncədə saxlayırdı. Yenə də elə bir təhlkükə hiss olunsa, həmin "F-16"lar Azərbaycana gətirilməlidir. Bu təyyarələr Rusiyanın Xəzərdə olan gəmilərinin hamısını cəmi 3 saata məhv edə bilər. Bu mövzuda İranla da danışmaq lazımdır. Çünki Xəzər dənizinin böyük hissəsi İrana, Qazaxıstana, Türkmənistana məxsusdur. Digər tərəfdən, Rusiyanın daxilindəki müsəlman əhalisi olan muxtar subyektlərlə hökmən iş aparılmalıdır. Putin başa düşməlidir ki, Azərbaycana qarşı istənilən aqressiv hərəkət bütün müsəlman dünyasını onun əleyhinə çevirəcək. Bu çox vacib məsələdir. Rusiyanın qabağından qətiyyən geri çəkilmək olmaz. Əks təqdirdə bütün keçmiş sovet respublikalarını “yeyəcək”. Məcbur etmək lazımdır ki, üzr istəsin. Hökmən! Tərbiyəniz, mərifətiniz olsun. 30-dan çox adamı öldürmüsünüz, utanıb qızarmırsınız?! Açığını desək, orda olan azərbaycanlı biznesmenlərin 90 faizi elə rusfasondur. Onlara heç azərbaycanlı demək mümkün deyil. Çoxsu rus tipli adamlardır”.