Qorbaçov Marqaret Tetçerlə görüşəndə hamı bilirdi ki, onların maraqları kəsişir.
"AzerTaym.az" axar.az-a istinadən xəbər verir ki, bunu "Moskva-Baku” portalına açıqlamasında SSRİ Nazirlər Sovetinin keçmiş sədri Nikolay Rıjkov (1985-1991) söyləyib. Onun sözlərinə görə, 1985-ci ildə SSRİ rəhbərliyinə Əliyev gətirilməli idi:
"Həmin görüşdən sonra o dedi ki, bu insanla işləmək olar. Mənə bəlli olan budur. Əgər 1985-ci ildə Əliyev ölkənin birinci şəxsi olsaydı, o, Qorbaçovun səhvlərini buraxmazdı”.
Portala açıqlama verən rusiyalı politoloq Georgi Fyodorov isə 1984-cü ildə Londonun hər iki fiqura əsas şəxs kimi baxmasını məntiqli dəyərləndirib:
"Əliyev və Qorbaçov ən perspektivli fiqurlar idilər. Britaniyalılar yaxşı analitik iş aparmışdılar. Belə ki, Əliyev daha müstəqil insan idi və britaniyalıların Qorbaçova münasibətdə istifadə etdiyi metodologiyanın təsirinə düşməyəcəkdi. Partiyaya kimin rəhbərlik edəcəyi qərarı Londonda yox, Moskvada verilirdi. İstənilən halda həmin dövrdə partiya da, Siyasi Büro da kollektiv orqan idi. Üstəlik, həmin dövrdə SSRİ avtoritar ölkə deyildi. Heç bir insan artıq partiyanın daxilində hökuməti qəsb edə, avtoritar qərarlar qəbul edə bilməzdi. Siyasi Büronun tərkibində bir neçə qruplaşma mübarizə aparırdı və buna müvafiq olaraq onların hər biri partiya və dövlətin rəhbərliyinə öz adamını qoymaq istəyirdi. Əliyev faktiki olaraq Dövlət Təhlükəsizlik Komitəsinin dəstəklədiyi şəxs idi və onun bütün həyatı da komitə ilə bağlı olmuşdu. O, SSRİ-yə sadiq adam idi. Lakin Siyasi Büro içərisində başqa insanlar da vardı ki, onlar KQB-dən qorxurdular və başqa cür həyat istəyirdilər. Siyasi nomenklatura qorxurdu ki, bu dəqiqə Komitədən Əliyev gələcək və hər şeyi nizama salmağa başlayacaq. Ona görə də Qorbaçov seçildi. Sonradan Əliyev göstərdi ki, nizamı ən çətin şəraitdə belə yoluna qoymaq iqtidarındadır. Xatırlayırsınızmı, bundan sonra Azərbaycanda nələr baş verdi? Əliyev ölkəni böhrandan çıxardı, öz rəqiblərini rahatlıqla məğlub etdi, milli və dini ekstremizmi məhv etdi”.
Qeyd edək ki, bir müddət öncə RTR telekanalı Sergey Brilyovun "Qorbaçov o vaxt və bu gün” filmini yayımlayıb. Film Britaniya hökumətinin üzərindən məxfilik qrifi götürülmüş yazışmaları əsasında hazırlanıb. Brilyov bu sənədlərə əsasən, Tetçerin 1984-cü ildə SSRİ-də əsas iki lider kimi Qorbaçov və Heydər Əliyevi gördüyünü və bunları Londona dəvət etmək istədiyini bildirib. Brilyovun bu filmi mətbuatda xeyli müzakirələrə yol açıb.
Fikirlər