Ayaz Mütəllibov: “Tofiq İsmayılova dedim “ bu fikri beynindən çıxart!””

 

 

 

bitmap-img6


“Qarakənd faciə həm mənəvi, həm də fiziki cəhətdən mənə böyük zərbə oldu”

 

1991-ci il noyabrın 20-də Ağdam yaxınlığındakı Qarakənd səmasında “Mi-8” hərbi vertolyotunun ermənilər tərəfindən vurulması ilə Azərbaycanın yüksək vəzifəli dövlət xadimləri həlak oldular. Bu gün həmin faciədən 24 il ötür. 
Həmin vaxt Azərbaycanın prezidenti olmuş Ayaz Mütəllibov faciə ilə  modern.az saytının suallarını cavablandırıb.
- Ayaz müəllim, 24 il bundan öncə törədilmiş Qarakənd hadisəsi niyə baş verdi?
- Əvvəla, Qarakənd faciəsində həlak olanlara Allahdan rəhmət diləyirəm. Bu, Azərbaycan tarixi üçün böyük faciə idi. Hər dəfə həmin kadrlara baxanda adam göz yaşlarına hakim ola bilmir. O zamankı təlatümlü vəziyyəti təsəvvür edəndə yaranmış qeyri-stabil şəraitdə çaş-baş olduğumuz da diqqətdən yayınmır.  Bu günə qədər də faciənin əsl səbəbləri açılmayıb. İstintaq da aparılmayıb. Bu faciənin baş verməsi həm mənəvi, həm də fiziki cəhətdən mənə böyük zərbə oldu. Həmin anda özümü hiss etmirdim. Düşünürdüm ki, dövlətə, xalqa qarşı belə cinayət törədənlər varsa, onlar görün nəyə qadir imişlər. Burda bir məqam da var. Bu faciəni törədənlər o zamankı hakimiyyəti devirmək üçün bunu etmişdilər.
O zaman  hakimiyyətə siz rəhbərlik edirdiniz. Maraqlıdır ki,  nümayəndə  heyətinin tərkibinə daxil olan  sayılıb-seçilən dövlət adamlarını mühafizə edən heç bir qüvvə yox idi. Bunu necə izah edə bilərsiniz?
- Sizinlə razıyam. Amma mən noyabrın 19-u Kiyevdə keçirilən iclasdan  qayıtdım. Axşam təxminən saat 11 olardı. Nədənsə mənim də əhvalım yaxşı deyildi. Çünki MDB-nin iclasında çıxış edərkən Qarabağ münaqişəsindən də söhbət getmişdi. Məni dövlət katibi Tofiq İsmayılov qarşıladı. Qısaca iclasla bağlı məruzə etdim. Hansı məsələləri müzakirə etdiyimizi danışdım. Sonra dedim ki, “sabah iclas çağıracam. Həmin məsələləri müzakirə edərik”. 
Mən əyləşmək üçün maşına tərəf getdim. Bu məqamda rəhmətlik Tofiq İsmayılov qoluma - biz adətən bir-birimizə adımızla müraciət edirdik – dei ki, “Ayaz, sabah Ağdama getmək istəyirəm”. Dedim ki, “xeyir ola?”.  Cavab verdi ki, “orada iclas keçirmək istəyirəm”. 
Biz onda Ağdamda bir qurum yaratmışdıq. Bu, Dağlıq Qarabağətrafı rayonların qurumu idi. Dedim “nə olar ki, gedə bilərsən”. 
Sonra o, sözünə davam edərək, “eyni zamanda, vertolyotdan Qarabağa baxmaq istəyirəm” dedi. Düzü, diksindim. Dedim “nəə, vertolyotla Qarabağa baxmaq? Bu fikri çıxart beynindən. Yoxsa, indicə Qarabağa getməyini qadağan edərəm”. 
Gülümsədi. Əlini çiynimə vuraraq, “hər şey qaydasındadır. Narahat olma!” dedi. Narahatlığıma səbəb o idi ki, 2-3 dəfə Qarabağda olmuşdum. Çünki bu, bir əməliyyat idi. Hər şey ola bilərdi.
Tofiq İsmayılovu anlayırdım. Vəzifəyə yeni gəlmişdi. Tez bir zamanda işin içinə girmək istəyirdi. Eyni zamanda, Dağlıq Qarabağın Ermənistanın nəzarətinə keçən hissəsinə biz elə-belə vertolyota minib gedə bilməzdik. 
Sonradan eşitdiyimə görə, Ağdamda iclas zamanı sözləşmə olub. Dağlıq Qarabağa getmək üçün Xankəndindən olan komendaturanın rəhbəri “istəyirsinizsə, lap elə indicə gedib Dağlıq Qarabağa baxaq” deyib.  Deyilənə görə, o, bizim tərəfə birtərəfli münasibət bəsləyib. Həmin şəxs rus olub. 
Vurulan “Mi-8”də rus generalları da olmalıymış, amma “qara qutu” əksini göstərib, onların cəsədi tapılmayıb. Bu da onu deməyə əsas verir ki, rus generalları faciə baş verən anda vertolyotda olmayıb. Doğrudurmu?
- Bu, istintaq işidir. Dəqiq nəsə deyə bilmərəm. “Qara qutu” elə yanmışdı ki.., ölənlərin də izi-tozu belə, qalmamışdı. Ya o vertolyotu bilərəkdən yandırıblar, ya da vertolyot partladılanda rus generallar orda olmayıb.
- Qarakənddə ermənilər bizim vertolyotu Moskvanın sifarişi ilə vura bilərdilərmi?
- Bu suala cavab vermək üçün ortaya bir çox suallar çıxır. Vertalyotun vurulmasında kimin marağı var idi? Həmişə cinayəti törədənlər maraq ardınca gedirlər. Həmin hadisə də müxtəlif siyasi proseslərin getdiyi bir vaxtda baş vermişdi. SSRİ dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Müttəfiq respublikalar suverenlik əldə etməyə çalışırdı. Moskvanın özündə bir qrup siyasətçi vardı ki, demokratiyanı alqışlayırdı. Bəzi siyasətçilər isə SSRİ-nin dağılmasını istəmir, yeni variantda inkişafına çalışırdı. Təbii ki, bu da siyasətçiləri bir-birilə toqquşdururdu.
- Bəs hadisənin əsl səbəbkarı o zamankı Moskva rəhbərliyi ola bilərdimi? O vaxt hakimiyyətdə Qorbaçov idi. Qarakənd faciəsində Qorbaçovun ideyaları öz əksini tapa bilərdimi?
- Qorbaçovun ideyalarının olması barədə nəsə deyə bilmərəm. Amma, Qorbaçovu hakimiyyətdən devirmək istəyən qüvvələr vardı. Onlar bu faciədən istifadə edib günahı Qorbaçovun üstünə atmaqla hakimiyyətdən getməsini də tezləşdirə bilərdilər. Çox keçmədən SSRİ dağıldı və Qorbaçov da hakimiyyətdən getdi.

 






Fikirlər